22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunun kənd adamları kartofçuluqda zəngin təcrübə qazanıblar. Onlar hərtərəfli dövlət qayğısından və qazandıqları təcrübədən səmərəli istifadə edərək hər il uğurlu nəticələrə nail olurlar. Bu cəhətdən cari il də tarlalar vaxtlı-vaxtında və yüksək aqrotexniki səviyyədə becərildiyindən torpaq mülkiyyətçiləri bol məhsula sahib olublar. Ötən günlərdə torpağa baş əyən insanlarla elə iş başındaca, əkin sahələrində görüşüb, həmsöhbət olduq.

 Düdəngə kənd sakini, Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin sədri, torpaq mülkiyyətçisi Mübariz Şirəliyevlə söhbətimizdə bildirdi ki, ötən illər ərzində qəbul olunan mühüm sərəncamların uğurlu icrası nəticəsində yaranan münbit şərait Şərurda da kartofçuluqla məşğul olan torpaq mülkiyyətçiləri qarşısında geniş üfüqlər açıb, bu sahənin inkişafına yeni stimul verib. Nəzərə alsaq ki, çörəkdən sonra kartof ən çox istifadə olunan ərzaq məhsuludur, onda bu sahənin dinamik inkişafının necə böyük əhəmiyyət kəsb etdiyini təsəvvür etmək o qədər də çətin deyil. Əhalinin ərzaq təhlükəsizliyi baxımından da bu, olduqca vacibdir. Hər il olduğu kimi, cari ildə də rayonun Cəlilkənd, Düdəngə, Xanlıqlar, Çərçiboğan və Ələkli kəndlərində kartof əkininə daha geniş yer verilib.

Mübariz Şirəliyev qeyd edir ki, təsərrüfat suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinin güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması muxtar respublikada kənd təsərrüfatının inkişafına geniş imkanlar açıb. Həmçinin muxtar respublikada yaradılmış toxumçuluq təsərrüfatları, soyuducu anbarların istifadəyə verilməsi məhsul bolluğunun yaradılmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, kartofa olan tələbat da artıq daxili imkanlar hesabına ödənilir.
Bu bitkinin əkilib-becərilməsində zəngin təcrübəyə malik olanlardan biri də rayonun Cəlilkənd sakini Məhəmməd Tağıyevdir.

Müsahibim deyir ki, uzun illərdir, kartofçuluqla məşğuldur. Bu il 20 hektara yaxın sahədə yazlıq kartof əkib. Zəhmət adamı onu da bildirir ki, kartof əkini üçün torpağın və texnikanın hazırlanması işləri, əsasən, payız aylarında həyata keçirilir. Bitkinin toxumu əkiləndən sonra herbisidlərdən istifadə edilir, bütün işlər texnikalar vasitəsilə həyata keçirilir. Artıq torpaq mülkiyyətçiləri bir neçə ildir ki, kartof əkinini açıq sahələrlə yanaşı, istixana şəraitində də həyata keçirməyə başlayıblar.
Məhəmməd Tağıyev onu da deyir ki, burada diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumla təchizat məsələsidir. Artıq bu məsələ də öz həllini tapıb. Muxtar respublikada yaradılan toxumçuluq təsərrüfatları bu işdə kartofçuluqla məşğul olanlara yaxından köməklik göstərirlər. Əkinçilikdə əsas məsələlərdən biri də keyfiyyətli toxumla bərabər gübrələrdən də istifadə etməkdir. Bu işdə də kəndlinin ən yaxın köməkçisi dövlətimizdir. İllər öncə məhsulu saxlamaq çətinliyi yaranır və min bir əziyyətlə topladığımız məhsul zay olurdu. Rayonumuzun bir çox kəndində soyuducu anbarların istifadəyə verilməsi işimizi xeyli asanlaşdırıb.
Rayonun Sərxanlı kənd sakini Vəli Zamanov Cəlilkənd, Mahmudkənd və Çərçiboğanda, ümumilikdə, 15 hektar yazlıq kartof əkini aparıb. O deyir ki, əkin sahələrinin genişləndirilməsi üçün təsərrüfat suyuna olan tələbatın ödənilməsi, qapalı suvarma şəbəkələrinin qurulması, güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması hesabına kartofçuluğa olan maraq xeyli artıb. Müsahibim deyir ki, sahələrdə suvarma çiləmə üsulu ilə aparılır. Onu da bildirir ki, bu üsuldan istifadə etdikdən sonra məhsuldarlığın artdığını müşahidə edib və bütün əkin sahələrində bu sistemi yaratmaq qərarına gəlib. Dövlətimizin yaratdığı şəraitdən istifadə edən təsərrüfatçı yaxın vaxtlarda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən digər əkin sahələri üçün də suvarma şəbəkəsi satın alıb.
Müsahibimlə söhbətdən belə qənaətə gəlmək olar ki, zəhmət çəkən hər kəs yaxşı yaşaya, dolana bilər. Belə bir el misalı var: torpaqda izin olsun ki, süfrədə üzün olsun. Çünki torpaq adamı naümid buraxmaz. Və ən əsası torpaq bu gün min bir zəhmətlə onun nazını çəkən, ona ürəkdən bağlananlar üçün ən yaxşı iş yerinə çevrilib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR