22 Dekabr 2024, Bazar

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə işğal altında olan torpaqlarımızın qaytarılması ilə deyil, həm də regionda yeni reallıqların yaradılması ilə nəticələndi. Hərbi əməliyyatların başa çatdırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları bəyanatda ən mühüm məqamlardan biri də bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasıdır. Xüsusilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni dəhlizin inşasının təmin edilməsi siyasi tərəfləri ilə bərabər, böyük iqtisadi əhəmiyyəti ilə də seçilir. 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günü muxtar respublikaya səfəri, burada verdiyi açıqlamalar, həm də bəhs olunan dəhlizin siyasi-iqtisadi, eləcə də siyasi təhlili, Naxçıvanın strateji əhəmiyyətinin qiymətləndirilməsi baxımından böyük önəm daşıyırdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uğurlu rəhbərliyi ilə uzun illər ərzində çətin blokada şəraitində həyata keçirilmiş möhtəşəm quruculuq işləri, bütün sahələr üzrə əldə olunmuş böyük nailiyyətlər, nəhayət, Prezidentin səfəri çərçivəsində rəsmi açılışa hazır olan mühüm obyektlər, həm də muxtar respublikanın ulu öndərin ad günündə ölkə başçısı qarşısında məsuliyyətli bir hesabatı idi. Ötən illər ərzində sahibkarlığa göstərilən böyük dövlət qayğısı sayəsində iqtisadiyyatın şaxələndirilməsi, sənaye və kənd təsərrüfatının infrastruktur təminatının yaxşılaşdırılması, yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini vermişdir. Sevindirici haldır ki, bu gün muxtar respublikada istehsal olunan bir çox sənaye və kənd təsərrüfatı məhsulları onlarla xarici ölkələrə ixrac olunur. Təsadüfi deyil ki, Naxçıvandakı iqtisadi artımı rekord göstərici kimi dəyərləndirən ölkə başçısı demişdir: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni bütün bunlar inkişafın təzahürüdür”.
Dövlət başçısının səfərində ən mühüm məqamlardan biri, həm də iqtisadi baxımdan Naxçıvanın inkişafına mühüm təsir göstərəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər idi. Cənab Prezident Ordubad dəmir yolu stansiyası ilə tanış olan zaman demişdir: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
Bəli, bu gün Naxçıvan özünün sürətli inkişaf dövrünü yaşayır. Statistik rəqəmlərə nəzər salsaq, muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əvvəlki illərdə olduğu kimi, 2021-ci ilin ilk dörd ayında da davam etdirildiyini görə bilərik. Bu dövrdə iqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 758 milyon 840 min 800 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 1643,2 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 344 milyon 811 min 500 manat dəyərində məhsul istehsal edilmişdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübündə sənaye məhsulu 1,1 faiz çoxdur, əsas kapitala yönəldilən vəsaitlər bir il öncəki göstəricidən 1,2 faiz, kənd təsərrüfatı məhsulu 3,3 faiz, informasiya və rabitə xidmətləri 9,9 faiz artmışdır.
Qeyd olunan göstəricilər bir daha onu sübut edir ki, muxtar respublikada iqtisadiyyatın inkişafı davamlı xarakter daşıyır. Hətta pandemiya dövründə belə, bu inkişaf dayanmayıb, əksinə, göstəricilər əvvəlki dövrlərlə müqayisədə daha da artıb. Bütün bunların fonunda dövlət başçımızın 10 may 2021-ci il tarixli Naxçıvan səfərinin gündəliyində bir sıra mühüm sosial-iqtisadi obyektlərin açılışı ilə yanaşı, Zəngəzur nəqliyyat dəhlizi ilə əlaqədar məsələlərin də xüsusi yer tutması bu səfər zamanı həyata keçirilən tədbirlərin region üçün necə böyük önəm daşıdığını göstərir. Həm də təkcə Cənubi Qafqaz regionu üçün deyil. Çünki Naxçıvan-Zəngəzur-Mincivan dəmir yolu xəttinin yenidən bərpası ilə muxtar respublika blokadadan çıxarılacaq, eyni zamanda Azərbaycan vasitəsilə Rusiya, Türkiyə və İranın, hətta Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə yeni imkanlar yaranacaq. Buna görə də ölkə iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvan dəhlizinin açılması uzunmüddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artmasına səbəb olacaq. Şübhəsiz ki, investisiyaların artımı, bütövlükdə, dayanıqlı iqtisadi artımın sürətlə inkişaf etməsinə imkan verəcək.

Nihad MEHBALIYEV
Naxçıvan Dövlət Universitetinin
İqtisadiyyat kafedrasının müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR