22 Dekabr 2024, Bazar

Dünən “Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: yerli istehsal və uğurlu nəticələr” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi məsələsini dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.

Rektor ulu öndərin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxladığını vurğulayıb, ölkəmizin sürətlə inkişaf etdiyini bildirib.
Konfransda “Ərzaq təhlükəsizliyinin təmin edilməsində yerli istehsal müəssisələrinin rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Anar Cəfərov nazirlik tərəfindən sənaye və kənd təsərrüfatı sektorunun inkişafı sahəsində görülən işlər, həyata keçirilən layihələrdən danışıb.
Qeyd edilib ki, bu gün muxtar respublikamızda hər bir vətəndaşın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Son illərin təcrübəsi göstərir ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş Dövlət proqramları muxtar respublikanın sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac verib.
Konfransda “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu “Pandemiya dövründə dünya birliyini gözləyən qlobal, regional və milli ərzaq təhlükəsizliyi problemləri”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Teymur Abbasov “İnnovasiyalı və dayanıqlı iqtisadiyyatda davamlı inkişaf Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas şərtdir” mövzularında çıxış ediblər.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR