Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə əlaqədar 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.
Bəyannamədə 1918-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd edilib.
Vurğulanır ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir və Vaşinqton şəhəri bu icma üçün ilk 10 şəhər arasında yer alır.
Eyni zamanda bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından iyirmi doqquz il keçdiyi bildirilir. Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində strateji tərəfdaş olduğu vurğulanaraq hər iki ölkənin qlobal enerji təhlükəsizliyinə və regional sabitliyə, sülhə və firavanlığa dəstəyi diqqətə çatdırılır. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası xüsusilə ölkənin paytaxtında müxtəliflik və fürsət yaratmaq üçün iqtisadi sahədə və insanlar arasında mübadilənin vacibliyini tanıyır.