07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatı başa çatmaq üzrədir. Artıq çempionatda 3-cü yer uğrunda, eyni zamanda finalın ilk oyunu keçirilib.
Azərbaycan çempionatında iştirak edən şahmatçılarımız dairəvi sistem ilə keçən mərhələni artıq arxada qoyublar. Son tura qədər final mərhələsinə vəsiqə uğrunda gərgin mübarizə gedib. Belə ki, finala çıxan dördüncü yer əlavə göstərici – qələbə sayı əsasında müəyyən olunub. Final mərhələsinə yüksələn şahmatçıları Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli və Nicat Məmmədov olub. Ümumiyyətlə, reqlamentə əsasən 11 turdan sonra ilk 4 pillədə qərarlaşan zəka sahibləri bu mərhələyə yüksəliblər.

Yarımfinalda qrossmeyster Eltac Səfərli (2598) qrossmeyster Nicat Abasovla (2665), qrossmeyster Vasif Durarbəyli (2606) isə qros­smeyster Nicat Məmmədovla (2609) üz-üzə gəlib. Bu mərhələnin ilk günündə oyunda ağ fiqurlarla oynayan Eltac üstünlük əldə edə bilməyib. Buna səbəb kimi Nicat tərəfindən seçilən açılış variantını da qeyd etmək olar. Oyunların ikinci günündə isə Nicat Abasov ilə Eltac Səfərli qısa müddət ərzində heç-heçəni qeydə alıblar. Tay-brekdə 2:0 hesabı ilə qələbə qazanan Nicat finalda oynamaq hüququ qazanıb.
İkinci cütün oyununda, Nicat Məmmədov ilə Vasif Durarbəyli arasında, ağların kiçik üstünlüyünün olduğunu, lakin qarşı tərəfin vəziyyətində zəifliyin olmadığını görmək olardı. Nicat tərəfindən buraxılan səhv nəticəsində qara fiqurlar dəqiq gedişlər ilə üstünlüyü ələ keçirib və Vasif ilk oyunda çox önəmli qələbə əldə edib. İkinci oyunda isə Nicat Məmmədov qara fiqurlarla oynamağına baxmayaraq, üstünlük əldə edə bilməyib və imkanlarından düzgün istifadə edə bilməyərək məğlub olub.
3-cü yer uğrunda keçirilən ilk görüşdə Eltac Səfərli ilə Nicat Məmmədovun oyununda “sülh” qeydə alınıb. Finalın ilk ayağında Nicat Abasov ilə Vasif Durarbəyli üz-üzə gəliblər. Görüş heç-heçə başa çatıb.
Qeyd edək ki, ikinci görüşlər bu gün keçiriləcək və qalib müəyyənləşəcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR