(Şuşa təəssüratları)
Ötən günlərdə gözəl təbiəti, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən Qarabağımızın tacı Şuşamızda əsl bayram ab-havası yaşandı. 30-31 avqust tarixlərdə keçirilən Vaqif Poeziya Günləri dünyanın diqqətini yenidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çəkdi. Bir daha xalqımıza qalibiyyət qazandıran qəhrəman oğullarımızla qürur duyduq, şəhidlərimizin ruhu rahatlıq tapdı. İşğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şair doğma Şuşamızda yenidən təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. 39 illik tarixi olan Vaqif Poeziya Günlərində qədim diyarımız Naxçıvandan da mədəniyyət və incəsənət adamları iştirak etdilər. Onlardan biri – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva ilə həmsöhbət olduq və Şuşa təəssüratlarını öyrəndik.
– Ülviyyə xanım, Şuşaya necə gedib çıxdınız?
– Öncə qeyd edim ki, mən iyulun 22-dən 31-nə kimi Türkiyənin İzmir şəhərində Tınaztəpə Universitetinin təşkilatçılığı ilə Rəssamların l Beynəlxalq Yaradıcılıq Simpoziumuna dəvət olunmuşdum. Artıq simpoziumun bir neçə günü keçmişdi, ayın 27-si mənə zəng gəldi ki, Şuşa şəhərinə yollanacaq heyətin siyahısında adım var...
Çox sevindim və həmin günə də biletimi dəyişdirib, Bakıya gəldim. Çünki Şuşa çox uzun zamandan bəri arzuladığımız və röyalarımızda canlandırdığımız, əlçatmaz bir əfsanə idi.... Sərgimin açılışını gözləmədən, tərəddüd etmədən gəldim...Yolda bir çox çətinliklərlə qarşılaşdım, hətta çata bilməyəcəyimi də düşündüm. Lakin Allah istərsə, olur... Tədbirə dəvət olunanlardan xəbərsiz idim açığı. Sonra muxtar respublikadan Naxçıvan Muxtar Respublikası Yazııçılar Birliyinin sədri, Ali Məclisin deputatı, yazıçı, şair, publisist Asim Yadigarı və şair-publisist Qafar Qəribi görüb, şad oldum.
–Yolboyu təssüratlarınızı bilmək istərdim. İşğaldan azad olunmuş torpaqlarımızda vəziyyət necə idi?
– Kiçiktutumlu mikroavtobuslarla yola düşdük. Çox rahat və yaxşı şəraiti olan bu avtobuslarda heç yorulmadan 5-6 saata mənzilə çatdıq. Yolboyu Azərbaycanımızın rayonlarını, kəndlərini, göl və təpələrini, Kür çayını seyr edə-edə gedirdik... Yolun kənarında “Dəmir yumruq” əks olunan bir lövhə “Zəfər yolu”nun başladığını xəbər edirdi... Bu yolla irəliləmək bizə qürur verir və qalibiyyət kimi xoş hisslər oyadırdı... Yol yoldaşlarımız görkəmli sənət adamları və deputatlarımız hisslərini bölüşür, müharibə, qalibiyyət, siyasi strategiya, şəhidlərimiz, mədəni irsimiz və digər söhbətlər, müzakirələr edir, işğaldan azad olunmuş torpaqlarımızı görəndə isə nəfəsimizi dərib səssizlik içində erməni vandallarının törətdikləri vəhşilikləri seyr edirdik... Gözəl tikililərdən əsər-əlamət qalmamışdı, evlərin uçuq divarları, yandırılmış torpaqlar, qurumuş, sıradan çıxmış üzüm bağları, qazılmış səngərlər və sair... Çox maraqlıdır ki, ağaclar yalnız uçuq evlərin içində bitib, göyərmişdilər. Bir rəssam kimi “həyat evlərimizdə davam edir”, – deyə düşündüm.... “Zəfər yolu” çox çətinliklə çəkilən yoldur. Bu yolu çəkmək üçün insan əzmi və texnika gücü olmalıdır, bunların hər ikisi də bizdə var... Çünki yollar enişli-yoxuşlu, daşlı-qayalıdır. Yolboyu dayanmadan abadlıq, quruculuq işlərinin getdiyini görür, ürəyimiz dağa dönürdü... Onu da etiraf edim ki, bugünkü dövlət müstəqilliyimizin, taxriri zəfərimizin, ərazi bütövlüyümüzün qorunmasının təməlinin məhz 30 il bundan əvvəl Naxçıvanda – ümüummili liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi və buradakı siyasi fəaliyyəti ilə qoyulması qəlbimdə ikiqat qürur hissi doğururdu.
– Şuşaya çatanda nələr hiss etdiniz, qəhrəman oğullarımızın gücünü, cəsarətini necə qiymətləndirərdiniz bu məqamda?
– Həyatımda ilk dəfə idi ki, Şuşaya gedirdim... İnanın ki, xəyallarımda olduğundan daha gözəldir bu şəhər... Naxçıvanımız kişi vüqarına, dəyanətinə malikdirsə, Şuşamızda da bir əzəmət, nəciblik var....
Şuşada olmaq bir yuxu kimi gəlirdi...Və dincəlmədən şəhərə çıxıb gəzdik ilk olaraq. Azad olunmuş doğma torpaqda həyat görmək məni çox sevindirdi. Burada işləmək üçün digər rayonlarımızdan gələn insanlarımızı görmək, şuşalıların xatirələrini dinləmək çox xoş idi...Və bu yerdə göz yaşlarını saxlamaq mümkün deyildi. Dağlarına baxıb, qanı ilə, canı ilə bu torpaqları qaytaran igidlərimizlə bağlı bu məqamda həmin igidlərin sırasında naxçıvanlı qəhrəman oğullarımızın da olmasından qəhər dolu qürur hissi keçirərək ruhlarını hiss edirdik yanımızda... Bir əlində silah, bir çiynində yaralı dostunu, silahdaşını daşıdıqları küçələrdə idik... Zamanımız çox az idi və gördüyümüz hər mənzərəni tezliklə hafizəmizə həkk etməyə tələsirdik. Hər an dağıntılar görürdük. Bu cür dağıntılara yalnız Roma, Yunanıstan və digər yerlərdə rast gəlinmişdi. Erməni vandallarının törətdikləri vəhşiliklərin izləri hər yerdə var idi... Əsgərlərimizin də sevinclə Şuşa şəhərinə girmələrinin izləri, divarda “Mən Şuşadayam! Nehrəm, Gəncə, Culfa, Lənkəran” kimi yazılara da rast gəlirdik. Çox istəyərdim, açıq səma altında muzey kimi qalsın bəzi dağıntılar. Şuşamızın nələrdən keçdiyini bütün dünya görsün! Lakin yaşadığı ağrı-acılara, dağıntılara baxmayaraq, Şuşa bizi ağuşuna aldı, bizi öz havası və gözəlliyi ilə heyrətə gətirdi... Sevinc və qürur hissləri keçirdik. Şuşamız bərpa olunur, zamanı keçmiş qəzalı binalar sökülərək yenidən tikilir, gözəlləşir bir sözlə.
– Sevinc, qürur hissləri ilə yadda qalan Vaqif Poeziya Günlərində diqqətinizi çəkən məqamları, təəssüratlarınızı bölüşərdiniz?
– 30 avqust tarixində, Vaqif Poeziya Günlərinin açılış mərasimi idi. Möhtəşəm hisslər keçirdik. Ölkə Prezidentinin çıxışı, ulu öndər Heydər Əliyevin qorunaraq saxlanılmış tarxi kadrlardan götürülmüş Vaqifin məqbərəsinin açılışından görüntülər, şairlərimizin çıxışları və minnətdarlıqları, “Qarabağ şikəstəsi”nin səsləndirilməsi... Qeyd edim ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul-3 avqust tarixlərdə Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra, yəni 39 ildən sonra yenidən təşkil olundu. Burada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin dediklərini xatırlatmaq istərdim: – Molla Pənah Vaqifin poeziyası əbədi olduğu kimi, Şuşa şəhərində ucaldılan bu muzey-məqbərə də azərbaycanlıların bundan sonra bu diyarda əbədi olaraq yaşayacaqlarının rəmzidir. Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, Bülbülün ermənilər tərəfindən güllələnmiş abidələrinin Prezidentin böyük səyləri ilə Şuşa şəhərində yenidən ucaldılması Azərbaycan xalqının məğlubedilməzliyinin rəmzidir. Bütün bunlar hamısı XXI əsrin əfsanəsidir. Və tədbirdəki ən möhtəşəm məqam isə Ali Baş Komandanımızın Vətən uğrunda canlarından keçən oğullarımızı anmağı oldu. O anlar hisslərimiz aşıb-daşır, gah həyəcanlanır, gah da ki qəhərlənirdik. Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olduq. Qarabağda təşkil olunan bu ilk sərgilər möhtəşəm sənət bayramı idi. Gələcəkdə Naxçıvan rəssamlarının da əsərləri bu mötəbər salonlarda sərgilənəcək. Daha sonra illərlə Bakıda qorunub saxlanılan “güllələnmiş” heykəllərimizi doğma məkanlarında ziyarət etdik. Şuşada yeganə dağılmamış evin sahibinin evində qonaq olduq, xan qızı Natəvanın tikdirdiyi bulağı, Gövhər ağa məscidini ziyarət etdik.
– Ülviyyə xanım, yəqin ki, təəssuratlarınız tezliklə bir-birindən maraqlı, rəngarəng sənət əsərlərinizdə yaradıcılığınızı zənginləşdirəcək. Bəs bu silsilə əsərləri necə adlandırardınız?
Bir rəssam olaraq gələcəkdə silsilə əsərlər çəkməyi düşünürəm....Hətta ürəyim elə Qarabağda etüdlər də etmək istəyir... Sərginin adını isə “Qayıdış” olaraq görürəm!
– Maraqlı söhbətiniz üçün çox sağ olun!
Güntac ŞAHMƏMMƏDLİ