Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk təşkilatı və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi kursuna varislik: Qələbəyə aparan uğurlu diplomatiya” adlı elmi konfrans keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev konfransda çıxış edərək bildirib ki, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi zəfər ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlu davamının nəticəsidir. Vətən müharibəsində xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, şanlı, rəşadətli Azərbaycan Ordusunun şücaəti erməni faşizmi üzərində qələbə qazanılmasında həlledici rol oynadı. Ölkə başçısı, Ali Baş Komandanın prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər, xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri, döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.
Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov “Heydər Əliyevin xarici siyasət strategiyası və prioritetlər” mövzusunda çıxış edərək ümummilli liderin tarixi xidmətlərindən məlumat verib. Vurğulanıb ki, Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanı dünyada tanıtmağı, müstəqillik illərində isə onu ən aparıcı dünya dövlətləri sırasına yüksəltməyi ali məqsədi sayırdı.
Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk təşkilatının fakültə sədri, Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Milli maraqları əsas tutan balanslaşdırılmış diplomatiya” adlı çıxışında qeyd edib ki, bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir.
Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Aysu Cavadlının “İlham Əliyevin qətiyyətli diplomatiyası və 44 günlük Zəfər yürüşü” adlı çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib, “Uğurlu diplomatiyanın Zəfər Meydanı” adlı sənədli filmə baxış olub.
Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi