22 May 2024, Çərşənbə

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk partiya təşkilatı ilə birgə “Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda elmi konfrans keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə ilk öncə ali təhsil ocağının İncəsənət fakültəsində nümayiş olunan sərgiyə baxış olub. Konfransda görkəmli dövlət xadimi ilə bağlı videçarx göstərilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, müstəqil Azərbaycan ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir. Heydər Əliyev siyasətinə sədaqəti, qətiyyətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu bizə qələbə sevincini yaşatdı.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətidir. Ulu öndər lideri olduğu partiyanın sıralarında olmağı milli dövləçiliyə xidmət etməyin əsl nümunəsi sayır və gələcək nəsli əsl Azərbaycan vətəndaşı kimi tərbiyə edirdi.
Vurğulanıb ki, 2005-ci ilin mart ayında partiyanın III qurultayında YAP-a sədr seçilən Prezident cənab İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir. Hazırda 760 mindən artıq həmfikri özündə birləşdirən partiya xalq, dövlət qarşısındakı xidmətlərini daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət ideyası” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli müstəqil Azərbaycanda hüquqi islahatların başlanması və böyük bir mərhələnin uğurla başa çatdırılmasının bilavasitə ümummilli liderin adı ilə bağlı olduğunu bildirib.
Tədbirə onlayn qoşulan Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtibar İsmayılovun, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayevin məruzələri dinlənilib.
Konfransda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib. Tədbir İncəsənət fakültəsinin hazırladığı tələbələrinin konsert pro­qramı ilə davam edib.
Qeyd edək ki, muxtar respublikanın rayon partiya təşkilatları konfransın gedişini onlayn platforma üzərindən izləyiblər.

*  *  *

AMEA Naxçıvan Bölməsində bu münasibətlə keçirilən “Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyi dövründə ölkənin inkişafdan bəhs edib. Dünyanın məşhur dövlət xadimlərinin onun haqqında söylədikləri fikirləri konfrans iştirakçılarının diqqətinə çatdıran bölmə rəhbəri bildirib ki, Heydər Əliyev uzaqgörənliyi, dərin biliyi, yüksək intellektuallığı, əsl natiqlik istedadı, xalqına, Vətəninə bağlılığı ilə seçilən şəxsiyyətdir. Ölkənin ən ağır günlərində ona sahib çıxan dahi rəhbərin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti bu siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün öz labüd bəhrəsini verməkdədir.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı xilas etmək missiyasını dahi şəxsiyyət öz üzərinə götürdü. Bu missiyanın uğurla həyata keçirilməsi nəticəsində Ermənistanın həyata keçirdiyi hərbi təcavüzün qarşısı alındı. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.
“Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin xarici siyasəti” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev qeyd edib ki, ümummilli liderin həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində ölkəmiz beynəlxalq aləmdəki təcrid vəziyyətindən xilas edildi, xalqımızın üzləşdiyi ağlasığmaz çətinliklər dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin mövqelərinin daha da yüksələcəyindən xəbər verir.
Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin və institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun məruzələri dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR