Muxtar respublikamızda medianın çoxcəhətli inkişafının əsasında kütləvi informasiya vasitələrinə hərtərəfli dövlət qayğısı dayanır
Azad söz, azad mətbuat hər zaman cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü hesab edilib. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistikanın inkişafı, mətbuat azadlığı diqqət və qayğı ilə əhatə olunub. Mövzu ilə bağlı Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva ilə həmsöhbət olduq.
– Şəhla xanım, istərdim ilk olaraq bu sualı cavablandırasınız. Azərbaycan mətbuatı fəaliyyətində əsas prinsipləri hansı səviyyədə qoruyub və qoruyur?
– Artıq Azərbaycan inkişaf etmiş, müstəqil bir dövlət kimi dünya birliyinin layiqli üzvünə çevrilmiş və dünya miqyasında tanınmışdır. Təbii ki, bu prosesdə cəmiyyətin güzgüsü, təbliğat vasitəsi kimi dəyərləndirilən mətbuatın, KİV-in özünəməxsus rolu var. Bildiyimiz kimi, jurnalistikanın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vicdanlılıq, dəqiqlik, balanslılıq, operativlikdir. Bütün bunlarla yanaşı, hər bir jurnalist ilk öncə vətənpərvər olmalı, dövlətçilik prinsipini də qorumalıdır. Ölkəmizdə fəaliyyət göstərən mətbuat orqanlarının əksəriyyəti bu təməl prinsiplərə əməl edir, fəaliyyətlərində dövlətçilik, vətənpərvərlik kimi prinsipləri ön planda tuturlar. Son hadisələr, 44 günlük II Qarabağ müharibəsi dövründə baş verənlər bir daha bizə dövlətçilik ideologiyasını hər şeydən üstün tutmağı təlqin etdi. Buna görə də mətbuat daim dövlətçiliyimizin qorunmasına, inkişafına öz töhfəsini verməli, jurnalistlərimiz vətənpərvərlik prinsipini əsas tutaraq çalışmalıdırlar. Bu peşə sahibləri, hər şeydən əvvəl, Azərbaycan Respublikasının vətəndaşı kimi dövlət, xalq qarşısında öhdəliklərini yerinə yetirməlidirlər.
– Azərbaycanda söz və məlumat azadlığının inkişafında mətbuatın rolu və yeri barədə də fikirləriniz oxucularımız üçün maraqlı olar.
– Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.
“Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız yarandığı gündən etibarən Azərbaycan xalqının ictimai, maarifçilik, sosial və siyasi həyatında mühüm rol oynayıb. Ümumiyyətlə, mətbuatın fəallığı ən çox özünü xalqın milli azadlıq uğrunda mübarizə apardığı illərdə göstərib. Belə ki, XX əsrin 80-ci illərinin sonlarında – Azərbaycanda milli azadlıq hərəkatının başlandığı dövrdə xalqı birləşdirən başlıca vasitələrdən biri, bəlkə də, ən birincisi də məhz mətbuat oldu. Həmin ildən başlayaraq, “Azərbaycan”, “Aydınlıq”, “Səhər”, “Həyat” və digər mətbuat orqanları, 90-cı illərin əvvəllərindən isə “Səs”, “Yeni Azərbaycan”, “İki Sahil” və digər mətbuat orqanları ölkədə və dünyada baş verən hadisələri işıqlandırmağa, oxucu kütləsini dolğun informasiyalar ilə təmin etməyə başladı. Bu isə Azərbaycanda azad mətbuatın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük əhəmiyyətə malik idi. Ötən dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.
– Ölkəmizdə medianın inkişafından, söz, mətbuat azadlığının, demokratiyanın bərqərar olmasından danışarkən, ilk növbədə, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətləri göz önünə gəlir…
– Azərbaycan mətbuatının, sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması, azad medianın inkişafı ilə bağlı əhəmiyyətli qərarların qəbul olunması ulu öndər, görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə – bütün bunlar ümummilli liderin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.
Xüsusilə vurğulamaq istərdim ki, məhz dahi şəxsiyyətin hakimiyyətə gəlişindən sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Ulu öndər bildirirdi ki, bizim məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Bir sözlə, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur.
– Hazırda müasir və ənənəvi media arasında, sanki bir rəqabət tendensiyası mövcuddur. Sizcə, ənənəvi medianın mətbuatdakı rolu və yeri hansı səviyyədədir?
– Müasir dövrdə informasiya texnologiyaları meydana çıxdıqca yenilər köhnələri sıxışdırır. Çünki yeni maraqlıdır, üstün imkanları var və sair. Tarixə nəzər salsaq, görərik ki, radio və televiziya yayımının ilk illərində bəzi şəxslər düşünürdülər ki, artıq çap mediasının ömrü başa çatıb. Biz bu haqda jurnalistika dərsliklərində də oxumuşuq. Amma davam edən proseslər proqnozların düz olmadığını göstərdi. Bu gün yeni mediadan danışırıq, amma yenə də hər gün müxtəlif adda yüzlərlə qəzet çap olunur, köşklərdə satılır. Əlbəttə, çap materiallarının operativlikdə yeni mediaya qalib gələcəyini gözləmək məntiqsizdir. Dünya təcrübəsi onu göstərir ki, qəzetlər rəqabətin güclü olduğu dövrdə də düzgün qərarlarla mövcudluğunu qoruyub saxlaya bilər. Bu gün, demək olar ki, bütün qəzetlərin onlayn platformalarda fəaliyyəti mövcuddur. Bununla birlikdə, qəzet çapı da davam etməkdədir. Müasir informasiya mühitində qəzetlərin mövcudluğunu qoruyub saxlaması çox çətin görünsə də, işin düzgün təşkili ilə buna nail olmaq mümkündür. Əsas məsələ klassik ənənələrə sadiq olmaqla, həm də yeni tendensiyalardan geri qalmamaqdır.
– Şəhla müəllimə, heç şübhəsiz ki, muxtar respublikamızda da medianın çoxcəhətli inkişafının əsasında kütləvi informasiya vasitələrinə hərtərəfli dövlət qayğısı dayanır. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu gün Naxçıvan Muxtar Respublikasında da kütləvi informasiya vasitələri hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Azad mətbuatın inkişafı, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılması muxtar respublika rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, “Universitet” televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır, onların peşəkar əməyi daim yüksək qiymətləndirilir. Naxçıvan Mətbuat Şurasının, Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafına mühüm təkan verib. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılması muxtar respublikamızda mətbuata, KİV-ə, jurnalistikaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Hazırda muxtar respublikada jurnalist kadrların yetişdirilməsində Naxçıvan Dövlət Universiteti əsas baza rolunu oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və dəstəyi ilə 2001-ci ildə universitetdə Jurnalistika ixtisasının açılması regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsi məqsədi daşıyan mühüm addım idi. Universitetin bu ixtisas üzrə hər il orta hesabla 12-14 nəfər bakalavr məzunu olur.
Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası tələbələrinin peşəkar səviyyədə hazırlanmasında fundamental praktik baza rolu oynayan müxtəlif qurumlar mövcuddur ki, bu qurumlar 22 iyul 2011-ci il tarixdən etibarən Azərbaycan ali təhsil sistemində analoqu olmayan Media Mərkəzi şəklində cəmləşmişdir. 2006-cı ildən fəaliyyət göstərən “Universitet” televiziyası ilk illər universitet ərazisindən 10 kilometr məsafədə olmaqla yayımlanırdı. Ali Məclis Sədrinin diqqət və qayğısı, ixtisas müəllimlərinin, Media Mərkəzinin işçi heyəti və tələbə-jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində “Universitet” televiziyası bu il fevral ayının 24-dən etibarən muxtar respublikada yayıma başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixdə imzaladığı Sərəncamla və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamla Jurnalistika ixtisasının tələbələri “Şərq qapısı” qəzetinə və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə hamiliyə verilmişdir. Sərəncamdan irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, adıçəkilən media qurumlarının əməkdaşlarının Jurnalistika ixtisasının tələbələri ilə müxtəlif vaxtlarda görüşləri keçirilir, tələbə-jurnalistlər muxtar respublikanın aparıcı kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlığa cəlb olunurlar.
– Qarşıdakı illər üçün nəzərdə tutulan hədəflər mətbuata nə vəd edir?
– Jurnalistikanın inkişafı istiqamətində qazanılan möhtəşəm nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən inkişaf siyasəti dayanır. Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq, bizi böyük və mübariz xalq olaraq dünyaya tanıdır. İnanıram ki, dövlətin əsas ideoloji sütunu olan media bundan sonra da dövlətin, cəmiyyətin mənafeyini çox önəmli bir məsələ kimi daim diqqətdə saxlayacaq. Mətbuat işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlib, mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurla inkişaf etdirəcəklər.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi