22 Dekabr 2024, Bazar

Müasir dövrdə nəqliyyat respublikamızın iqtisadi infrastrukturunun əsas tərkib hissələrindən birinə çevrilib. Avrasiya ölkələri arasında mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

İpək Yolunun bərpası TASİS (Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) və TRASEKA (Avropa - Qafqaz - Asiya Nəqliyyat Dəhlizi) proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əhəmiyyətə malikdir. Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarixi İpək Yoluna həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Əminəm ki, tarixi Böyük İpək Yolunun bərpası məsələlərinin müzakirəsi, konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın, inkişafın, Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir”. Bu baxımdan Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq inteqrasiyada mühüm rol oynadığını nəzərə alıb dəmir yolu, dəniz nəqliyyatı, avtomobil, boru kəməri, hava və çay nəqliyyatının sahələr üzrə iqtisadi səmərəliliyi müəyyən olunmaqla, müasir şəraitdə nəqliyyat qovşaqlarının əmələgəlmə xüsusiyyətləri və yükdaşıma imkanları araşdırılır, respublikanın iqtisadi rayonları üzrə nəqliyyat sistemi təhlil edilir, hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri müəyyənləşdirilir, daxili və xarici yükdaşımada nəqliyyatın səmərəliliyi və potensial imkanları qiymətləndirilir.

Respublikamız müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoyub, bu sahədə sektor islahatlarının tamamlanması vahid nəqliyyat siyasətinin formalaşması üçün stimul yaradıb.

Hazırda əlverişli coğrafi məkanda yerləşən respublikamız bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. Məhz bunun ifadəsidir ki, Azərbaycan TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində bir sıra nəhəng infrastruktur layihələri həyata keçirib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasına nail olunub. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionda iqtisadiyyatın inkişafına müsbət töhfə verəcəkdir.
Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da nəqliyyat sisteminin inkişafı və iqtisadiyyatda oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Belə ki, diyarımızın qapalı bir ərazi olmasına baxmayaraq, burada iqtisadiyyatın inkişafına təsir göstərə bilən nəqliyyatın bir çox növləri – dəmir yolu, avtomobil, hava nəqliyyatı fəaliyyət göstərir.
1990-cı illərdən başlayaraq erməni işğalçıları tərəfindən Naxçıvana gələn sərfəli nəqliyyat növünün ətrafında yerləşən bir sıra rayonların işğal olunması bu dəmir yolunun işinin dayandırılmasına və muxtar respublikanın blokada şəraitində qalmasına səbəb olmuşdur.
Muxtar respublikanın iqtisadi inkişafında avtomobil nəqliyyatının xüsusi rolu vardır. Belə ki, diyarımızda istənilən dağlıq ərazilər üçün avtomobil nəqliyyatı çevikliyinə, intensiv yük daşınmasına, rayon mərkəzləri ilə kənd yaşayış məntəqələri arasında iqtisadi əlaqələrin və sosial-iqtisadi inkişafın formalaşmasında, yük əməliyyatlarının yerinə yetirilməsində, son illərdə dünya ölkələri arasında iqtisadi əlaqələrin inkişafında və formalaşmasında mühüm rol oynayır. Muxtar respublikada yeni yolların salınması və körpü tikintisi sahəsində əldə olunan nailiyyətlər ildən-ilə artmaqda, bütün bunlar isə iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərməkdədir.

Cari ilin başa vurduğumuz ilk rübünün nəticələri dediklərimizi bir daha sübut edir. Bəhs olunan dövrdə Şərur rayonunda Şəhriyar, Ordubad rayonunda Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Naxçıvan şəhərində iki avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərim­bəyli-Dəmirçi, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx kənd avtomobil yollarının, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilib.
Şərur rayonunda Çərçiboğan, Ordubad rayonunda Vənənd-Pəzməri, Aşağı Əndəmic kənd avtomobil yollarının yenidən qurulmasına başlanılması, Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisinin, bir körpünün təmirinin yekunlaşdırılması da görülən işlər sırasındadır. Onu da qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin coğrafiyası da genişlənməkdədir. Bunun ifadəsidir ki, bəhs olunan dövrdə Şərur şəhərində Avtovağzal binasının tikintisinə başlanılıb, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, rabitə qovşağı anbarının əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposunun inzibati binasının və təmir sexinin yenidən qurulması davam etdirilib.
Hazırda Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
Onu da qeyd edək ki, ötən müddət ərzində muxtar respublikada nəqliyyat sektorunda 3 milyon 488 min 500 ton yük, 22 milyon 270 min 200 sərnişin daşınıb.
Naxçıvanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsində hava nəqliyyatının da özünəməxsus rolu vardır. Belə ki, son otuz il ərzində muxtar respublikanın blokada şəraitində olması hava nəqliyyatından daha səmərəli istifadə etmək zərurətini doğurmuşdur. İndiki şəraitdə muxtar respublikanın bir çox şəhərlər (Bakı, Gəncə, İstanbul, Moskva) ilə əlaqəsini, həmçinin sərnişin və yük daşınması kimi vacib məsələləri təmin edən hava nəqliyyatı fəaliyyət göstərir. Mövcud şərait ölkə paytaxtı Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonları ilə əlaqələrin yaradılmasında hava nəqliyyatının rolu artmışdır. Yaxın gələcəkdə daha da təkmilləşdirilmiş yük və sərnişin daşıyıcı hava laynerlərindən istifadə olunması iqtisadi səmərəliliyin yüksəldilməsinə təsir etmiş olacaqdır.

Səyyad Vəliyev
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR