29 Dekabr 2024, Bazar

Mayın 5-də Naxçıvan Dövlət Xalça Muzeyində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə  “5 May-Xalçaçı Günü” mövzusunda  açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə giriş sözü ilə çıxış edən Nazirliyin şöbə müdiri Gülbuta Babayeva bildirmişdir ki,Azərbaycan xalq tətbiqi sənətinin növlərindən biri olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Bildirilmişdir ki, “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalçaçılığın yaşadılması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin mühüm xidmətlərindən biridir.

1983-cü ildə ulu öndər Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu zaman Bakıda YUNESKO-nun Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının xətti ilə Azərbaycan xalçasının tanıdılması məqsədilə simpoziumun keçirilməsinə nail olmuşdur. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

2010-cu ildə xalça sənətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

Vurğulanmışdır ki, Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən olan Naxçıvanda xalçaçılıq sənəti qədim tarixə və ənənələrə malikdir. Xalçaçılıq Naxçıvanda Tunc dövründən başlayaraq inkişaf etmişdir. Son 30 ilə yaxın bir dövrdə Naxçıvan xalçalarını qorumaq, xalçaçılıq ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir. 1998-ci ildə Naxçıvan şəhərində Naxçıvan Dövlət Xalça Muzeyi yaradılmış, 2013-cü ildə muzey yenidən qurulmuşdur.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”təsdiq olunmuşdur.

Muxtar respublikada xalçatoxuma emalatxanaları, xalçaçılıq kursları fəaliyyət göstərir.

Açıq dərsdə Naxçıvan  Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə  Məmmədova“Azərbaycan xalça sənətinin tarixi”, Naxçıvan Dövlət Universiteti Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova “Milli ornamentlərimiz memarlıq abidələrimizdə” mövzularında, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosentMəmməd Əliyev çıxış etmişlər.

          Tələbələr xalça toxunması ilə əyani tanış olmuş, onlara muzeyin ekspozisiyası haqqında məlumat verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR