23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda – bu ulu yurdda dünyaya göz açıb, böyüyüb boya-başa çatan, iki mərd, vətənsevər, igid oğulun yolu 44 günlük Vətən müharibəsində kəsişdi. Bu yolun yolçularının taleyi, sanki eyni yazılmışdı. Ömürlərinin bahar çağında payız fəslini də bahara çevirdilər, igidlikləri ilə Vətən torpağında əzizlərinin isti nəfəsini duymadığı üçün solan, illərdir, imdad diləyən xarı bülbülü öz qızıl qanları ilə suvardılar. Onların babaları da adaş idi, özləri də. İki igid oğul qədim Naxçıvanın igidlər yurdu Şərur rayonunun Qarahəsənli kəndində dünyaya ayrı-ayrı vaxtlarda göz açsalar da, eyni yolun yolçusu oldular. Vətən müharibəsində ölümsüzlüyə qovuşdular. Vətənsevər, qəlbi torpaq sevgisiylə dolu, qanına vətənpərvərlik hopan iki cəsur, nər oğul həyatlarını uf demədən qurban verdi Vətən torpağına. Onlar Qarahəsənli kəndinin Qarabağda öz canından keçən ilk igidi deyillər. Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimov da bu yurd yerində dünyaya göz açmışdı. Elə üçünün də məzarı yan-yanadır kənd məzarlığında. Bu iki igid Kərimin xain düşmənin gülləsinə tuş gəldiyi üçün tamamlaya bilmədiyi bir missiyanı yerinə yetirdi. Onlar Milli Qəhrəmanımıza qələbə müjdəsini çatdırdılar. Kənddə ilk ziyarət etdiyim ünvan Həsən Quliyevin ocağı oldu.

 Anası İradə xala oğlu üçün bəzədiyi, muzeyə çevirdiyi otaqda qarşılayır bizi. Bu otaqda nələr yoxdur? Həsənin hərbi formaları, xidmət etdiyi və təhsil aldığı illərdə təltifləri, fotoları, mütaliə etdiyi kitablar. Şəkillərdəki gülən gözlərə, gənc çöhrəyə baxanda insanı biranlıq kədər bürüsə də, az sonra bu kədəri qürur əvəz edir. İradə xala deyir ki, Həsən dünyaya gələndə ona babasının adını verdik. Babası hərbçi olub, İkinci Dünya müharibəsi veteranı idi. Adı ilə bərabər babasının sevdiyi sənətin də yaşadıcısı oldu. Hələ balaca ikən qohum uşaqlarından kimdə hərbi forma görsə, mütləq onun papağını başına qoyub, hərbçi olacam deyərdi. Üç oğlumun sonbeşiyi idi Həsən... O, istəyinə çatmaq üçün mübarizə aparmaqdan heç vaxt yorulmazdı. Heydər Əliyev adına Hərbi Liseyə də, Azərbaycan Ali Hərbi Məktəbinə də öz istəyi ilə getmişdi. Təhsilini bitirib leytenant rütbəsi alanda çox sevinmişdi. İlk xidmətə cəbhə bölgəsi olan Goranboy rayonunun Ballıqaya kəndində başlamışdı. Vətən müharibəsi başlayan gündən ürəyim yanırdı, özümə yer tapa bilmirdim. Gecə-gündüz fikrim oradakı övladlarımızın yanında idi. Üç gün idi ki, şiddətli döyüşlər gedirdi. Həsənin şəhid xəbəri gələn günü onun 24 yaşı tamam olacaqdı. Oktyabrın 1-də balamı o çox sevdiyi, uğrunda canından keçdiyi Vətən torpağına tapşırdıq. Hər gün gedirəm o müqəddəs məzarına... İgid oğlum, sənin qisasını hərbçi yoldaşların aldı. Arzusunda olduğun qələbə xəbərini sən gətirdin, özün də bilmədən qələbə müjdəçisi, sülh göyərçini oldun. Döyüşlərdə göstərdiyin igidliyə görə cənab Prezident səni “Vətən uğrunda”, “III dərəcəli Vətənə xidmətə görə” medalları ilə təltif etdi deyirəm.

Fazil Səfərov – dostu, tələbə yoldaşı: – Həsənlə həm kursant, həm də tələbə yoldaşı olmuşam. Təhsilimizi bitirdikdən sonra ayrı-ayrı yerlərdə xidmətə başlamışıq. Həsənin ürəyi ancaq Vətənlə döyünürdü. O, cəsur, igid bir zabit idi. Xidmətini cəbhə bölgəsində keçirir, hər an döyüşə girməyə can atırdı. Vətən müharibəsi başlayanda o, Murovdağ, mən isə Cəbrayıl-Füzuli istiqamətində idim. Mən hərbçi olmağı dayım – Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kərim Kərimovun qisasını almaq üçün seçmişdim. Onun yarımçıq qoyduğu işi tamamlamaq üçün... Müharibə başlanandan iki gün sonra Həsənin şəhid olduğu xəbərini alanda qəlbimdəki intiqam, qisas məşəli daha da alovlandı. Qubadlıya kimi şəhidlərimizin qisasını almaq üçün düşməni məhv etdim, döyüşlərdən birində ağır yaralandım.
Vətən uğrunda ya şəhid, ya da qazi olmaq damarında azərbaycanlı qanı axan hər bir hərbçinin arzusudur. Müharibə qələbə ilə bitəndə onları itirdiyimizə görə heyifsilənsək də, qürurumuz daha çox idi. Çünki Həsən kimi oğullar xalqımızı illərdir, həsrətini çəkdiyi yurd-yuvalarına qovuşdurdu. Həsənin ailəsi və yaxın dostu ilə həmsöhbət olduqdan sonra kəndin digər qəhrəmanı Həsən Cəlilovun ocağına üz tuturuq.
İki bacının bir qardaşı, Cəlilovlar soyunun tək davamçısı, üç ay idi ki, bir gözəlin adaxlısı idi. Nişanlısı ilə üzbəüz əyləşmək, onun gözlərindəki kədər qarışıq qüruru izləmək qədər çətin heç nə ola bilməzdi mənim üçün.
“Ailəmizin tək çırağı Həsən sönmədi, məşələ döndü”, – deyir atası Məhərrəm dayı. İgid bir övlad böyütdük, o bizim sönməyən ocağımızdı. Qapımızda dalğalanan bayrağı o gətirdi. Bu gün Füzulinin, Qubadlının, Şuşanın, Kəlbəcərin, Ağdamın – vüsalına qovuşduğumuz digər torpaqlarımızın azad səmalarında da dalğalanır o bayraq. Oğlumun döyüşlərdəki qəhrəmanlıqları haqqında məlumat alanda fəxr hissi keçirdim. Kaş ki daha çox döyüşüb, daha çox torpağın işğaldan azad edilməsində əməyi olardı deyirəm. Amma taleyi yazan Tanrıdı, uca Allah kimin qismətinə nə yazıbsa, onu da yaşayır. Həsən şəhidlik məqamına yüksəldikdən sonra bütün el evimizə axışdı, dərdimizə şərik oldu. Cənazəsini gətirən döyüş yoldaşları Həsənin igidliyindən söz açdıqca yanan ürəyimizə az da olsa, su səpildi. Oğlumun Prezident cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilməsi isə bizi daha da qürurlandırdı. Bu gün onları yaşadan Vətənə sonsuz sevgiləri, şücaətləri, həm də xalqımızın böyük ehtiramı, dövlətimizin biz şəhid ailələrinə qayğısıdır.
Kifayət xanım – anası: – Bir neçə ay idi ki, getmişdi orduya. Təzəcə nişanlanmışdı. Cəmi üç ay idi. Tək oğlum, gözümün işığı həmişə, hər işdə özünü irəli verərdi. Elə bu dəfə də elə oldu. Səhər tezdən qalxıb işə yola salmışdım, heç bir az keçməmiş evə qayıtdı ki, gedirəm Qarabağa. Tələm-tələsik yuyunub formasını dəyişdi, dedim ki, ay bala, heç olmazsa, bir az yemək ye, sonra get. O isə tələsirəm deyib məni qucaqladı. Demək bu son görüşməmiz imiş, son dəfə ətrini duyurmuşam balamın. O, torpağı hamıdan çox sevirmiş demə. Cənnət ətrini almağa gedirmiş. O, qapıdan çıxanda üzüağ, alnıaçıq qayıt dedim. Balam kimi onlarla oğul getdi ocaqlardan, kimi canını, kimisi isə gözünün nurunu, qolunu, ayağını qurban verdi Qarabağ uğrunda. Təki Vətən sağ olsun. Onlar illərdir, üstümüzdəki qara ləkəni öz qanları ilə sildilər. Bacımoğlu Vərməziyar kənd sakini Elməddin Meydanov da döyüşlərdə şəhid oldu.
İki igidin ailəsində olub, onların əzizləri ilə söhbətləşdikdən sonra kənd məzarlığına üz tutur, Vətən oğullarının məzarını ziyarət edirik. Düşünürəm ki, illər keçəcək, hamımız dünyadan köçəcəyik. Onlar isə əbədi yaşayacaqlar bu xalqın ürəyinin başında. Anaların göz yaşında, ataların həsrət dolu baxışlarında, bəzənməyən xonçalarda, yarımçıq qalan “Vağzalı” sədalarında, düşməndən azad etdikləri torpaqların hər qarışında. Tarixin zəfər dastanında.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR