22 Dekabr 2024, Bazar

Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”. Bu nöqteyi-nəzərdən yanaşsaq, qadının təhsil alması savadlı və sağlam gələcəyin qurulması üçün daha vacibdir. Gələcəyin xanımları – böyüməkdə olan gənc qızların hər biri gələcəyin anası, gələcəyin övlad tərbiyəedicisi və ailə başçılarıdır. Bugünkü gənc qızlar savadlı və vətənpərvər olsalar, gələcəkdə övladlarını da o ruhda tərbiyə edəcəklər.

 Tarixən Naxçıvan ziyalıları qızların təhsilinin olmasına məxsusi səy göstərmiş, hələ XIX əsrin sonlarında Naxçıvan ictimai-mədəni mühitində qadınların təhsili məsələləri qabaqcıl ziyalılar arasında geniş yayılmışdır. Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə kimi mütərəqqi görüşlü ziyalılar qadınların maariflənməsi uğrunda müəyyən əməli fəaliyyət nümunəsi göstərə bilmişlər. Bu, bir həqiqətdir ki, Azərbaycanda qızlar üçün məktəb açılmasının ilk təşəbbüskarı görkəmli maarifçi Cəlil Məmmədquluzadə olub. O, 1893-cü ildə Nehrəm məktəbində qızlar sinfi açıb. Naxçıvanda ilk dünyəvi qadın məktəbi isə Məhəmməd Tağı Sidqi tərəfindən 1896-cı ildə təsis olunub. Bu cəsarətli işin davamı olaraq qızların təhsil almalarına hər zaman xüsusi diqqət yetirilən muxtar respublikada 1992-ci ildə Xanım Qızlar Pansionu yaradılıb. 2004-cü ildən “Naxçıvan Qızlar Liseyi” adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir. Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 2011-ci ildə yenidən əsaslı təmir olunaraq müasir infrastrukturla zənginləşdirilən Naxçıvan Qızlar Liseyinin fəaliyyəti üçün zəruri tədris şəraiti yaradılıb, təhsil ocağı olan müasir avadanlıqlarla təmin olunub. Binada yerləşən kimya, biologiya və fizika laboratoriyaları tədris avadanlıqları ilə zəngindir. Bu laboratoriyalarda müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. İlk tibbi yardım kabinəsi lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunub ki, burada şagirdlərə ilk tibbi yardımın sirləri öyrədilir.
Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva deyir ki, liseyin əsas məqsədi burada təhsil alan hər bir şagirdi savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan, milli-mənəvi dəyərlərimizə sadiq və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi formalaşdırmaqdır. Göstərilən qayğının nəticəsidir ki, liseyimizin uğurları ildən-ilə artır. 2019-2020-ci tədris ilində bu təhsil ocağını 49 məzun bitirmiş, bunlardan 47-si ali, 2-si isə orta ixtisas məktəblərinə qəbul olmuşlar. Məzunlardan 1-i “Qızıl”, 2-si “Gümüş” nişana, 1-i isə Fərqlənmə attestatına layiq görülmüşdür. Şagirdlərimizdən 14-ü 500-700 intervalında bal toplamışdır. Bu tədris ilində isə liseyin XI sinfində 41 şagird təhsil alır. Onların da yaxşı nəticə göstərmələri üçün kollektivimiz səylə çalışır.

Liseyin direktoru deyir ki, ən böyük uğurumuz müəllimimiz Gülmirə Əsgərovanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 5 oktyabr tarixli Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmasıdır. Şagirdlərimizin nailiyyətləri isə bizi daha çox sevindirir. Bu il liseyin şagirdlərindən 2-si muxtar respublika fənn olimpiadalarında qalib olmuş, 4-ü isə respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanmışdır. 2020-2021-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə davam etdirilən “Sabahın tədqiqatçıları” layihəsində liseyimizin X sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikası ərazisində bəzi mineral suların Kurlov formulunun təyini” adlı layihəsi “Rusiya Pedaqoqları” Ümumrusiya Təhsil Portalı tərəfindən keçirilən “Uşaqların və gənclərin yaradıcılıq və intellekt” beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Nuray Məmmədovanın “Muxtar respublikanın yeraltı su ehtiyatları” və liseyin XI sinif şagirdləri Səma Abdullayeva və Bəhriyyə Mustafayevanın “Naxçıvan daşduzundan tibbi natrium xloridin alınması” adlı məqalələri isə Moskvada “Rusiya Federasiyası Pedaqoji Layihə Akademiyası”nın təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümumrusiya distant konfransında sertifikata layiq görülüb.
Naxçıvan Qızlar Liseyinin dərs hissə müdiri Fərqanə Həsənova isə liseydə 381 şagirdin təlim-tərbiyəsi ilə 61 müəllim və tərbiyəçinin məşğul olduğunu bildirir. Fərqanə müəllimə deyir ki, bütün ümumtəhsil məktəbləri kimi, Naxçıvan Qızlar Liseyində də təlim-tərbiyənin düzgün qurulmasına xüsusi diqqət yetirilir. Dərsdənkənar məşğələlərin hesabına mənəviyyat dərsi, şahmat, Naxçıvan tarixi tədris edilir. Milli dəyərlərimizin qorunub saxlanılması, onların gənc nəslə aşılanması liseyimizin əsas fəaliyyət nöqtələrindən biridir. Həmçinin liseydə vaxtaşırı şagirdlərin muzeylərə ekskursiyası, müsabiqələr, müxtəlif əl işlərindən ibarət sərgilər təşkil olunur, muxtar respublika üzrə təşkil edilən yaradıcılıq sərgilərində şagirdlərimiz fəal iştirak edirlər. Bundan başqa, liseydə şagirdlərin öz bacarıqlarını inkişaf etdirmələri üçün xalçaçılıq, kulinariya, tikiş-toxuculuq dərnəkləri də yaradılıb. Dərs saatları bitdikdən sonra elektron lövhələrdə tarixi adət-ənənələrimizi özündə yaşadan Azərbaycan filmləri şagirdlərə nümayiş olunur ki, bu da onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan verir.
Liseyin XI sinif şagirdi Bəhriyyə Mustafayeva: “Mən 2015-ci ildə liseyin V sinfinə qəbul olunmuşam. Mən və mənim kimi burada təhsil alan qızlar elm, təhsil almaqla yanaşı, həm də əsl xanım kimi formalaşırıq. Burada isti yemək və çayla təmin olunuruq. Günün ikinci yarısında tərbiyəçi müəllimlərin nəzarəti ilə keçirilən məşğələlərdə bizə növbəti günün dərslərinin hazırlanmasında köməklik göstərilir. Burada aldığım yüksək səviyyəli təhsilin nəticəsidir ki, test sınaq imtahanlarında 600-700 intervalında bal toplayıram. Dərslərimi yaxşı oxuyuram. Keçirilən müxtəlif müsabiqələrdə – həm olimpiadalarda, həm də “Sabahın tədqiqatçıları” layihəsində uğurla iştirak edir, yüksək nəticə göstərirəm. IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında iştirak edəcəyəm. Hədəfim 650-dən yuxarı bal toplamaq və həkim olmaq arzuma çatmaqdır. Bu yolda səylə çalışıram və məni bu peşəyə həvəsləndirən müəllimlərimə minnətdaram. Çalışacağam ki, liseyi xüsusi nailiyyətlərlə başa vurub onların etimadını doğruldum”.

Liseyin uğurlarının ilbəil artmasının nəticəsidir ki, muxtar respublikada bu təhsil ocağı yüksək nüfuz qazanmışdır. Hər il liseyə müraciət edənlərin sayı əvvəlki illərə nisbətən daha da artmaqdadır.
Müasir tədris şəraiti ilə təmin olunmuş liseyə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər. Liseydə təlim ümumi orta və tam orta təhsil pillələrində keçirilir. Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların liseyə qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.
Onu da qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdlərinin liseyə 1 aprel 2021-ci il tarixdən başlanan sənəd qəbulu mayın 25-dək davam edəcəkdir. İyunun 11-də test formatında müsabiqə yolu ilə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Müsabiqədə iştirak etmək üçün səylə hazırlaşan hər bir şagirdə uğurlar arzulayırıq!

Ülviyyə Hacıyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR