Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbənin qazanılmasına mühüm töhfələr vermiş, fədakarlıq göstərərək şərəfli döyüş yolu keçmişdir. Həmin illərdə Azərbaycan diviziyalarının tərkibində döyüş cəbhəsinə gedən naxçıvanlılar da qəhrəmanlıqları ilə tarix yazmışlar. Ümumilikdə, 29 min 500 nəfər muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Onlardan 3 nəfər SSRİ-nin ən yüksək mükafatına – “Sovet İttifaqı Qəhrəmanı” adına, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən Müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir.
Hər il 9 May Qələbə bayramı ərəfəsində ölkə başçısının müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənəyə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarını göstərir.
Sərəncama əsasən İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü ilə əlaqədar həmin müharibədə iştirak etmiş şəxslərə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir.
Sərəncam muxtar respublika üzrə, ümumilikdə, 450 nəfərə şamil olunacaq. Onlardan 11 nəfəri İkinci Dünya müharibəsinin iştirakçısı, 439 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərdir.
Sərəncama əsasən birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti