07 Oktyabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun anadan olmasının 100 illiyi münasibətilə “Sənətşünaslıq elminin görkəmli siması” mövzusunda elmi konfrans keçirilib.


Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 9 iyul 2021-ci il tarixdə AMEA-nın müxbir üzvü Kərim Kərimovun Azərbaycan sənətşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və 100 illik yubileyi münasibətilə bu yubileyin qeyd olunması ilə bağlı xüsusi qərar imzalamışdır.
Akademik çıxışında professor Kərim Kərimovun yaradıcılıq yoluna qısa nəzər salaraq onun Azərbaycan sənətşünaslıq elminin, miniatür sənətinin tədqiqi və inkişafında olan mühüm rolunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, miniatürşünaslıq elminin mahir tədqiqatçısı Kərim Kərimov nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da mədəni abidələrimizin əsl təbliğatçısı kimi nümunəvi həyat və yaradıcılıq yolu keçmişdir.
Konfransda onlayn iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, professor Kərim Kərimov Azərbaycan sənətşünaslıq elmində zəngin irs qoymuş alimlərdən biridir. Miniatürşünaslıq elminin ilkin təmayüllərinin formalaşması, miniatür sənətinin dərindən öyrənilməsi istedadlı alimin Azərbaycan elmi və mədəniyyəti qarşısında ən böyük xidmətlərindəndir. Azərbaycan realist rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Bəhruz Kəngərli haqqında ilk və zəngin tədqiqatlar da məhz Kərim Kərimov qələmi ilə ərsəyə gəlmişdir.
AMEA-nın akademik-katibi, akademik Arif Həşimov çıxışında alimin yaradıcılığının əsas məqamlarını təhlil edib. Azərbaycan elminin davamlı inkişafını təmin etmək üçün elmi və tarixi irsimizin qorunub saxlanılmasının önəmini vurğulayıb.
Naxçıvan Rəssamlar Birliyinin Baş fond müdiri, dosent Nizami Alıyev konfransda “Professor Kərim Kərimovun həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, milli sənətşünaslıq elminin banilərindən olan Kərim Kərimov xalqını, vətənini sevən, nəcib ruhlu alim olmuşdur. Bu xətt onun apardığı tədqiqatlarda, elmi həqiqətlərin dünyaya bəyan olunmasında açıq-aşkar təzahür edir.
Alimin tədqiqatlarında XVIII-XIX əsr rus rəssamlarının yaradıcılığında Azərbaycan mövzusunun araşdırılması mühüm yer tutmuş, həmin əsərləri geniş aspektdə təhlil etmişdir.
Konfransda AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, dosent Həbibə Allahverdiyeva və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova çıxış edərək alimin həyat və yaradıcılığının müxtəlif dövrlərini təhlil ediblər.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR