25 Aprel 2024, Cümə axşamı

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və birliyin sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.

Konfransın gündəliyi qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın hesabatı dinlənilmişdir. Qeyd olunmuşdur ki, ötən 5 ildə  Rəssamlar Birliyi fəaliyyətini Ali Məclis Sədrinin tapşırıqlarının icrası istiqamətində qurmuş, Bəhruz Kəngərli adına Sərgi Salonunda 234 sərgi - tədbir keçirilmişdir. Bu dövrdə keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” üçüncü və dördüncü beynəlxalq rəsm festivallarında 21 ölkədən 100-dən artıq rəssam iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun hamiliyə götürülmüş müvafiq ixtisaslarında gənc rəssamlar ilə mütəmadi olaraq işlər aparılmışdır. Bununla yanaşı, muxtar respublikada fəaliyyət göstərən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və İncəsənət məktəblərində ardıcıl olaraq Birlik üzvləri tərəfindən ustad dərsləri keçirilmişdir. 2020-ci ildə birliyin üzvü, sənətşünas alim Nizami Alıyevin “Gəmiqaya qayaüstü rəsmləri” kitabı Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüşdür. Son 5 il ərzində birlik üzvlərindən 6-sı Azərbaycan Rəssəmlar İttifaqına, 9 rəssam isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzvülüyə qəbul olunmuşdur. Həmçinin muxtar respublika rəssamları bir çox xarici ölkələrdə keçirilən sərgilərdə, festivallarda və müsaibqələrdə də iştirak etmiş, birliyin nəzdində Gənc rəssamlar Bölməsi yaradılmışdır. Ülviyyə Həmzəyeva fəaliyyətləri üçün yaradılan şəraitə görə muxtar respulika rəssamları adından Ali Məclis Sədrinə minnətdarlıq etmişdir.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilmişdir.

İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssam”ı Səyyad Bayramov və Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssam”ı Əli Səfərov çıxış edərək Həmzəyeva Ülviyyə Tapdıq qızının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşlər.

          Təklif səsə qoyularaq qəbul olunmuş və Azərbaycan Respubikasının “Əməkdar rəssam”ı Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçilmişdir.

          Ülviyyə Həmzəyeva minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirmişdir.

          Daha sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilmiş, konfransın qərarı qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək demişdir ki, muxtar respublikada rəssamlıq sənətinin inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin qayğı və himayəsi sayəsində yaradıcılıq təşkilatlarının fəaliyyəti üçün zəruri tədbirlər görülmüş, onların maddi-texniki bazaları gücləndirilmişdir. 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının  yaradılması, 2000-ci ildə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin formalaşması ilə zəngin keçmişə malik Naxçıvan rəssamlıq məktəbinin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

Ümummilli liderin siyasi xəttinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi nəticəsində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına sərgi salonu yeni bina ilə təmin olunmuş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi, Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılmışdır. Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110 illik yubileyləri muxtar respublikada geniş qeyd edilmişdir. Bundan əlavə, Ali Məclisin Sədri Rəssamlar Birliyinin 40 və 50 illik yubileylərinin keçirilməsi haqqında Sərəncamlar imzalamışdır. Həmçinin muxtar respublikada “Naxçıvan-bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivalları keçirilmiş, ali təhsil müəssisələrində təsviri incəsənət müəllimliyi və rəngkarlıq ixtisasları açılmışdır.

Ülvi Hüseynli bildirmişdir ki, Rəssamlar Birliyi bundan sonra da fəaliyyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyyələrinin icrası istiqamətində qurmalıdır.

 

“Şərq qapısı”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR