22 Dekabr 2024, Bazar

Dünən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihəsinin icrası ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada dövlət qadın siyasəti uğurla həyata keçirilməsi, göstərilən dövlət qayğısı nəticəsində Naxçıvan qadınları bütün sahələrdə, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Hazırda muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir. Muxtar respublikada aparılan sosialyönümlü tədbirlərin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədilə 2021-ci ilin ötən dövrü ərzində 55 aztəminatlı və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib, məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar təşkil olunub. Həmçinin muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün hər cür şərait yaradılır. Hazırda muxtar respublikada, ümumilikdə, 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Qeyd olunub ki, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində öz biznes- planı ilə fərqlənən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına şərait yaradıb. Hazırda muxtar respublikamızda 1040 ailə təsərrüfatı fəaliyyət göstərir.
Bildirilib ki, görülən işlərin davamı olaraq cari ildə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin icrasına başlanılmışdır. Komitə sədri layihə haqqında ətraflı məlumat verərək bildirib ki, layihə çərçivəsində “Gələcəyini planlaşdır!” və “Sahibkar ol!” təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlimlərdə sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının rayonlarından və Naxçıvan şəhərindən olan 27 qadının iştirakı nəzərdə tutulur. Təlimlərin sonunda uğurlu biznes-planı təqdim edən layihə iştirakçılarına sertifikatlar təqdim olunacaq və 20 qadına sərmayə kapitalı veriləcəkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə çərçivəsində keçiriləcək təlimlərin qadınların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının artmasına, onların gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirib.
Layihə iştirakçıları Rəfayə İbrahimova, Reyhan Salmanova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonra maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır!” təliminə başlanılıb.
Təlim qarşılıqlı diskussiya şəklində keçirilib, qadınlar tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR