06 İyul 2022, Çərşənbə

Azərbaycan  cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə  faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilir, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı  uşaqlar dövlətin gələcəyi, dayağıdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bəli, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.

Son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda olduğu kimi, muxtar respublikada da uşaqlarımızın hərtərəfli böyüməsi, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi, onların hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslər uğurla reallaşdırılmaqdadır. Demək olar ki, diyarımızın bütün rayonlarında müasir infra­struktura malik uşaq bağçaları fəaliyyət göstərir. Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda da özünü büruzə verir. Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasında olduğu kimi. Bağçanın müdiri Aynur Əhmədova həyatını uşaqların tərbiyəsinə həsr edib desək, yanılmarıq. Çünki illərdir ki, bu sahədə çalışır. İlk öncə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bütün uşaqları təbrik edən Aynur xanım bildirdi ki, uşaqlar Azərbaycanda əhalinin, təxminən, 30 faizini təşkil edir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. İndi də uşaqlara qayğı ildən-ilə artır. Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi bu sahəyə diqqətdən xəbər verir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahının təminatı üçün böyük tədbirlər görür. Muxtar respublikamızda da gələcəyimiz olan övladlarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Diyarımızda müasirtipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmaqdadırlar.

Aynur müəllim qeyd etdi ki, bu dövlət qayğısından, yaradılan şəraitdən yetərincə bəhrələnən Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasında 245 uşaq tərbiyə alır, 27 tərbiyəçi-müəllim fəaliyyət göstərir. Ümumilikdə, 54 nəfərdən ibarət olan kollektivdə onlar üçün hər cür şərait yaradılıb. Bu il isə 80 nəfər uşaq məzun olub. Uşaqların müxtəlif müsabiqələrdə iştirakını əks etdirən şəkillərə, qazandıqları mükafatlara, fəxri fərmanlara baxanda burada tərbiyəvi işlərin düzgün qurulduğu aydın görünür. Bu bağçanın uşaqlarının Naxçıvan şəhərində təşkil edilən “Arıçılıq məhsulları – bal festivalı”nda hazırladıqları əl işləri diploma layiq görülüb. Bağçamız Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar “Naxçıvanım mənim”, “İdeal ailənin formulu – ənənəvi dəyərlər və müasirlik” mövzularında tətbiqi sənət müsaqibələrində uğurla iştirak edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Milli dəyərlər və uşaqların aləmi”, “İntibahın zəfərləri ilə böyüyürük biz”, “Azərbaycan kinosu uşaqların gözü ilə”, “Uşaqlar və milli rəqslər” və 2014-cü ildə ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş şeir müsabiqələrində də iştirak edərək nailiyyətlər qazanıblar.
Qeyd edək ki, bu yaxınlarda Naxçıvan şəhəri üzrə bağçalarda məktəbəqədər qruplar arasında keçirilən bilik və bacarıq müsabiqəsinin qalibi 11 nömrəli uşaq bağçası olub. Müsahibim yurdumuzda uşaqlara göstərilən dövlət qayğısından razılıqla danışdı. Dedi ki, bütün bunlar onları daha da ruhlandırır. Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidirlər.
Üz tutduğumuz digər tərbiyə müəssisəsi Naxçıvan şəhər 5 nömrəli uşaq bağçası oldu. Bağçanın müdiri Cəmilə Hüseynova söhbət əsnasında dedi ki, bu gün muxtar respublikamızda fəaliyyət göstərən məktəbəqədər müəssisələr uşaqların təlim-tərbiyəsində mühüm rola malikdir. Bağçamızda ölkəmizin gələcəyi olan uşaqların sağlam, milli ruhda yetişdirilməsi üçün lazımi şərait vardır. Bu yaradılanlar uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verir. Nəzərinizə çatdırım ki, bağçamızda keçirilən tədbirlərdə, məşğələlərdə, idman oyunlarında müsbət nəticələr əldə olunub. Məktəbə hazırlıq qruplarından uşaqlar məktəblərə tam hazır səviyyədə gedirlər. Bu ildə bağçamızdan 60 uşaq məzun oldu. Uşaqların qədəm qoyduğu məktəblərdən bağçamıza təşəkkürlər gəlir ki, bu da bizim kollektivi sevindirir və daha çox məsuliyyətli olmağımıza zəmanət yaradır. Hazırda bağçada 242 uşağın təlim-tərbiyəsi ilə 25 tərbiyəçi-müəllim məşğul olur.

Bu gün yetişən gənclərin sabahın qurucuları olduğunu söyləyən bağçanın müəllimi Hicran Abdullayeva bildirdi ki, əgər uşaqlar bağçada məktəbəqədər tərbiyəni, təhsili, təlimi düzgün alarsa, onlar məktəbdə tədris proqramını daha tez mənimsəyər və müasir təhsil metodlarını qavramaqda çətinlik çəkməzlər. Muxtar respublikada uşaqlar üçün yaradılan şəraitin nəticəsidir ki, bu gün onlar məktəbəqədər tərbiyə müəssisələrinin dərnəklərində fəal iştirak edirlər. Bu isə onların gələcəkdə məktəb həyatında uğurlu addım atmalarına şərait yaradacaq.
Qeyd edək ki, Vətən müharibəsində şəhidlik məqamına ucalan Məmmədcəfər Sadiqlinin övladı da bu bağçada tərbiyə alır. Burada olarkən Uğur Sadiqlinin anası Şərəbanu Sadiqli bağça ilə bağlı xoş təəssüratlarını bizimlə bölüşdü. O, ilbəil deyil, günbəgün gözəlləşən, böyüyən, inkişaf edən Naxçıvan şəhəri ilə qürur duyduğunu bildirərək dedi ki, bu gün biz valideynlər üçün əsl bayramdır. Çünki uşağının belə bir bağçada tərbiyə alması hər bir valideyn üçün böyük sevincdir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi və əsl vətəndaş kimi yetişdirilməsi hər zaman diqqət mərkəzindədir.
Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir, biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.

 Aytac CƏFƏRLİ

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR