22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.

Xalqının milli sərvətinin qorunması, yaşadılması, gələcək nəsillərə çatdırılması ümummilli liderimiz Heydər Əliyevin həyat amalı idi. Ulu öndər deyirdi: “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”. Dahi şəxsiyyət ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalçaçılıq sənətinin yaşadılması və inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin mühüm xidmətlərindən biridir. Ümummilli liderimiz hələ 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu zaman Bakıda YUNESKO-nun Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının xətti ilə Azərbaycan xalçasının tanıdılması məqsədilə simpoziumun keçirilməsinə nail olmuşdur. Bu, keçmiş SSRİ məkanında Şərq xalça sənətinə aid birinci simpozium kimi tarixə düşmüşdür. Çoxsaylı xarici qonağın iştirak etdiyi bu simpozium əsl xalça bayramına çevrilmiş, Azərbaycan xalçasının tanıdılmasında və təbliğində mühüm rol oynamışdır.
Xalçaçılıq sənətinin inkişafı sahəsində aparılan iş bu gün uğurla davam etdirilir. “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”, – deyən Prezident cənab İlham Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı tövsiyə və tapşırıqları milli-mənəvi dəyərlərimizin, xalq sənəti növlərinin mühafizəsi və inkişafı üçün zəmin yaratmışdır. Bu baxımdan “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Bu qanun xalça sənəti ilə bağlı Azərbaycan xalqının zəngin milli-mədəni ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, xalça sənətinin inkişaf etdirilməsi və təbliği sahəsində məsələləri tənzimləyir. Ölkə rəhbərinin 2007-ci ildə imzaladığı sərəncamla Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşa edilməsi xalqımızın keçmiş və çağdaş dövrünün mədəni fəaliyyətinin sərgilənməsinə geniş imkanlar açmışdır. 2010-cu ildə xalça sənətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidentinin 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən olan Naxçıvanda xalçaçılıq sənəti qədim tarixə və ənənələrə malikdir. Naxçıvan diyarındakı I Kültəpə ərazisindən tapılan xalçaçılıqla bağlı 177 alət tədqiqatçılar tərəfindən Kür-Araz mədəniyyətinə (eramızdan əvvəl V-III minilliklər) aid edilir. Şərur rayonundakı Ovçular təpəsindən 2019-cu ildə aşkar olunmuş sümük alətlər, o cümlədən toxuculuqda istifadə edilən biz məmulatları insanların Naxçıvan ərazisində hələ Eneolit dövründən toxuculuqla məşğul olduğunu sübut edən tutarlı faktlardandır. Muxtar respublikanın tarixi ərazisindən tapılmış ən qədim xalça hissələri, eləcə də ibtidai gil cəhrələr burada hələ qədimdən toxuculuq sənətinin inkişaf etdiyini göstərir. Araşdırmalardan sonra belə nəticəyə gəlinmişdir ki, bu hissələr ilk dəfə sadə keçirmə üsulu ilə toxunuş ilk xovsuz xalça hesab edilən həsir qalıqlarıdır. Naxçıvan xalçalarının, ümumilikdə, özünəməxsus çalarları vardır. Bu elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Xovsuz xalça növündə atların, atlıların və dəvələrin, çullarla bəzədilmiş dəvə karvanının təsviri, xovlu xalçaların bəzəyinə çevrilən buta elementi Naxçıvan xalçalarını öz spesifik toxunuşu və bədii quruluşu ilə fərqləndirir. Araşdırmalar nəticəsində xalçaçılıq sənətinə daxil olan keçəçiliyin lap qədim dövrlərdə mövcud olduğunu qeyd etmək olar.
Xalçaçılıq Naxçıvanda Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Orta əsr ərəbdilli mənbələrdə Naxçıvanda xalçaçılığın inkişafı və bu ərazidə toxunan xalçaların dünya bazarında satılması haqqında maraqlı məlumatlara rast gəlmək mümkündür. Miladi tarixi ilə 982-ci ildə ərəb dilində yazılmış “Hüdüd-əl-Aləm” (“Dünyanın sərhədləri”) adlı əsərdə Naxçıvanda toxuculuğun inkişafı haqqında qeydlər öz əksini tapmışdır. Bütün bunlar da onu bir daha sübut edir ki, Naxçıvan ərazisində xalçatoxuma sənəti eramızdan əvvəl IV-III minilliklərdə yaranmışdır. X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq elə yüksək səviyyəyə çatmışdır ki, Azərbaycanın şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən geniş istifadə olunmuşdur.

Qədim ənənələrə malik xalçaçılıq sənəti bu gün də Naxçıvanda yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qədim sənətin inkişafı və təbliği sahəsində də yeni imkanlar açmışdır. Naxçıvanda xalça sənətinin inkişafı üçün görülən işlərin miqyası genişdir. Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 1998-ci ildə yaradılan bu muzey 2010-cu ildə yeni binaya köçürülmüşdür. Yarandığı vaxt 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3 mindən artıqdır. 2013-cü ildə muzey yenidən qurulmuşdur. Həmin il “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi olmuşdur. Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Naxçıvan xalçaçıları” kitabında 254 toxucu haqqında məlumatlar toplanmışdır. Muzeyin internet saytının yaradılması dünyanın hər yerindən muzeyi virtual ziyarət etməyə, ziyarətçilərin ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almalarına, həmçinin tarixi keçmişimizi öyrənmələrinə imkan yaratmışdır. Muzeyin ekspozisiyasında 264 xovlu və xovsuz xalça, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 mis və saxsı qab nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Xalça Muzeyinə də ekskursiyalar təşkil olunur. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilmişdir. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər təşkil olunur, kitab təqdimatları, elmi konfranslar keçirilir. Muzeyin sosial şəbəkə hesablarından ekspozisiyasında nümayiş etdirilən eksponatları izləmək mümkündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmiş, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır. Dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi yeni vəzifələr kimi müəyyənləşdirilmişdir. Dövlət proqramının icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən indiyə qədər 635 xalça haqqında məlumatlar daxil edilmişdir.

Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, insanların bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayonundakı Cəlilkənddə XIX əsrə aid “Buzxana” kompleksində xalçatoxuma sahəsi fəaliyyətə başlamışdır. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq!” sosial layihəsi çərçivəsində naxçıvanlı xalçaçı qadınlarla müqavilələr bağlanılmış, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunmuşlar. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır. Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Hazırda Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı emalatxanasının tikintisi davam etdirilir.
Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslər təşkil olunur. Muxtar respublikanın bölgələrində xalçaçılıq kursları fəaliyyət göstərir. Həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyinin fəaliyyət göstərməsi, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili, muxtar respublikanın kəndlərində xalça­toxuyan qadınların hana və digər zəruri ləvazimatlarla təmin olunması xalçaçılığın inkişafına öz töhfəsini verir.

Xalçaçılıq sənətinin hər bir nümunəsi xalqımızın gündəlik həyat tərzini özündə ehtiva edən, onun bədii-estetik dünyagörüşünün zənginliyindən soraq verən sənət əsərləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR