22 May 2024, Çərşənbə

Bəzən zaman elə sürətlə irəliləyir ki, vaxtın necə ötdüyünün fərqinə belə, varmırıq. Amma həyatımızda elə tarixlər, elə anlar var ki, onları qürurla xatırlayırıq. 2018-ci ilin may ayı... Tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan əsgərinin zəfər günü...
Həyatımda ikinci dəfə bir jurnalist olaraq hərbi geyimi qürurla geyinmək şərəfinə nail olduğum gün mənim üçün də unudulmaz gün idi. Bu dəfə bizi şərəfli və məsuliyyətli bir səfər gözləyirdi. Bu səfərin məqsədi “Günnüt zəfəri”ni qazanmış qəhrəman Azərbaycan əsgərləri ilə görüşmək, qələbənin qazanılmasında əldə edilmiş strateji yüksəkliklərdən çəkilişlər aparmaq idi. Bu yola çıxmaq isə hər bir Azərbaycan vətəndaşının arzusu, hər bir jurnalistin illərlə həyəcanla düşündüyü hisslər idi. Yola həmka­rım, Ruhiyyə Rəsulova ilə birlikdə çıxdım. Nə xoşbəxt bizə...

Bizi 26 il sonra Azərbaycan əsgərinin ilk dəfə ayaq basdığı bu torpaqlara aparan yol, sözsüz ki, həyəcanlandırmaya bilməzdi. Uzun, çətin dağlıq şəraitində hərbi avtomobillərdə irəlilədikcə igid oğullarımızın bu çətin reylefə malik ərazidə necə mərdliklə və əzmlə xidmət apardığını, bu yurd yerimizi öz nəzarətlərinə keçirməyin heç də asan başa gəlmədiyinin şahidi olurduq. Bəzən hərbi avtomobillərin belə, irəliləyə bilmədiyi bu yerlərdə ürəyi Vətən eşqi ilə yanan qəhrəmanlarımız xidmət edirdi. Burada hər zabitin, hər əsgərin gözlərində parlayan zəfər alovunu görməmək mümkün deyildi. Hər gün addım-addım, pillə-pillə irəliləyən qəhrəman igidlərimiz bir gecədə düşməni taktiki cəhətdən üstələyib mövqelərini daha da irəliyə çəkərək strateji cəhətdən yüksək mövqelərdə möhkəmlənmişdi. Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirilmiş, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülmüşdü. Ümumilikdə isə 11 min hektara yaxın ərazi nəzarət altına keçmişdi. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı ordumuzun əlində idi.
Bütün bunlar hər bir azərbaycanlı kimi, bu yüksəkliklərə qalxanda bizi də qürurlandırırdı. Axı bu Vətənin hər daşında, hər qayasında ulu babalarımızın ayaq izi, vaxtilə burada yaşamış günnütlülərin məzar­ları var. Bu gün biz haqlı olaraq fəxr edə bilərik ki, ordumuzun qorxmaz, igid, cəsur əsgərləri heç zaman düşmənin dövlət sərhədini pozub torpaqlarımızı nəzarətdə saxlamasına imkan vermir. Bax budur, Azərbaycan əsgərinin gücü!

Tale elə nəsib etdi ki, mən düz bir il sonra yenidən “Günnüt” döyüş bölgəsində xidmət aparan şəxsi heyətlə görüşə bildim. Amma bu dəfə başqa bir mənzərə bizi qarşıladı. İndi bir il ərzində çəkilmiş rahat yollar bizi əsgərlərin xidmət etdiyi Qızılqaya yüksəkliyinə gətirirdi.
Xatırladım ki, bu əməliyyat çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ordumuzun nəzarətinə keçən Günnüt kəndinə gələrək burada xidmətini yerinə yetirən əsgər və zabitlərlə görüşüb, bu istiqamətdə uğurla başa çatan əməliyyatlara görə onlara təşəkkür etməsi və bu əməliyyatda xidməti ilə seçilən əsgər və zabitləri qiymətli hədiyyələrlə mükafatlandırması şəxsi heyəti daha da ruhlandırmışdı.
Az bir müddətdə Ali Məclis Sədrinin bilavasitə tapşırığı ilə postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunmuşdu. Eyni zamanda əraziyə yeni yollar çəkilmiş, postlar arasında rahat əlaqə təmin edilmişdir. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilmişdir. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində şəxsi heyət üçün nümunəvi xidmət şəraiti yaradılmışdır.
Qısa zaman ərzində işğaldan azad edilmiş yeni mövqelərdə inşa olunan əsgəri-məişət kompleksləri, ön xətdə xidmətin rahat və etibarlı təşkili üçün yaradılan şərait bir daha ordumuzun qüdrətini nümayiş etdirirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatını peşəkar­lıq və məharətlə həyata keçirilən uğur adlandırıb: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.
Hələ bu ərazilər işğaldan azad olunan zaman hərbi mütəxəssislər bildirirdilər ki, Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi bu əməliyyat nəticəsində əldə edilən həmin yüksəkliklər, gələcəkdə, nəinki Naxçıvan istiqamətində, hətta Qarabağın işğaldan azad edilməsi istiqamətində də mümkün genişmiqyaslı hərbi əməliyyatların gedişatını təyin edə bilər. Və elə deyilən kimi də oldu.

Cənab Prezidentin Naxçıvana son səfəri zamanı da qeyd etdiyi kimi: “Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.
Bu gün artıq günnütlülər ata-baba yurdlarında rahat şəkildə ordumuza arxalanaraq öz təsərrüfatlarını genişləndirirlər. Bu yurdun əsl sahibləri indi burada həm heyvandarlıq, həm də arıçılıqla məşğul olurlar.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Bəli, illər öncə Günnüt zəfərində iştirak edən igid oğullarımız 44 günlük Vətən savaşımızda, Qarabağımızın azadlığa qovuşmasında da xüsusi şücaət göstərdilər.
İstər Günnüt, istərsə də Qarabağ zəfəri zamanı Vətənin qəhrəman və igid oğulları düşməni bir daha vəlvələyə saldı. Düşmənə işğal etdiyi ata-baba torpaqlarımızda müvəqqəti yaşadığı, tezliklə bu yurd yerlərini əsl sahiblərinə qaytarmalı olduğu bir daha əyani şəkildə göstərildi. Bəli, o gün gəlib çatdı. Günnüt zəfəri ilə qələbəni ruhunda hiss edən şanlı Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızda da üçrəngli bayrağımızı dalğalandırdı. Bu gün qalib Azərbaycan əsgəri Günnüt dağlarından Şuşaya, Cıdır düzünə Mübariz və Polad addımlarla irəlilədi. Qarabağda zəfər savaşında döyüşən, qələbə paradında iştirak edən igid Azərbaycan əsgərim, səninlə qürur duyuruq!

Ramal MƏMİŞOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR