30 Dekabr 2024, Bazar ertəsi

Şuşaya Vaqif Poeziya Günlərinə gedəcəyimi biləndə çox qəribə bir hiss keçirdim. İnanırdım ki, nə vaxtsa Şuşaya gedəcəyəm, amma bu tezliklə gedəcəyimi xəyalıma gətirmirdim. Şuşa ürəyimdə ən böyük yara idi. Şuşa hər bir Azərbaycan vətəndaşının qürur yeri, and yeri, qibləsi idi. Hələ on il bundan əvvəl şeirlərimin birində yazmışdım:

 Qana qandır bax bu gün mənim andım, şüarım,

Qanımı şərbət kimi içsin Vətən torpağı.
Bir milyon oğlu, qızı şəhid olsa da, belə,
Dalğalansın Şuşamda Azərbaycan bayrağı.
Qələbədir son andım – odur dinim, imanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Və bir də Şuşanın işğalından bir neçə il keçəndən sonra Təbrizə getmişdim. Qəribədir ki, Təbrizdə qeyri-adi bir duyğu məni tutdu. Düşündüm ki, bir zaman Təbrizə həsrət idik, indi də Şuşaya həsrət qalmışıq. Elə Təbrizdə olarkən yazdığım şeirdə Şuşa ilə bağlı ağrı-acımı dilə gətirdim:

Təbriz arzum, təmiz eşqim, diləyim,
Şuşa mənim yaralanmış ürəyim.
Mən Vətənsiz axı nəyəm, kiməm, kim?
Quru topraq, cansız daşam, Təbrizim!
Tarixdə çox sərtləşməyin olubdu,
Sərtləşməyin, mərdləşməyin olubdu,
Heç Şuşamla dərdləşməyin olubdu?
Düşürmü heç yada Şuşam, Təbrizim?!

29 il düşmən işğalı altında qalan Şuşa şəhəri Azərbaycan mədəniyyətinin beşiyidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Ordumuz tərəfindən erməni quldurlarından təmizlənən bu qədim şəhərimizə səfər etmək bir şair kimi mənim arzularımın zirvəsi qəbul edilə bilər və Vaqif Poeziya Günlərinin iştirakçısı kimi bu xoşbəxtlik mənə nəsib oldu.

İlk növbədə, yollarda dayanmaları da nəzərə alsaq, 8 saata Şuşaya çatdıq (Qayıdanda isə yolumuz 6 saatdan da az çəkdi). Yol bizə çox uzun göründü. 29 illik həsrətə son qoymaq üçün tələsirdik. Yolboyu Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin acı, ürəkdağlayan mənzərəsi ilə qarşılaşdıq. Xarabaya çevrilmiş kəndlər hər birimizin ürəyində ağrılı, göynərtili şırımlar açırdı. Erməni vandalizmi dağıdılmış, xaraba qoyulmuş bu kəndlərin timsalında özünü daha qabarıq göstərirdi. Amma biz qürurlu idik. Füzulidə başlanan böyük quruculuq işləri qəlbimizi sevinc hissi ilə doldururdu. Füzuli-Şuşa yolunun solunda salınan Füzuli Beynəlxalq Hava Limanında son tamamlama işləri həyata keçirilirdi. Hər tip təyyarələri qəbul edə biləcək bu hava limanına artıq ilk sınaq uçuşunu keçirən təyyarələr enib-qalxırdı. Elə həmin gün ölkə başçısı Şuşaya gələrkən bu hava limanında olmuş, işin gedişi ilə bir daha yaxından maraqlanmışdı.
Biz Şuşaya Füzulidən başlanan “Zəfər yolu” ilə qalxırdıq. Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə olunan cığır yolun əbədiləşdirilməsi məqsədilə tikilən bu yol dövlət başçısı tərəfindən “Zəfər yolu” adlandırılıb. Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nun keçdiyi ərazilərə baxanda təbiətimizin gözəlliyinə heyran qalmaqla yanaşı, bu yollardan şərəflə keçən qəhrəman oğullarımızı xatırladıq, Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad etdik. Yolun qısa bir zaman içərisində salındığını biləndə qürur hissi keçirdik.
Avqust ayının 29-da ölkə başçısı cənab İlham Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, büstünün, əzəmətli “Qarabağ” otelinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəyovun heykəlinin açılışını etdi, dahi bəstəkarın ev-muzeyinin bərpası üçün göstərişlər verdi. Həmin gün bir sıra muzeylərin də açılışını edən ölkə başçısı 5 mərtəbəli, 150 otaqdan ibarət otel və konfrans mərkəzinin binasının təməlini qoydu. Şuşanın baş planının layihəsi həmin gün dövlətimizin başçısına təqdim olundu, birinci məhəllənin də təməli qoyuldu.
2021-ci il 30 avqust tarixdə Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkənin həyatında mühüm rol oynamaqla yanaşı, Şuşada əsl bayram əhvali-ruhiyyəsi yaratdı.

– Azərbaycanın mədəni irsinin tarixə və yaddaşlara yazılmasında böyük əməyi olan ulu öndər Heydər Əliyevin qərarı ilə 1982-ci il yanvar ayının 14-də, şaxtalı bir gündə Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada ucaldılmış məqbərəsinin açılışı keçirilmişdi. Bu, çox böyük hadisə idi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Bunun üçün isə heç bir tarixi, mədəni əsas yox idi.
1982-ci ildə də ulu öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmış və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.
On illər ərzində işğal atında qalan mədəniyyət ocağımız Şuşada düşmənin vandalizmi nəticəsində Azərbaycan mədəniyyətinə aid bütün tarixi abidələr məhv edilmişdi, o cümlədən Molla Pənah Vaqifə ucaldılmış məqbərəni də tanınmaz hala salmışdı. İşğaldan azad edilən Şuşa şəhərini ziyarət edən Prezident cənab İlham Əliyev, dərhal şəhərin tarixi irsini qorumaqla bərpa olunması üçün göstərişlərini verdi və Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Molla Pənah Vaqifin məqbərəsinin və büstünün qısa zamanda açılışı Şuşanın, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bütün dünyaya bir daha təsdiqləyən mühüm fakt idi. Çünki təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri, dövrünün siyasi xadimi olmuşdu.
Avqust ayının 30-da Şuşa şəhərində bərpa edilən Molla Pənah Vaqifin məqbərəsinin açılışı və Vaqif Poeziya Günlərinin keçirilməsi münasibətilə tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərində görülən işlər barədə məlumat verdi.
Şuşaya tam mənada zəngin həyatın qaytarılması üçün atılan zəruri addımlara toxunan Prezident bildirdi: “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi”.
Dövlətimizin başçısı Ali Baş komandan Böyük Qələbəmizdən də qürurla söz açaraq dedi: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan Qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir”.
Vaqif Poeziya Günlərinin birinci günündə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Elçin çıxış etdilər və iki gənc şair şeirlərini oxudu.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənildi, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edildi.
Vaqif Poeziya Günlərinin ikinci günündə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayaraq dedi: “Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq”. Xalq şairi bu ucalığı xalqımıza bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan əsgərinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu günlərdə təşkil olunan Vaqif Poeziya Günləri, əslində, sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə qısa bir zamanda çox sürətlə keçərək bu yerə gəlib çatıblar. Bu, misligörünməmiş bir qəhrəmanlıqdır. Əslində, bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza da Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir. 44 günlük müharibə də bu birliyi bir daha göstərdi. Amma bu birliyin ən gözəl nümunəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan göstərdi.
Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, şairlərdən İbrahim İlyaslı, Nigar Həsənzadə, Xəyal Rza, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, Fərid Hüseyn çıxış edərək şeirlərini oxudular. Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları tədbir iştirakçılarını muğam, sənət dünyamızın beşiyi olan Şuşa ovqatına, millilik ruhuna köklədi. “Nizamidən Vaqifə” adlı poetik kompozisiya isə tədbirə xüsusi rəng qatdı. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılandı. Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vuruldu. Bu tədbir bir daha göstərdi ki, Şuşa Qarabağın mədəniyyət mərkəzi, musiqi beşiyidir. Bəli, Şuşa sarayı yenidən ucalır.
Şuşa şəhərinin hər bir yerini gəzdik, dolaşdıq. Cıdır düzündə olduq, Vaqifin məqbərəsinin önündə şeir oxudum, 3 gün “Xarıbülbül” otelində Azərbaycanın görkəmli söz, sənət adamları, Milli Məclisin deputatları ilə həmsöhbət oldum, Xan qızı Natəvanın dağılmış evinə baş çəkdim, həmin evin yanında ölkə başçısının göstərişi ilə yenidən bərpa olunan bulağın suyundan içdim, Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərinə baxdım, bərpa olunan binalara, məscidlərə heyranlıqla göz yetirdim, “Bravo” marketindən “Sirab” suyu aldım, elə qaldığımız “Xarıbülbül” otelində də hər gün “Sirab” masamızın üstündə idi. Şəhərin divarlarına yazılmış “Çərçiboğan uşaqları”, “Nehrəm uşaqları” sözlərini oxuyanda ürəyim atlandı. Şuşanın, Qarabağın azad olunmasında iştirak edən hər bir əsgərin qarşısında özümü borclu sandım, qazilərimizə cansağlığı, şəhidlərimizə Allahdan rəhmət dilədim.
Şəhərdə gedən böyük abadlıq işlərini gördüm və sevindim ki, gözəl Şuşa tezliklə öz gözəlliyinə qovuşacaq. Bu gün Şuşa şəhəri, Füzuli rayonu inşaat meydançasını xatırladır. Hər yerdə sürətli bərpa və quruculuq işləri görülür.
Sevinirəm, fəxr edirəm ki, qüdrətli Azərbaycan dövlətimiz var. Güclü iqtisadiyyatımız sayəsində elə qarşıdakı illərdə Şuşamızın, dağıdılmış kəndlərimizin, yollarımızın bərpasının şahidi olacağıq və bütün dünyaya yenidən səslənərək deyəcəyik ki, Qarabağ bizimdir, Şuşa bizimdir, biz onu sevirik, qoruyuruq, dirçəldirik. Yurd, Vətən sevgisi, yurda bağlılıq, baxın belə olur.
Şuşa sevinirdi doğmaları qayıtdığı üçün, insanlar da sevinirdi – Şuşanın qoynunda gəzdiyi, Şuşanın təmiz havasını udduğu üçün, onun vüsalına qovuşduğu üçün.
Həmin günlərdə dilimdə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin bir sözü qürurla səslənirdi:
– Əziz Şuşa, biz qayıtmışıq!
Biz qayıtdıq, elliklə qayıtdıq, sözlə, nəğmə ilə qayıtdıq. Elə şuşalıların nümayəndələri də bizimlə Şuşaya getmişdi. Mən məqbərənin önündə çıxışım zamanı dedim ki, 2014-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş tədbirdə ölkə başçımız mənim bir şeirimin son bəndi səslənəndə çox kövrəlmiş, dərindən köks ötürmüşdü. Həmin şeirdə deyirdim:

Cənnət olub Vətənim – köksümə sığmır ürək,
İnanıram, bir gün də Naxçıvanım güləntək
Qarabağım gülərək zil səsiylə deyəcək:
-Şuşaya, Xocalıya eli, obası gəldi!
Gəldi, ulu Heydərin İlham balası gəldi!
Gəldi, ulu öndərin İlham dühası gəldi!

Bəli, arzuladığım günü gördüm. Şuşaya gəldik, Şuşanı gördük. Şuşadan çox böyük inamla, ümidlə qayıtdıq. Çox çəkməz ki, qəhrəman oğullarımızın sayəsində azad edilən, dövlətimizin gücü-qüdrəti sayəsində gülüstana dönəcək doğma Qarabağımızı bütünlüklə – qarış-qarış gəzərik...

Asim YADİGAR
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR