08 Oktyabr 2024, Çərşənbə axşamı

“Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov qəhrəmancasına ön xətdə şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub”. 2020-ci ilin 14 iyulunda bu xəbərlə açdıq sabahımızı. Səsinin hər zərrəsində kədər hiss olunan general-leytenant Kərim Vəliyevin Tovuzdakı erməni təxribatı ilə bağlı televiziyadakı çıxışını dinləyərkən xalq olaraq sarsılsaq da, qisas hissi ilə daha da gücləndi əzmimiz. Xalqın illərdir tarıma çəkilən səbrinin son damlası idi, əslində, bu xəbər...


“Qığılcımdan alov doğar” deyib, – atalarımız. Elə bu tarixdə qığılcımdan alov alıb ocaq olduq. Elə bir ocaq ki, düşmənə od qoyub, onun qorxulu yuxusuna çevrildik. General-mayor Polad Həşimovun şəhid olması hər kəsin qəlbini göynətsə də, səngər generalının əzmi, qorxmazlığı, şücaəti ermənilərin qurduğu istehkam və səngərləri bir-bir yıxıb-keçən Azərbaycan əsgərinə güc verdi, yoluna işıq tutdu. Qəhrəman Polad Həşimov Azərbaycanın hər bir igidinin ürəyində, biləyində, düşməni lərzəyə salan heybətində yenidən qayıtdı döyüş meydanına. Çiyin-çiyinə qəhrəmanlarımızla birgə qalxdı Murov dağına, Suqovuşanı illər sonra birgə azad etdi əsgərlərilə, Cəbrayılda “Dostluq” bulağından ilk o su içdi, Füzulidə düşmənə ilk o qan uddurdu, Zəngilanda, Qubadlıda Vətənin həsrətinə ilk o son qoydu. Xudayar “Vətən yaxşıdır” nəğməsini oxuyarkən o da həmin igidlərlə birgə öz gözəl yurdunu xəyalından keçirib, Vətən nəğməsinin sehrinə qapılaraq dastana çevrildi. Müqəddəs torpağımızın hər zərrəsini qanı ilə alan qəhrəmanların anbaan yanında oldu ölməz Polad Həşimov. O qarşıladı şəhadət mərtəbəsinə yüksələn qəhrəmanlarımızı Cənnətin ən gözəl guşəsində...Vətən müharibəsindən ötən bu bir ildə qəhrəman generalımızı bütün Azərbaycan tanıdı. Elə qəhrəmanımızı yetişdirib xalqımıza bəxş edən ailə üzvlərini də...
Bəyaz saçlı, dağ əzəmətli Səmayə ananı mənim kimi bir çoxları qəhrəmanımızla bağlı hazırlanmış televiziya proqramlarından tanımışdıq. Amma xəyalıma da gətirə bilməzdim ki, bu nurani general anası ilə Naxçıvanda görüşmək nəsibimiz olacaq. Həm də məhz igid oğullarımızın Anım Günündə. Dağ vüqarlı, məğrur duruşlu anamızı 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günündə bu diyara gətirən ilk səbəb torpaq uğrunda böyük qəhrəmanlıq göstərərək çoxlu igidlər qurban verən Naxçıvanın şəhid anaları ilə həmrəy olmaq idi. Digər səbəb isə şəhid general-mayor Polad Həşimov şəhidlik zirvəsini fəth edərkən general papağını düşmən tapdağı altında qoymamaq üçün sinəsini düşmən gülləsinə sipər edib rəşadət göstərən şəhid olan əsgər İlkin Muradlının məzarını ziyarət etmək idi. Hansı ki bu igid həmyerlimizin doğum günü 27 sentyabr – Anım Gününə təsadüf edir.
Bəli, xalqın generalı Polad Həşimovun əsgəri İlkin Muradlının 27 sentyabr şəhidlik zirvəsinə ucalmasından sonrakı ilk doğum günündə anasını yalnız buraxmaq istəməmişdi Səmayə ana. Axı o şəhid övladının acısını və fəxarətini hamıdan əvvəl yaşamışdı.
Səmayə xanımın anım tədbirindən sonra ilk üz tutduğu məkan isə “Əshabi-kəhf” Ziyarətgahı Abidə Kompleksi oldu. Bu müqəddəs məkan müqəddəs ana ucalığını və ülviyyətini yaşayan şəhid anasına qucaq açdı, onun Vətənə sülh, əmin-amanlıq arzulu dualarını qəbul etdi.
Əshabi-kəhfdə dəfələrlə olmuşam. Amma bu müqəddəs məkanda belə müqəddəs insanlarla birgə addımlamaq daha böyük təsiredici idi mənim üçün. Sanki bu dağların sirri, möcüzəsi tamam başqa ab-havada idi. Qürur duydum, fərəhləndim, fəxarət hissi keçirdim xalqın generalını yetişdirən Səmayə ana, könüllərdə dastana dönən Xudayarı boya-başa çatdıran Radə ana və qəhrəmanlar diyarımızın igid oğullarını qəhrəmancasına döyüşə yola salan ləyaqətli, qeyrətli Naxçıvanın şəhid anaları ilə həmsöhbət olmaqdan.
Naxçıvanda hər həftənin ikinci günü şəhid anaları qəhrəman övladlarının ruhuna dualar oxumaq üçün “Əshabi-Kəhf” ziyarətgahına üz tuturlar. Qəhrəman şəhidimiz İlkin Muradlının anası Həcər xanımdan bu xəbəri alan Səmayə ana Radə xanımla birlikdə onlara qoşuldu. Birlikdə bu müqəddəs məkanı ziyarət edib cənnətdəki övladlarının,Qarabağ şəhidlərinin ruhuna dualar oxudu.
Əshabi-kəhf ziyarətgahından sonra Polad Həşimovun anası başda olmaqla, bütün şəhid analarının üz tutduğu digər müqəddəs məkan isə ərənlərimizin uyuduğu Naxçıvan şəhər qəbiristanlığı oldu. Təkcə general-mayor Polad Həşimovun deyil, bütün Azərbaycanın baş tacı Səmayə ana, nur üzlü şəhidimiz Xudayar Yusifzadənin anası Radə ana, İlkin Muradlının anası Həcər ana və Naxçıvanın digər qeyrətli oğul anaları bir-bir bütün şəhid məzarları üstündə dualar etdilər. Məğrur, başıdik, alnıaçıq Səmayə ana bütün şəhid analarına, möhkəm dayanmağı, dağ qədər vüqarlı olmağı arzu etdi.
Bu görüşü bir fürsət bilib elimizin generalını yetişdirən məğrur anadan qəhrəman övladı ilə xatirələrindən ən unudulmazını öyrənmək istədim. Səmayə ana deyir ki, hələ uşaqlar balaca olanda ataları xəstələndi. O vaxt qızlarım məktəbə gedirdi, Poladla İlham (Polad Həşimovun kiçik qardaşı) isə bağçaya. İşdən gəlib tez tələsik yemək hazırladım ki, xəstəxanaya yoldaşıma aparım. Axşam olduğuna görə uşaqların hamısını apara bilmirdim. Maşın yox idi, avtobuslar narahat idi. Hər gün Poladı özümlə aparırdım. Bir dəfə mənə dedi ki, “ana niyə həmişə məni özünlə aparırsan?” Mən də dedim ki, qardaşın balacadı, bacılarını da apara bilmərəm, sən yekə kişisən, mənim yanımda olanda mən qorxmuram. Bu söz onu necə tutmuşdusa, hər gün mənimlə gedirdi. Qayıdanda bir az irəlidə qaçırdı, anidən dayanıb soruşurdu ki, “ana, mən belə gedəndə sən qorxmursan ki?” Onun düşüncə tərzini mən heç bir uşaqda görmədim, bundan sonra da dünyaya ikinci Poladın gələcəyinə inanmıram.
Qalib Ordu genaralının anası olmaq necə bir hissdir? sualını isə belə cavablandırır Səmayə anamız: – Ömürlük qürur, fərəh, fəxarət... Başı göy qübbələrinə ucalan məğrur qadın deyir ki, Polad və onun kimi oğullar bu torpaqları qoruyub öz qanları ilə bu günümüzə ərməğan etdilər. Bu gün də Poladlar, Mübarizlər, Xudayarlar yetişir. Sabah da onların davamçıları var olacaq. Bu xalq var olduqca, onlar da var olacaq. Onun hərbçi kimi mərdliyini, cəsarətini onunla çiyin-çiyinə döyüşən silah yoldaşları, əsgərləri danışır. Bununla belə, qeyd etməliyəm ki, Poladımı əsl qəhrəmana çevirən onun yüksək mənəviyyatı, əxlaq və tərbiyəsi olub. 45 illik həyat yolunda bir dəfə də olsun oğlum mənim başımı aşağı etməyib. 17 yaşından əziyyət görüb, işləyib, çalışıb-vuruşub. Öz zəhməti ilə tutduğu mövqelərə gəlib çatıb. Öz zəhmətinin, öz əziyyətinin bəhrəsini görən insan heç vaxt zərər çəkməz. Bu gün xalqın sevgisini də o özü qazanıb. Hələ bir dəfə olsun heç kimdən eşitməmişəm ki, Poladdan incik olduğunu desin. Oğlum bütün dərdini, sözünü qəlbində saxlayardı. Özü ilə birlikdə çox həqiqətləri də torpağın altına apardı.
Oğlum 1992-ci ildən Azərbaycan Ordusu sıralarına qoşuldu. 28 il vicdanla xalqına, millətinə xidmət etdi. Bu gün onun keçdiyi 45 illik şərəfli həyat yoluna silahdaşları, ömründə bircə dəfə belə oğlumu görməyən, sadəcə, adını eşidən milyonlarla azərbaycanlı qiymət verir. Polad Həşimov şəhid olduğu gündən bir gün belə, evimiz boş qalmır. Onun üçün çox darıxıram, amma onun bu qədər sevildiyini, xatirəsinə bu qədər ehtiramla yanaşıldığını görəndə xalqımla fəxr edirəm... Qəhrəman ananın bu sözlərindən ürəyim dağa döndü. Qarabağ qələbəmizin fərəh və qürurunu ikiqat yaşadım. Var olsun Səmayə ana kimi qəhrəman analarımız ki xalqımızın dəyanət, yüksək mənəviyyat rəmzinə çevrilib, tarixdə silinməyəcək qəhrəmanlar yetişdirirlər.
Könüllü olaraq odlu-alovlu səngərlərə atılan qəhrəman şəhidimiz Xudayar Yusifzadə yaddaşlarda yoldaşları ilə çiyin-çiyinə vuruşması ilə yanaşı, həm də xoş təbəssümü, məlahətli səsi ilə xalqın yaddaşında yaşayır. Öz ifası ilə bütün xalqın ürəyində əbədi iz buraxan Xudayar Yusifzadənin şəklini daşımaq mənə dərin duyğular yaşatdı. “Xudayarın bacısısınız?” suallarına cavab verə bilməməyim çox kövrəltdi məni, bir sözlə, duyğu selinə qapıldım. Və sadəcə “kaş” deyə bildim. Xudayarın anası, necə gözəl anasan sən? Özü şəhid anası olduğu halda hər bir şəhid anasının əlindən tutdu, göz yaşlarını sildi, mənəvi dəstəyini heç əsirgəmədi. Bu, Azərbaycan qadınının gücünün təzahürü idi, Radə ananın timsalında.
O deyir ki, Xudayar Polad Həşimov şəhid olduğu gün könüllü yazıldı ordu sıralarına. Qəlbini qisas hissi bürüyən igidimiz generalımızın qisasını aldı və mənə bir ömür fəxarət hissi miras buraxdı. Fəxr edirəm ki, belə qeyrətli oğulları var Azərbaycanın.
Şəhid analarının üz tutduğu digər müqəddəs məkan isə yan-yana uyuduqları məzarlığı gülüstana çevirən şəhidlərimiz Qabil Orucəliyev və Bağır Ələkbərovun son mənzilləri oldu. Dağ vüqarlı şəhid anaları məzar üstünə gül dəstələri düzdü, şəhidlərimizin müqəddəs ruhlarına dualar oxundu.
Tarixboyu Azərbaycan qadınının mətinliyini, ülviliyini təcəssüm etdirən müqəddəs abidəmiz Möminə xatın da qəhrəman şəhidlərimizin analarını bağrına basdı. Axı onlar Möminə xatın kimi qəhrəman analarımızın, qeyrətli qadınlarımızın davamçılarıdır. Xalqa qəhrəman nəsillər bəxş edən müqəddəs analarımızın qarşısında daha da vüqarlı göründü gözümə bu əzəmətli şah əsər... Onları seyr edərkən düşündüm ki, qalib ordunun qəhrəman genaralından tutmuş cəsur əsgərinədək Vətən uğrunda şəhadətə yüksələnlərin məğrur analarının məhz şanlı mübarizə tarixinə malik sərkərdələr, generallar yurdu Naxçıvandakı bu həmrəyliyi düşmənə daha bir gözdağıdır: “Övladlarımız döyüş meydanında bir yumruğa döndüyü kimi, biz də burada – düşmənin köhnə, lakin gerçək olmayacaq xülyası Naxçıvandakı qarı düşmənə meydan oxuyaraq deyirik”: Biz qalibik, yaşayırıq, yaşadırıq! Hələ neçə-neçə Polad iradəli, mübariz ruhlu, qalib xislətli ərənlər yetirəcəyik! Azadlıq rəmzinə çevrilən Mübarizlər, Poladlar, Xudayarlar, Cəbrayıllar kimi ölməz qəhrəmanlarımızın qeyrətli anaları kimi qürurla, iftixarla və başıuca gəzəcəyik bütöv Azərbaycanımızda...

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR