22 May 2024, Çərşənbə

 

Xarı bülbülüm, əziz bülbülüm, ay doğma gülüm insan bu qədərmi qürurlu olar? İnsan qəlbi bu qədərmi fəxarət hissi ilə coşub daşar? Bülbülüm düz 30 il öncə  niyyətlər edib sənə qovuşacağımız günü xəyal etməyə gücümüz çatırdı. Şükürlər olsun həmin arzu-niyyətlərimizin gerçəkliyini yaşayırıq bülbülüm. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Mənfur düşmən səni bizdən ayrı saldığı gündən dogma Şuşam həsrət qaldı “Xarı bülbül” festivalına. Pis günün ömrü azolar deyiblər əziz gülüm. Bu ayrılıq, bu həsrət, bu niskil çox çəkmədi. 12 may tarixi heç bir zaman unuda bilməyəcəyimiz tarixə çevrildi… Həmin gün böyükdən, kiçiyə hər birimiz gözlərimizi efirdən çəkə bilmədik. Qürur dolu anlarımızı Cıdır düzündəymiş kimi doya-doya yaşadıq. “Xarı bülbül” musiqi festivalını izləməklə şanlı zəfərimizin böyük sevincinin şahidinə çevrildik. Bülbülüm bilirsənmi, Cıdır düzündən bütün dünyaya yayılan Qarabağ şikəstəsi göynəyən qəlblərimizə sərin su səpdi. 14 yaşlı xanəndəmizin zənguləsi dağı da, daşı da yerindən oynatdı. “Qarabağ” şikəstəsinin sədaları ucaldıqca dağ da, daş da bayram edirdi. Sevinirdi Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri, Sevinirdi Xan qızı Natəvanın bulağından axan hər damla su da, ot da, yenicə açan hər bir çiçək də… Bəli, sevincdən səmalarda dayandığımızı hissi edirdik. Çünki, 2 günə 30 illik həsrətimizi sığdırmışdıq. Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun və digər bəstəkarlarımızın əsərlərini ifa edənləri səsi bütün dünyaya yayıldı. O möhtəşəm anları gözlərimiz dola-dola izlədik. Xan Şuşinskinin səsini qoynunda saxlayan dağların hayqırtısı gəlirdi qulağımıza. O hayqırtı ki, azadlığından, doğmalarına yenidən qayıdışından danışırdı…

Xarı bülbülüm hiss edirdim festivalda doğmalarını görüb qanad çırpırdın sanki…Axı sən də bu günü bizimlə bərabər həsrətlə gözləyirdin. Sənin də çəkdiyin əziyyətlərin az olmadı bülbülüm. Vaxt var idi düşmən sərxoş vəziyyətdə sənin qoynunda Cıdır düzündə yallı gedirdi. Ən acınacaqlısı isə o idi ki, başqasına mənsub olan rəqsi özgəsinin torpağında oynayırdı. Əziz gülüm elə həmin zaman sinəndə köks ötürüb, torpağına ayaq basan insanların yad olduqlarını anlamışdın. Gizlənməyə yer axtarırdın mənfur düşməni görməyəsən deyə… Kədər örpəyini başına bağlayıb, qara dumanlara qərq olmuşdun. Bəli sənli, bizli yanırdı ürəyimizin başı. Yanan ürəyimizə məlhəm oldu “Xarı bülbül” festivalı.

Keçirilən festival birdaha onu göstərdi ki, Şuşa Azərbaycanın əzəli torpağıdır. Bu festival keçmişimizə qayıdışımızı, multikultral ölkə olduğumuzu bir daha nümayiş etdirdi. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bu musiqi bayramıdır, bu birlik bayramıdır, bu qayıdış bayramıdır, bu ləyaqət bayramıdır. Yaşasın Şuşa, yaşasın Qarabağ, yaşasın Azərbaycan”.

Əziz gülüm 2 günlük davam edən festivalın sonluğunda hər birimiz sevinc göz yaşlarını tökməyə bilməzdik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx bizləri fəxarət coşğusuna boğdu. Şükürlər olsun Allahıma bu günləri yaşamaq, bu xoşbəxt anları izləmək bizlərin və bizim övladlarımızın qisməti oldu. Bu anları bizlərə yaşadan müzəffər ordumuzun Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyevə minnətdarıq. Şanlı zəfərimizin böyük sevincinin səbəbkarları olan qazilərimizə borcluyuq. Və ən əsası doğma torpaqlarımıza qayıdış sevgisini bizlərə dadızdıran şəhid qardaşlarım RUHUNUZ ŞAD OLSUN!

Nuray ƏSGƏROVA

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR