Ölkəmizin aparıcı ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universiteti əməkdaşlıq etdiyi beynəlxalq layihələrdə də layiqincə təmsil edilməkdədir. Cari ilin fevral ayından Avropa Birliyinin həyata keçirdiyi “ERASMUS” proqramı çərçivəsində Hollandiyanın Vittenborq Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə başlanılmış “IQAinAR” layihəsi də universitetlərdə mütərrəqi təhsil metodlarının tətbiqi və təhsildə keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsində qabaqcıl təcrübənin əldə olunmasına yönəlib.
Layihənin ölkəmizdən digər iştirakçısı olan Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə yanaşı, Rusiya Federasiyasından 4 universitetin iştirakçılarının onlayn formada qatıldığı başlanğıc konfransında qarşıya qoyulmuş məqsədlər müəyyənləşdirilmişdir. Layihə çərçivəsində 3 il ərzində əməkdaş universitetlərdə daxili keyfiyyət nəzarəti üzrə treninqlərin keçirilməsi, burada qazanılmış təcrübənin əməkdaş ölkələrin digər ali təhsil müəssisələrində də tətbiqinə nail olunması nəzərdə tutulur. Təhsildə Avropa standartlarına uyğun nəzarət sisteminin tətbiqi, universitetlərdəki mövcud akademik heyət və tələbə kontingentinin dərs, praktik təcrübə və araşdırma sahələrində birgə əməkdaşlığının yaradılması layihə iştirakçılarının gözlədiyi hədəflərdəndir.
Müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsi məqsədilə ilk olaraq Naxçıvan Dövlət Universitetindəki layihə icraçıları universitetin məzunları, tələbələr, akademik heyət, inzibati idarəetmə strukturu, həmçinin məzunların işlə təmin olunduğu müəssisə və firmaların sahibkarlarının iştirakı ilə sorğular keçirmişlər. Sonrakı mərhələlər üçün məlumat bazası olacaq bu sorğu prosesində iştirak edənlər onlar üçün təqdim olunmuş vərəqələrdə keyfiyyətə nəzarətlə bağlı fikirlərini qeyd etmişlər. Sorğu prosesinə muxtar respublikanın elm, təhsil, idarəetmə, bank, sığorta, media, rabitə müəssisələri və sahibkarlıq subyektləri cəlb olunmuş, İqtisadiyyat Nazirliyi tərəfindən dəstək göstərilmişdir.
Əli CABBAROV