21 Dekabr 2024, Şənbə
“Kənddən kəndə” devizi ilə keçirilən yürüşdə gənclər Şahbuz rayonunun Kükü kəndindən təxminən, 4 kilometr məsafədəki Gurbulaq şəlaləsinə qədər olan məsafəni piyada qət ediblər. 80-dən artıq gəncin iştirak etdiyi yürüşün keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği, gənclərin asudə vaxtının mənalı təşkili, muxtar respublikanın zəngin fauna və florasını gənclərə tanıtmaq, həmçinin yürüş idman növünün gənclər arasında yayılmasıdır. 
 
Yol boyunca bələdçi məlumat verdi ki, Kükü kəndi Şahbuzun ən böyük kəndlərindən biri, qədim yurd yerlərimizdəndir. Kənd dəniz səviyyəsindən, təxminən, 1900-2100 metr yüksəklikdə, Dərələyəz silsiləsinin cənub yamacında, Naxçıvançayın ən böyük qollarından biri olan Küküçay boyunca yerləşir. Füsunkar və qeyri-adi gözəlliklər Kükünü həm də turizm kəndi kimi tanıdır. Məlumat verilib ki, Kükünün turizm əhəmiyyətli bir çox yeri var ki, bunlardan biri də Gurbulaq şəlaləsidir. Bələdçi qeyd edib ki, Gurbulaq Dərələyəz silsiləsindəki qar sularından qidalanır. Suyu bol olduğuna görə adına Gurbulaq deyirlər. Su bulaqdan bir az aralıdakı sıldırım qayalardan üzüaşağı axaraq öz incilərini torpağa düzür. Qayalar təxminən 40 metr hündürlükdən tökülən suyu böldüyündən şəlalə üç tərəfdən axıb gedir. 
 
Maraqlı və uzun yürüş çərçivəsində gənclər Gurbulaq şəlaləsinə çatıblar. Gənclər burada fotoşəkillər çəkdirib, əyləncəli vaxt keçiriblər.

 
8 km-lik yürüşü başa vuran gənclər üçün Kükü kəndində yemək və çay süfrəsi təşkil olunub. Gənclər kəndin səfalı təbiətində müxtəlif milli oyunlar oynayıblar. Burada gənclər üçün meditasiya təlimi də keçilib. Təlim Şəhla Ramazanova tərəfindən aparılıb. Təlimçi vurğulayıb ki, təbiətlə bütünləşib ondan zövq almaq, mənən, fizikən və zehnən rahatlamaq üçün meditasiya ən gözəl üsullardan biridir.
Naxçıvan-Kükü-Gurbulaq turizm marşrutu muxtar respublikamızın perspektivli turizm marşrutlarındandır. Bu marşrutun test olunması və gələcəkdə populyarlıq qazanması bu istiqamətdə turizmin daha da inkişaf etməsinə imkan yaradacaq. 
 
Arzu Qasımov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR