Naxçıvan şəhərində keçirilən şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatının ilk turuna yekun vurulub. 12 zəka sahibinin mübarizə apardığı yarışın ilk günündə maraqlı qarşılaşmalar keçirilib.
Dairəvi sistem üzrə keçirilən çempionatın ilk turunda beynəlxalq usta Gövhər Beydullayeva (2263) naxçıvanlı şahmatçı Nazlı Hümbətova ilə üz-üzə gəlib və qalib olub. Digər təmsilçimiz Nəsrin Babayeva (1704) Səbinə Rzalı (1925) ilə qarşılaşıb və inamlı qələbə qazanıb.
Qrossmeyster Xəyalə Abdulla (2263) isə Mələk İsmayıl (1997) qarşısında ilk turu məğlub başa vurub. Beynəlxalq usta Gülnar Məmmədova (2382) FIDE ustası Ayan Allahverdiyevadan (2088) üstün olub. Beynəlxalq usta Səbinə İbrahimova (2213) FIDE ustası Ləman Hacıyevaya (1982) məğlub olub. Qrossmeyster Ülviyyə Fətəliyeva (2301) qrossmeyster Zeynəb Məmmədyarova (2274) ilə xalları yarı bölüb.
Bu gün ikinci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Nazlı Hümbətova - Ləman Hacıyeva
Xəyalə Abdulla - Səbinə İbrahimova
Zeynəb Məmmədyarova - Mələk İsmayıl
Ayan Allahverdiyeva - Ülviyyə Fətəliyeva
Nəsrin Babayeva - Gülnar Məmmədova
Gövhər Beydullayeva - Səbinə Rzalı
Görüşlər saat 14:00-da başlayacaq.
Ceyhun MƏMMƏDOV