22 Dekabr 2024, Bazar

Qələbə uğrunda rəqabətin hər keçən gün artdığı qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı fasiləsiz olaraq davam edir. Dünən artıq yeddinci turun oyunlarına yekun vuruldu. Maraqlı görüşlərdən sonra zəka sahibləri ilə həmsöhbət olduq.
Ülviyyə Fətəliyeva –qadınlar arasında beynəlxalq qrossmeyster:

– 7 yaşımdan şahmatla məşğul oluram. Mən ilk dəfə 2011-ci ildə Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalında oynamışam. Daha sonrakı illərdə buraya həmin festivallarda iştirak etmək üçün gəlmişəm. Neçə illərdir ki, qadınlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatında oynayıram. Naxçıvanda təşkilatçılıq, iştirakçılara diqqət çox yüksək səviyyədədir, burada idmana, şahmatçılara dəyər verildiyini görmək gözəldir. Əlbəttə ki, bu qədər gözəl şəraitin müqabilində gərək pis oynamayasan.

Hazırda mənim oyunum qənaətbəxşdir, 3 qalibiyyətim var. Əslində, nəticələrim daha yüksək olmalı idi. Bu da başa düşüləndir. Bir ildən çoxdur ki, şahmat taxtası qarşısında canlı oyunumuz olmayıb. Lakin sevindiricidir ki, Naxçıvanda belə bir çempionat təşkil edildi, mən də burada iştirakdan məmnunluq duyuram. Buraya qalib olmaq üçün gəlmişəm. Qalib olmaq üçün də gərək emosiyaları cilovlaya biləsən. Çünki şahmatda bu çox vaxt çətin olur. Rəqiblərim mənə tanışdır, demək olar ki, hamısı ilə oynamışam. Naxçıvanlı şahmatçılarla isə ilk dəfə oynadım. Onlar da çox yaxşı gedişlər edirlər. Bu gün sevindiricidir ki, kişi şahmatçılarla yanaşı, qadın şahmatçıların da sayı artmaqdadır və onlar dünyada ölkəmizi layiqincə təmsil edirlər. Rəqiblərimə çempion olmaq yolunda uğurlar arzu edirəm.
Nazlı Hümbətova – Naxçıvan Şahmat Federasiyasının təmsilçisi:

– Mən dəfələrlə məktəblilərin Azərbaycan çempionatında oynamışam. Naxçıvanda keçirilən Azərbaycan çempionatında iştirak etmək mənim üçün böyük məsuliyyətdir. Çünki ölkənin güclü şahmatçıları ilə oynayıram. Çempionatın Naxçıvanda təşkili mənim üçün ikiqat sevindiricidir. Çünki doğma diyarımdır və ailəmin mənə mənəvi dəstəyi önəmlidir. Həm də ilk dəfədir ki, bu qədər yaxşı təşkil olunmuş yarış görürəm. Ötən oyunda beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova ilə oynadım və heç-heçə ilə bitirdim. Bütün diqqətimi, gücümü oyuna sərf etdim. Riskə getmədim, oyunu normal apardım. Bu oyun şahmat həyatımda ən böyük oyun və bütün qələbələrimə dəyəcək bir heç-heçə idi. Əlbəttə ki, bütün bunlar mənə böyük təcrübə qazandırır.
Gövhər Beydullayeva – qadınlar arasında beynəlxalq usta:

– 2017-ci ildə Avropa çempionu, 2019-cu ildə komandamızla birgə olimpiya çempionu olmuşuq. 6 yaşımdan atam mənə şahmat oynamağı öyrədib. 2014-cü ildən Naxçıvanda təşkil edilən beynəlxalq şahmat yarışlarında iştirak edirəm. 2016-cı ildən A qrupunda oynayıram. 2019-cu ildə Naxçıvan şəhərində keçirilən şahmat yarışında qızlar arasında A qrupunda birinci yerə çıxmışam. Bu diyar mənə uğur gətirir. Ona görə də bu çempionatın Naxçıvanda təşkilinə sevindim. Buranı çox istəyirəm, bizim üçün hər cür şərait yaradılıb. Hazırda nəticələrim yaxşıdır. Görüşləri dörd qalibiyyət, iki heç-heçə, bir məğlubiyyətlə bitirmişəm. Hazırlıqlı gəlmişəm. Bu il daha yaxşı nəticə göstərmək istəyirəm. Hazırda gərgin mübarizə gedir. Kimin qalib olacağını demək çətindir, çempion sonda bəlli olacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR