22 Dekabr 2024, Bazar

Naxçıvanda təşkil olunan qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı gərgin mübarizələrlə davam edir. Artıq beşinci tur geridə qaldı. Maraqlı oyundan sonra şahmatçılarla həmsöhbət olduq.

Zeynəb Məmmədyarova – qadınlar arasında beynəlxalq qrossmeyster:


 

– Mən 10 yaşımdan şahmatla məşğul olmağa başlamışam. İlk dəfə Naxçıvanda 2003-cü ildə keçirilən dünya çempionatında oynamışam. Azərbaycanın ən gözəl guşələrindən birində, mənim ən çox sevdiyim şəhərdə təşkil edilən oyunda qardaşım, tanınmış şahmatçı Şəhriyar Məmmədyarov oğlanlar arasında I, mən isə qızlar arasında III yerə çıxmışdım. Naxçıvan o vaxtdan uğur gətirib mənə. O gündən bu günə bizim ailənin bu diyara çox böyük bağlılığı, sevgisi vardır. Eyni zamanda muxtar respublikada şahmata həddindən çox böyük sevgi vardır.

Burada uşaqlar da şahmatla sevərək məşğul olurlar. Bu, ilk növbədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana, xüsusilə də şahmata böyük qayğısının göstəricisidir. Mən deyərdim, Naxçıvan bu gün şahmatçıların Vətəninə çevrilməkdədir. Çünki burada şahmat yarışları çox möhtəşəm şəkildə keçirilir və dünyanın bütün ölkələrindən buraya axın olur. Mən bunu mütləq vurğulamalıyam ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan, Naxçıvanda keçirilən ənənəvi beynəlxalq şahmat festivalı xarici şahmatçılar tərəfindən də maraqla qarşılanır. Biz xaricdə təşkil edilən şahmat yarışlarında iştirak edəndə onlar həmişə soruşur ki, Naxçıvanda festival nə vaxt olacaq? Deyirlər ki, biz Naxçıvanda özümüzü daha çox hörmətli insan kimi hiss edirik. Doğrudan da, Naxçıvanda yarışlar çox yüksək səviyyədə keçirilir. Eşidəndə ki, Naxçıvanda qadınlar arasında ölkə çempionatı olacaq, buna həddindən çox sevindim. Pandemiyanın mənfi təsirindən sonra yenidən bu həyatı sevməyə, ümid eləməyə başladım. Buna biz şahmatçıların da çox ehtiyacı var idi. Digər tərəfdən bu çempionat Naxçıvanda keçirilirsə, şübhəsiz ki, təşkilatçılıq da yüksək səviyyədədir. Bizim üçün hər bir şərait yaradılıb, burada hamının böyük hörməti, sevgisi ilə qarşı-qarşıyayıq.
Yarışım barədə onu deyə bilərəm ki, beş turdan sonra hələ ki liderlər qrupundayam. Birinci, ikinci yerləri Gülnar Məmmədova ilə bölüşürük. Dörd oyun udmuşam, bir oyun heç-heçə olub. Qrossmeyster şahmatçımız, dünya kubokunda oynayan üç azərbaycanlı qadından biri olan Ülviyyə Fətəliyeva ilə oyunumuz heç-heçə ilə qurtarıb. Bu gün beynəlxalq qrossmeyster Xəyalə Abdulla ilə oynadım və qalib gəldim. Belə deyim ki, bu yarışda gənclər də fəal iştirak edirlər. İki şahmatçı Naxçıvandandır. Onlar da gözəl oyun üslubuna sahibdirlər. Sevindirici haldır ki, Naxçıvanda qızlar arasında şahmata meyil güclüdür. Bu, böyük uğurdur. Bəli, rəqiblərimin hamısı çox güclüdür. Xüsusilə gənclər həddindən çox şahmata meyilli olmaqla, hər gedişdə taktika işlədirlər. Ona görə mənim oyunum ən sonda qurtarır, rəqiblərimlə həddindən çox ehtiyatlı davranıram. Əgər bir balaca fikirləşsən ki, zəif rəqib var, bu sənin zəif şahmatçı olduğunu göstərir. Kiçik bir diqqətsizlik etsən, rəqibi qiymətləndirməsən, sonda uduzarsan. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Uğur qazanmaq üçün də məşğul olduğun sahəyə çox zaman ayırmalısan. İstedad dediyimiz də hər hansı bir sahəyə olan sevgi, məhəbbətdir. Bu varsa, uğur da qazanacaqsan. Buraya çempion olmaq üçün gəlmişəm. Bütün şahmatçılara qələbə yolunda uğurlar arzu edirəm.

Səbinə İbrahimova – qadınlar arasında beynəlxalq usta:

–Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən bütün yarışların həm təşkilatçılıq səviyyəsi, həm də oyunçuları güclü olur. Mən 2013-cü ildən burada keçirilən yarışlarda iştirak edirəm. Burada təşkil edilən beynəlxalq şahmat festivallarına güclü qros­smeysterlər gəlir. Naxçıvanda təşkil edilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı isə yüksək səviyyədə davam edir. Bundan əvvəl kişilər arasında Azərbaycan çempionatı keçirilirdi. Bu yarışlar Naxçıvandan olan şahmatçılar üçün də bir təkan, stimuldur. Belə yarışların təşkili iştirakçıların təkmilləşməsinə, inkişafına şərait yaradır. Mənim də yaxşı nəticələrim olub, Naxçıvanda bu sahə üzrə xeyli təcrübə qazanmışam. Deyərdim ki, Naxçıvan şəhəri gözəl, tarixi şəhərdir, həm də məsafə cəhətdən yaxın olduğu üçün çempionatın burada təşkili məni sevindirdi. Hazırkı yarışda ilk turdan etibarən gərgin mübarizə gedir. Hələ çempionatın başa çatmasına bir neçə tur var. Çalışacağam ki, digər oyunlarda müsbət nəticələr əldə edim.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR