22 Dekabr 2024, Bazar

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir.Tarixən bu müqəddəs diyar neçə-neçə ərənlər yetişdirib, qəhrəmanlar bəxş edib dünyaya. Bu yurd Şah İsmail Xətailərin, Babəklərin, Cavanşirlərin, Koroğluların, Mübarizlərin, Poladların Vətənidir. Azərbaycan xalqı bütün dövrlərdə belə qəhrəmanlar yetişdirmişdi və daim yetişdirəcək. Bu gün bütün dünyanın bəhs etdiyi II Qarabağ savaşı bir daha Azərbaycanın igidlər diyarı, qəhrəmanlar ölkəsi olduğunu sübut etdi. Alovuyla dostunu isidib, düşmənini yandıran Odlar yurdunun övladı qəhrəman olmaya bilməz və bu qəhrəmanlıq keçmişdən gələcəyə, nəsillərdən-nəsillərə ötürülür.

Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Vətən azadlıqdır, müstəqillikdir, hürriyyəti damarlarında daşımaqdır. Vətən şəhid qanında rəng alan bayrağımızdır. Vətənin azadlığı, bayrağımızın ucalarda dalğalanması üçün göz qırpmadan, geriyə dönüb baxmadan sinəmizi topa, tüfəngə sipər etməyə söz vermişik. Əcdadımızın bizə miras qoyduğu bu torpağa uzanan əlləri fəlc, dikilən gözləri kor etməyə and içmişik. Təki sən var ol Vətən!

Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Tarixin ayrı-ayrı dönəmlərində ölkəmiz həmişə yadellilərin hücumlarına məruz qalıb. Yurdumuz zaman-zaman yadelli işğalçılar tərəfindən bağrı dəlik-deşik olmuş, güclü istila və talanlara məruz qalmışdır. Əsrlərboyu Azərbaycan adlanan Vətənim yaralanmış, sızlamış, öz övladlarından yardım və kömək istəmişdir. Mərd və mübariz Azərbaycan oğulları bu çağırışa qeyrətlə səs vermiş, yolunda saysız-hesabsız şəhid və qurbanlar vermişlər. 2020-ci ildə tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycanın mərd, igid oğulları əcdadlarımızdan irsən keçən döyüş ruhunu, Vətən eşqini, qalib olmaq əzmini bir daha nümayiş etdirdilər, müasir tariximizin yeni səhifələrini yazdılar. Azərbaycan əsgərinin qanı və canı bahasına azad edilən Şuşa isə bu haqq savaşının zirvəsi oldu. Vətən üçün canından keçən igidlərimiz ünvanı əbədiyyət olan şəhidlik zirvəsinə yüksələrək daim ürəklərdə yaşayan qəhrəmanlarımıza çevrildilər.

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!

Müstəqil Azərbaycanımız ildən-ilə güclənir, sürətlə inkişaf edir, gülüstana oxşayır. Təməlində ulu öndərin ideyalarının dayandığı nəhəng quruculuq işləri ilə, gündən-günə güclənən iqtisadiyyatımız, sürətlə abadlaşan və inkişaf edən şəhər və kənd­lərimizlə, elmimizlə, mədəniyyətimizlə, səhiyyəmizlə yurdumuzu qoruyan ordumuzla qürur duyuruq. Bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. İşğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanı daha da gücləndirəcək. Qarabağına qovuşan Azərbaycan dünyaya günəş kimi doğacaq!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Ey ana Vətən! Köksündə sənin hər bir qarışın üçün dünya ilə baş-başa gələ biləcək nəsillər böyüyür. Tarixi zəfərlə, mübarizə ilə dolu olan bu millət ac qalar, susuz qalar, amma Vətənsiz əsla qalmaz. Vətən üçün igidlər töküldü meydanlara, sipər etdilər ürəklərini tanklara, qaranlıq gecədən aydınlığa çıxardılar Qarabağı. Ana yurdum Qarabağına qovuşanda neçə-neçə mərd igidləri də qoynuna aldı. Şəhidlərin uyuduğu torpaqda bitən hər ot, hər çiçək dil açaraq birnəfəsə dedi:
– Vətən sağ olsun! Bir can deyil, min canlar fəda olsa da, təki bu Vətən sağ olsun! Bu sözlər bütün Azərbaycanın dilində nəğmə oldu, dastana çevrildi. Bu nəğməni oxuyan, bu dastanı yazan gənclər bayrağımızı zirvələrə qaldıraraq müstəqilliyimizin məğrur keşikçisinə çevrildilər. Müstəqilliyin əbədi olsun, Azərbaycanım!

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR