22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”, eləcə də 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamları və onların icrası gənclərin sağlam mühitdə böyüməsinə, layiqli vətəndaş kimi formalaşmasına xidmət edir.

Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Orta İxtisas Polis Məktəbində gələcək hüquqşünas tələbələrlə keçirilən görüşdən əvvəl çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası digər hüquq-mühafizə orqanları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin də hamiliyinə verilib. Həmin sərəncamlardan irəli gələn vəzifələrin icrasına nazirliyin təcrübəli əməkdaşları cəlb edilməklə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri ilə artıq bir neçə görüş keçirilib. Görüş zamanı nazirliyin ümumi fəaliyyəti, təyinatı, strukturu və maddi-texniki bazası barədə tələbələrə məlumatlar verilib, ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, yol hərəkətinin təşkili, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində daxili işlər orqanlarının fəaliyyəti izah edilib.
Rəşad Seyidov deyib ki, ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait gənclərin müəyyən ideyaları dəstəkləməsinə və startap layihələrin uğurla həyata keçirilməsinə imkan verir. Bu müstəvidə inzibati və cinayət qanunvericiliyində aşkar oluna biləcək boşluqların aradan qaldırılması istiqamətində yaradıcı düşüncəni əks etdirən təklif-layihələr hazırlayıb nazirliyin ekspert qrupuna təqdim etməyiniz məqsədəmüvafiq olar.
Sonra tələbələr yol verilən istintaq hərəkətlərinin keçirilməsi ilə əlaqədar praktik məşğələlərə cəlb ediliblər.
İstintaq və Təhqiqat Şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Zaman Novruzi cinayət hadisələri ilə əlaqədar hadisə yerinə baxışın keçirilməsi, maddi sübutların götürülməsi, saxlanılması və digər istintaq hərəkətləri, eləcə də sənədləşmələr barədə slayd formasında nümunələr təqdim etməklə məlumat verib.
Sonra Kriminalistik tədqiqatlar bölməsinin rəisi, polis mayoru Mirhəsən Seyidli ekspert-kriminalistin hadisə yerində iştirakının məqsədi, izlərin müasir texniki üsullarla aşkar edilib götürülməsi, foto və video çəkilişlərin aparılması, eləcə də əl-barmaq izlərinin real şəkildə götürülməsi və kriminalistik texnikanın mahiyyəti barədə tələbələri məlumatlandırıb.
Sonra nazirliyin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyev tələbələri Daxili İşlər Nazirliyinin arxivində saxlanılan müxtəlif xarakterli cinayət işlərinin materialları ilə tanış edib.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR