2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib. Bu məqsədlə muxtar respublikamızda da yubiley tədbirləri davam edir.
Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvinin söz dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə açan rektor Azad Novruzov qeyd edib ki, Azərbaycanın zəngin ədəbi irsi və mədəniyyətinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi də məhz bunun təzahürüdür. Nizami Gəncəvi ədəbiyyatımızda bəşəri ideyaları, yüksək sənətkarlığı və insan taleyi haqqında humanist düşüncələri ilə seçilən şairlərdəndir. Şərq intibahının zirvəsi olan Nizami yaradıcılığında həmin dövrün ən humanist, ümumbəşəri ictimai-siyasi və sosial mənzərəsi bədii əksini tapmışdır.
Konfransda institutun əməkdaşlarından dosent Şəhla Fətəliyeva, professor Yusif Səfərov, dosent Həsənəli Eyvazov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva müxtəlif mövzularda çıxış etmişlər.
Konfrans bölmələr üzrə davam etmiş, tələbələrin ifasında şairin qəzəlləri və əsərlərindən parçalar səsləndirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti