22 Dekabr 2024, Bazar

Muxtar respublikada təhsil quruculuğuna göstərilən diqqət və qayğı nəticəsində ötən ay da bu sahə üçün uğurlu olmuşdur. Belə ki, aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəbin yeni binasının açılışı olmuş, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində yerləşən Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərində yaradılan innovativ dərnəklərin təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”na uyğun olaraq Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə yeni Ağır Atletika İdman Klubu yaradılmışdır. Ay ərzində muxtar respublikanın müəyyən edilmiş 38 təhsil müəssisəsində STEAM kabinələrinin yaradılması istiqamətində təşkilati işlərə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Aşıq Ələsgərin 200 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilmiş interaktiv dərs keçilmişdir. Aprel ayında ümumtəhsil məktəblərində nümunəvi və interaktiv dərslərin keçilməsi davam etdirilmiş, 259 saat nümunəvi, 12 saat açıq, 4 interaktiv dərs tədris olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq ötən ay, ümumilikdə, 5412 müəllimin sertifikasiyanın test mərhələsində iştirakı təmin edilmişdir. Riyaziyyat, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, fiziki tərbiyə, biologiya, texnologiya, fizika müəllimləri üçün sertifikasiyanın müsahibə mərhələsi başa çatmış, digər fənlər üzrə də keçiriləcək müsahibə mərhələsinin mayın 20-dək yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
II və VI siniflər üzrə dərsliklərin təkmilləşdirilməsi ilə bağlı yekun rəy hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndə­rilmiş, ümumilikdə, 8 dərslik üzrə 75 təklif qeydə alınmışdır.
Ay ərzində hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərinin artırılması diqqətdə saxlanılmış, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının üçüncü kurs tələbələrinin pedaqoji təcrübələrinin başlanğıc konfransı keçirilmiş, tələbələrin Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçmələri təmin olunmuşdur. Bunlarla yanaşı, ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqi və məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları” mövzusunda, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə STEAM Tədris Mərkəzində STEAM təlim metodunun əhəmiyyəti, öyrənilməsi və tətbiqi mövzusunda seminarlar keçirilmiş, tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki innovativ dərnəklərə ekskursiyaları davam etdirilmişdir.
Aprelin 29-da Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanında bu il məzun olacaq şagirdlərin iştirakı təmin olunmuşdur. 2021-2022-ci tədris ili üçün 1 aprel 2021-ci il tarixdən Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu başlamış, mayın 25-dək davam edəcək sənəd qəbulu liseylərdə yaradılmış komissiyalar tərəfindən həyata keçirilir. 10 iyun 2021-ci il tarixdə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, 11 iyun 2021-ci il tarixdə isə Naxçıvan Qızlar Liseyinə qəbul imtahanının keçirilməsi nəzərdə tutulmuşdur. Ötən ay Heydər Əliyev adına Hərbi Liseyə və ali hərbi məktəblərə sənəd qəbulu da diqqətdə saxlanılmış, təhsilini Hərbi Liseydə davam etdirmək istəyən 448 şagirdin sənədləri hərbi həkim komissiyasında iştirak etmələri üçün liseydə yaradılmış komissiyaya təqdim edilmişdir.
Hesabat ayında Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Mütaliə aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq tədbirlər planı təsdiq edilmiş, ay ərzində müxtəlif tədbirlər – kitab müzakirələri, dram, inşa, şeir, esse, “Sürətli oxu”, “Ən yaxşı təqdimat” müsabiqələri, konfrans, dəyirmi masa, poeziya günü, oxu günü, kitab bağışlama aksiyası, yazıçılarla görüş və digər tədbirlər, eləcə də interaktiv, nümunəvi və açıq dərslər təşkil edilmişdir. Ay ərzində keçirilən tədbirlərə, ümumilikdə, 11 mindən çox şagird cəlb olunmuş, “Kanal 35” Televiziyasında bu məqsədlə silsilə verilişlər, “Bir kitab, bir səhifə” layihəsi, “Mütaliə vaxtı” başlıqlı verilişlər yayımlanmışdır. Bununla yanaşı, “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans, “Mütaliə ən təsirli tərbiyə vasitəsi kimi” mövzusunda dəyirmi masa, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası” ikicildlik kitabının müzakirəsi təşkil olunmuşdur.
“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin və “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələləri və yekun tədbirləri, “And yerimiz, Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
İstedadlı uşaqların aşkar olunması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsi məqsədilə 26-27 aprel 2021-ci il tarixlərdə ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında 2020-2021-ci il Respublika fənn müsabiqələrinin I mərhələsi keçirilmiş, I mərhələdə iştirak edən 470 şagirddən 147-si müsabiqənin II mərhələsinə vəsiqə qazanmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR