Naxçıvan Tibb Kollecinin müəllim-tələbə kollektivi Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının Tibb fakültəsində kadr hazırlığı vəziyyəti və maddi-texniki baza ilə tanışlıqdan sonra fakültədə “Naxçıvan Muxtar Respublikasında Tibbi kadr hazırlığında Tibb fakültəsinin və Tibb Kollecinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, tələbələrin təcrübə keçməsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların mühüm rolu vardır. Bu da, öz növbəsində, ixtisaslı tibbi kadrların hazırlanmasına xidmət edir. Diqqətə çatdırılıb ki, fakültəni bitirən məzunlar fəaliyyətlərini, nəinki muxtar respublikamızda, dünyanın bir çox inkişaf etmiş ölkələrində uğurla davam etdirirlər.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxışında Naxçıvan səhiyyəsinin inkişafına dövlət qayğısından danışıb. Bildirilib ki, bu gün səhiyyə sahəsinə göstərilən yüksək qayğı nəticəsində muxtar respublikanın şəhər, rayon və kəndlərində ən müasir standartlara cavab verən xəstəxana, həkim-ambulatoriyası, feldşer-mama məntəqələri əhaliyə keyfiyyətli tibbi xidməti təmin edir. Bütün bunlarla yanaşı, kadr hazırlığı da daim diqqətdə olan məsələlərdəndir.
Tədbirdə Tibb Kollecinin direktoru Sona Məmmədova muxtar respublikada orta ixtisaslı tibbi kadrların hazırlığında kollecin rolu haqqında çıxış edib, təşkil edilən görüşün əhəmiyyətindən danışaraq minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov fakültənin muxtar respublikada tibbi kadrların hazırlığında rolu barədə çıxış edib. Qeyd olunub ki, fakültədə yaradılan müasir şərait nəticəsində hazırda burada 6 ixtisas üzrə kadr hazırlığı aparılır. 2012-ci ildən etibarən fakültənin nəzdində rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığının aparılması isə peşəkar həkim kadrların yetişdirilməsində əhəmiyyətli rola malikdir. 2021-2022-ci tədris ili üzrə ilk dəfə olaraq Hərbi tibb ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsindən danışan Elsevər Əsədov bildirib ki, bu ixtisas üzrə kadrların hazırlanması gələcəkdə hərbi tibb işçilərinin yetişməsinə öz töhfəsini verəcək.
Sonda videoçarxa baxış olub.
Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi