Sentyabrın 27-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə şəhərimizin mərkəzində ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsi qarşısına gül dəstələri qoyublar, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev muzeyinə baxış olub, dahi liderin mənalı həyat yolu barədə qonaqlara ətraflı məlumat verilib.
Vurğulanıb ki, ümummilli lider hakimiyyətdə olduğu illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, Azərbaycançılıq məfkurəsi dirçəldilməyə başladı. Hakimiyyətinin hər iki dövründə ölkənin gələcək taleyi üçün böyük amallara hesablanmış addımların atılması dahi liderin uzaqgörənliyinin, fədakarlığının bariz nümunəsi idi. Bu taleyüklü və qətiyyətli addımların əsasında Azərbaycan Respublikası bu gün özünün ən qüdrətli dövrünü yaşamaqdadır.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və qeyri-adi uzaqgörənliyi, dövrün çağırışlarına adekvat və tutarlı cavab vermək, bu xüsusda düzgün qərarlar qəbul edib qətiyyətlə həyata keçirmək kimi idarəçilik istedadı və ustalığı ilə xalqımızın taleyində həlledici rol oynayıb, Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Bu bizim qardaş Azərbaycana, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvana 44 günlük müharibə nəticəsində əldə etdiyi zəfərdən sonra etdiyimiz ilk səfərimizdir. Bilirik ki, II Qarabağ müharibəsində torpaqların düşmən işğalından azad olunmasında naxçıvanlı qəhrəmanların rolu çox böyük olmuşdur. Bu yolda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri tarixən sabit bir müstəvidə inkişaf edərək özünü bütün sahələrdə doğrultmuş və əbədi qardaşlığın əsasını qoymuşdur. Tarixin bütün dövrlərində bu iki dövlət arasındakı səmimi münasibətlərin sayəsində əldə edilən birlik və bərabərlik vahid türkçülük ideyalarının bünövrəsini təşkil etmişdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın dediyi “Azərbaycanın gücü bizim gücümüz, bizim gücümüz Azərbaycanın gücüdür” dəyərli ifadəsi tarixi qardaşlıq və dostluğun ən gözəl qənaətidir.
Azərbaycan xalqının 44 günlük müharibədən sonra əldə etdiyi tarixi zəfər bu iki dövləti bütün sahələrdə bir-birinə daha da doğmalaşdırdı. Bizlər də bir parlament təşkilatı olaraq əlimizdən gəldiyi qədər bütün sahələrdə bu birlik və bərabərlikdə təmsil olunmaq istəyir, bunun üçün çalışırıq. İnanırıq ki, Azərbaycan xalqı necə ki İkinci Qarabağ savaşında xalq-ordu birliyi nümayiş etdirib əbədi zəfər qazandısa, biz 83 milyon türk vətəndaşı da bir mövqedə birləşib həmrəyliyimizi nümayiş etdirəcəyik. Bundan sonrakı məqsədimiz də davamlı səfərlərimizlə bu birliyi daha da gücləndirmək olacaqdır. İnanırıq ki, hər iki qüdrətli türk dövlətinin apardığı uğurlu siyasət nəticəsində Qafqaz coğrafiyasında qonşuluq və dostluq əlaqələri daha da qüdrətli bir mərhələyə çatacaqdır”.
Məcid RƏŞADƏTOĞLU