21 May 2024, Çərşənbə axşamı

Azərbaycan hər zaman qəhrəman oğullar, igidlər və cəsurlar yurdu olub. Bu xalqın mərd oğul və qızlarının şücaəti, qorxmazlığı, sədaqəti bütün dövrlərdə nümunə olub. Bu gün 76-cı il dönümünü qeyd etdiyimiz Faşizm üzərində Qələbəyə də Azərbaycanlılar mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 700 minə  yaxın oğul və qızını yola salıb. Onların demək olar yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Müharibənin ilk günlərindən SSRİ-nin tərkibindəki bütün respublikalar kimi Azərbaycanda da ümumi səfərbərlik elan edilməsi ilə Azərbaycanın da qeyrətli övladları canla-başla, tərəddüd etmədən cəbhəyə yollandı. Müharibənin birinci üç günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşmüşdür. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradılmışdır. 1941-42-ci illərdə respublikada 1 milyon nəfər hərbi təlim proqramını öyrənmişdi. Şanlı qələbənin səbəbkarlarından olan Azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər.

Əslində bu bir reallıqdır ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissini yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bu mənəvi zənginlik Azərbaycanlıların canından, qanından gələn bir ərmağandır. Şübhəsiz ki, o vətənpərvərlik hissi Azərbaycanlıların döyüş rəşadətinin artmasında çox mühüm amil idi. Onların girdiyi bu döyüş qanlı-qadalı, geriyə dönüşü olmayan bir döyüş olsa da vətən sevgisi ilə çıxılan yolun sonu zəfərlə bitməli idi. Zaqafqaziya cəbhəsində döyüşənlər arasında 66,1 min nəfər azərbaycanlının olması və  Mozdok rayonunda döyüşən 223-cü, 402-ci və 416-cı milli Azərbaycan diviziyalarının 44-cü ordunun əsas zərbə qüvvəsi olması da təsadüfi deyildi. 416-cı milli Azərbaycan diviziyası Berlinə ilk hücum edən 6 diviziyadan biri idi. Bu diviziya Reyxstaqın 150 metrliyində yerləşən Brandenburq darvazasının üzərində müharibənin qələbə bayrağını ucaltmışdır.

“El bir olsa dağ oynadar yerindən” deyib atalarımız. Biz isə öz Tariximiz sübut edib ki, Azərbaycan xalqı lazım olan məqamda birlik göstərərək gücünü göstərən qəhrəman xalqdır. Biz bu xalqla nə qədər qürur duysaq, ünvanına nə qədər xoş sözlər desək də kifayətsizdir. Çünki müharibədə ön cəbhədə, qızğın döyüşlərin getdiyi yerlərdə nə qədər insan can qoyubsa arxa cəbhədə də arxa cəbhədə də böyük bir ordu fasiləsiz fəaliyyət göstərirdi.  Ağsaqqallardan, ana-nənələrdən, qız-gəlinlərdən ibarət olan bu ordu müharibədə qazanılan qələbədə danılmayacaq həm mənəvi, həm də fiziki güc idi. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, ət, süd, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi.

Həm tarix boyu yazdığı qəhrəmanlıq dastanları ilə həm də, təbii sərvətləri ilə hər zaman diqqət mərkəzində olan Azərbaycanın qara qızılının müharibədə qazanılan zəfərdəki payını da  vurğulamaq mütləq şərtdir.  Faşist Almaniyasının SSRİ-yə qarşı “ildırım sürətli müharibə” planında xüsusi yer tutan Azərbaycan nefti sözün əsl mənasında müharibənin taleyində birbaşa və əvəzsiz rol oynayıb. Azərbaycan faşist Almaniyasının müharibə planında mühüm strateji, geosiyasi əhəmiyyətli ölkə kimi qeyd olunmuşdu. Hitlerin Şərq siyasətinin əsasında Azərbaycan nefti ilə Ukraynanın taxılını ələ keçirmək dayanmışdı.

Azərbaycanın elminin müharibədə qalib cəbhəyə qazandırdığı üstünlüklərdən biri də kimyaçı alimlərimizin istehsal etdiyi xüsusi təyinatlı yanacaq və şaxtayadavamlı sürtkü yağları, eləcə də partlayıcı maddələr oldu.  Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupu yüksək oktanlı təyyarə benzininin alınması üsulunu kəşf etdilər. 1941-ci ildə Azərbaycanın neft tarixində rekord miqdarda – 23,5 milyon ton neft istehsal olundu. Bu SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyirdi.

1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdü. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib. Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaqla təchizatı Azərbaycan benzinin öhdəsinə düşmüdü. Beləcə çox keçmədən Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrilmişdi.  Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı.

Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Ona görə də Almaniyanın təslim olması günü – 9 may bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

O dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, yaşadığı yerindən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi. Təqribən 50 milyon adamın həlak olduğu, milyonlarla insanın yaralandığı, şikəst olduğu, itkin düşdüyü, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qaldığı, minlərlə şəhər, kənd və qəsəbənin xarabazarlığa çevrildiyi İkinci Dünya müharibəsinin yaraları çətinliklə sağalsa da tarix bu ölüm-dirim müharibəsi unutmayacaq. 

Müharibə dövründə Azərbaycan övladlarının tarixi şücaətlərini, habelə arxa cəbhədəki fədakarlıqlarını heç vaxt unutmaq olmaz. Bu sırada naxçıvanlıların da böyük əməyi qeyd edilməlidir. Muxtar respublikanın sakinləri 1941-1945-ci illərdə müdafiə fonduna 180 milyon 89 min manat nağd pul, 12 kiloqram qızıl, gümüş, 160 min dəstdən artıq isti paltar, 10 mindən artıq bağlama göndərmişlər. Əsasən, azərbaycanlılardan ibarət 416-cı və 77-ci diviziyalardan 16 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Ümumiyyətlə, 1941-1945-ci illər müharibəsində ön cəbhədə və arxada Azərbaycanın 150 mindən çox övladı orden və medallarla təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılmışlar.  402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınmışdır. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən həmyerlilərimiz göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazmışlar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunmuşlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdı. Məhz Ulu Öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılmış və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü rəsmi şəkildəv dövlət bayramı kimi qeyd olunmağa başlanmışdır. Ulu Öndərimizin bu siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirdi. Dövlətimizin başçısının “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğısının növbəti təzahürü oldu.

İkinci dünya müharibəsinin ağır, çətin sınaqlarından keçmiş  veteranlara Naxçıvan Muxtar Respublikasında da diqqət və qayğı yüksək səviyyədə olub. Onların sosial müdafiəsi gücləndirilib, veteranlar sanatoriya və kurortlara göndərilib, minik avtomobilləri ilə təmin olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.

Həqiqətən də Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarix idi. Bu cür qələbə tarixi ilə böyüyən bir nəsil də öz torpaqlarını azad etməyə qadir idi. Daha bir tarixi zəfəri də Azərbaycanın şanlı hərb tarixinə elə faşizm üzərində qələbə qazanan babaların nəvələri yazdı. Qəhrəmanlıq salnaməsini yeniləyən gənc nəsil Azərbaycan xalqının mübarizə ruhunu, mərdliyini, igidliyini, ən əsası bütov bir yumruq kimi birliyini bütün dünyaya bəyan etdi.  Yaşasın yenilməz Azərbaycan! 

Şükufə HƏSƏNOVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR