07 Oktyabr 2024, Bazar ertəsi

Qədim tarixə malik, Nuh nəfəsli Naxçıvanımız, sözün həqiqi mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu da səbəbsiz deyil. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində muxtar respublikamızda da sürətli inkişafın, geniş quruculuq və abadlıq işlərinin bəhrələrini görürük. Daha dəqiq desək, Naxçıvan diyarımız yeniliklər dövrünü yaşayır. Şəhər və kəndlərimizdə aparılan məqsədyönlü abadlıq və quruculuq işləri insanların yaşayış səviyyəsini yüksəldib, onları doğma elinə, obasına sıx tellərlə bağlayıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlarla təsdiq olunmuş Dövlət proqramları muxtar diyarın inkişafında mühüm rol oynayır.

Muxtar respublikamızın bütün bölgələri kimi, cənnətməkan Ordubad da ilbəil öz simasını dəyişir, yaşayış məntəqələri abad və yaraşıqlı ünvanlara çevrilir. Belə ünvanlardan biri də simasını əsaslı surətdə dəyişən, abad məkana çevrilən, dağlar qoynunda yerləşən, sərt qayalarla, mərd qalalarla əhatə olunmuş, sinəsində müxtəlif dövrlərin tarixini yaşadan Nüsnüsdür.

Nüsnüs kəndi haqqında kiçik araşdırma apararkən məlum olur ki, bu yaşayış məntəqəsinin tarixi qədimlərə gedib çıxır. Bu ərazidə yerləşən məscidlər, nişangahlar, bulaqlar ulularımızın həyat və yaşayış tərzini, inam və etiqadlarını, dini-ideoloji görüşlərini əks etdirməklə bərabər, bu yerlərin qədim tarixə malik olduğunu təsdiqləyir. Tarixiliyi qorunub saxlanılmaqla müasirliyə qovuşan Nüsnüs kəndi ilin bütün fəsillərində öz gözəlliyi ilə diqqət çəkir. Başı duman çalmasına bürünəndə də gözəldir, qoynuna Günəşin zəri ələnəndə də.
Dağların zirvəsində tarixə şahidlik edən əfsanəvi “Yalqız ağac” elə bil göylərə boylanıb Naxçıvanın bugünkü intibahını dünyaya duyurmaq üçün car çəkmək istəyir.
Bu ağac 44 günlük savaşda düşmən üzərinə od ələyən Vətənin igid övladlarının əbədiləşmiş heykəlini xatırladır. Kəndin istənilən məhəlləsindən bu ağaca baxdıqda qəhrəmanlıq, əyilməzlik və əzəmət rəmzi ilə qarşılaşırsan. “Yalqız ağac” muxtar respublikamızın son illərdəki bəhrələrini gördükcə qürurlanır, məğrurlaşır. Yayın qızmar havasında ağacın vüqarını bir az da əzəmətləşdirən qartallar ənginliklərdən doğma yurdun yeni növrağını coşqunluqla seyr edir. Barlı-bəhərli payız fəsli olduğundan bağ-bağatın içində bu yurd yeri daha geniş, daha yaraşıqlı görünür. Kəndi yarıya bölüb göz yaşıtək dumduru, üzük qaşıtək şəffaf, parlaq Dübəndi çayı bu gözəlliyə əsrarəngiz ahəng verir.

Tarixi qaynaqlara əsasən bu kəndin tarixi haqlı olaraq eramızdan əvvəl III minilliyə aid edilir. Ərazidə Tunc dövrünə söykənən sak məhəlləsində türkdilli sak etnoslarının məskən salması bunun bariz sübutudur. “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən “Yelli yurd”, “Çadır daş” bir vaxt oğuz igidlərinin qılınc oynatdıqları, at çapdıqları yerlər olub.
Vaxtilə atamın söylədiyinə görə, xalq qəhrəmanı qaçaq Nəbi də bu yerlərdə olmuş, haqsızlıqlara qarşı mübarizə aparmışdır. Xatırladım ki, “Nəbi qalası” deyilən təbiət abidəsi kəndin ərazisindəki dağlar qoynunda, əlverişli, strateji-coğrafi mövqedə yerləşir. Oradan Dübəndi çayının sahilindəki kəndləri aydın müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Hər tərəfdən sıldırım qayalıqlarla əhatə olunduğu üçün onun ətrafına heç bir müdafiə istehkamı çəkilməyib. Abidənin içərisində istehkam xarakterli tikililərin dağılmış qalıqlarını müşahidə etmək olar. Bu gün də bu təbiət abidəsini yaşlı nəsil “Nəbi daşı” adlandırır. Ov dərəsi mağarası Nəbi qalasının aşağısında, şimal hissədə yerləşir. Qaçaq Nəbi “Sak” məhəlləsi adlanan ərazinin ətrafında məskən salmış, Ov dərəsi mağarasının ətrafında pusquya düşmüş və burada yadelli düşmənlərə qarşı amansız mübarizə aparmışdır. Qədim dövrlərin bizə ərməğanı olan “Nəbi qalası”, “Nəbi daşı”, Ov dərəsi mağarası kimi təbiət abidələri kənd turizmin inkişafı sahəsində də əhəmiyyət daşıyır.
Doğrudan da, yurdumuzun hər dərəsini, hər yamacını, hər zirvəsini təbiət elə yaradıb ki, baxdıqca doymaq olmur hüsnündən. Uzaqdan döyüşdən qalib çıxmış igidə bənzəyən əsrarəngiz “Yalqız ağac”ın əzəməti, qaməti də aydın görünür bu yurd yerindən.

Nüsnüs sakinlərinin sayı 2400 nəfərə yaxındır. Rayon mərkəzindən 7 kilometr məsafədə olan bu yaşayış məntəqəsi dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Kənddə görünməmiş min hikmət, bol-bəhrəli min naz-nemət var. İnsanları mehriban və qonaqpərvər, torpaqları bərəkət rəmzidir. Kəndin bərəkətli çölləri, sıralanmış boz təpələri, səngərtək düzülmüş sərt qayaları insanın könlünü oxşayır. Elə dağlara söykəndiyindən özündə də bir dağ cüssəsi var. Təbiətin aşıb-coşan vaxtıdır. Səliqə-sahmanlı həyətlərdə, gül-çiçəkli bağ-bağçada meyvələrin bol olduğu əyyamdır. Qədim yurd yeri bağın-bağçanın içində itib-batır.
Qocaman cəviz ağacları göylərə meydan oxuyur. Eyvanlı, mərtəbəli binaların qarşısında əkilmiş ərik, tut, alma, armud, gavalı, heyva ağacları bu kəndin cazibədarlığını daha da artırır. Alma, armud, heyva ağaclarının meyvəsi qızmar Günəşin şüalarından rəngdən-rəngə düşüb qızarır. Bu yerin dərman bitkiləri, saf və təmiz havası, büllur suları, zümzümə ilə axan Dübəndi çayı bura gələn hər insanı valeh edir. Ulu Yaradan bu kənddən heç bir səxavətini əsirgəməyib. Bu yerlərin ilahi möcüzəsi sayılan dağ ətəklərində nadir ağaclar qorunur. Palıd, çöl armudu, qara yemişan, çöl alçası, itburnu, zirinc və digər bitkilər bu dağların daimi sakinləridir. Qantəpər, boymadərən, çobanyastığı, əvəlik, cacıq, çiriş, çaşır, baldırğan bu torpağın loğmanıdır. Təpələrdə bitən gəvən, quşüzümü nadir kollardandır desək, səhv etmərik. Bu yurd yerinin florası kimi faunası da zəngindir. Dağlarda canavar, tülkü, dağ keçisi, çöl donuzu, dələ, porsuq, oxatan kirpi, qanayaqlı kəkliklər var...
Bu yurdu ikiqat gözəlləşdirən isə son zamanlar qovuşduğu müasirlik hüsnüdür. Heç şübhəsiz ki, hər hansı bir dövlətin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafı onun təhsilinin səviyyəsindən birbaşa asılıdır. Təhsilin inkişafı isə yaradılan tədris şəraiti və həyata keçirilən təhsil islahatları ilə bağlıdır.
Bu il fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən Nüsnüs kənd tam orta məktəbinin yeni binası həm müasir şəraitinə, həm də memarlıq üslubuna, qurulmasına, gözəlliyinə görə seçilir. 414 şagird yerlik məktəb binasında 271 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. 3 mərtəbəli, müasir standartlara cavab verən binada 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 şahmat sinfi, 2 kompüter, müəllim və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet vardır. Tədris ocağında 4 kompüter və 4 elektron lövhə internetlə təmin olunub. STEAM kabinəsi bir elektron lövhə, 2 kompüter, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit və digər qurğularla təchiz olunub.
Həmin kabinədə şagirdlərin əl işləri nümayiş etdirilir. Məktəbdə şagirdlərin təhsili ilə yanaşı, onların fiziki hazırlığı da diqqətdə saxlanılır. İdman zalında voleybol, basketbol, güləş, tennis və idmanın digər növləri üzrə dərs və yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb, həyətdə açıq idman qurğuları quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məktəb binasının açılışında demişdir: “Bu gün Nüsnüs kənd tam orta məktəbi ölkəmizin nümunəvi məktəbləri sırasına daxil olur... Məktəbdə yaradılan şərait imkan verəcək ki, şagirdlər dünyagörüşünü formalaşdırsın, müasir həyatın tələblərinə uyğun yetişərək gələcəkdə dünyanın istənilən ali məktəblərində təhsil ala bilsinlər. Ona görə də kollektivin qarşısında duran əsas məsələ gəncləri vətənpərvər, yüksək təhsilli və dünyagörüşlü yetişdirməkdir”.
Məktəbin məzunları hər il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək uğur qazanırlar. Son 5 ildə məktəbi 49 şagird bitirib, onlardan 24-ü ali məktəblərə, 7-si orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məzunlardan 8-i 500-700 arası bal toplayıb, 1-i “Qızıl” nişana, eyni zamanda Prezident təqaüdünə layiq görülüb. Ötən tədris ilində şagirdlərdən biri respublika, 2-si isə muxtar respublika fənn olimpiadalarının qalibi olub.
Kəndin yetirmələri arasında bir akademik, 4 elmlər doktoru, 11 müxtəlif elmlər üzrə fəlsəfə doktoru var. Məktəbin məzunlarından 5-i Naxçıvan Dövlət Universitetində, 1-i isə Naxçıvan Müəllimlər İnstitutunda müəllimlik fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıq axtarışları aparırlar. 3 məzun muxtar respublikanın dövlət orqanlarında məsul vəzifələrdə çalışır.
Kənd sakinləri burada yaradılan mədəniyyət evi və kitabxananın xidmətindən də səmərəli istifadə edirlər. Onlar asudə vaxtlarında müxtəlif növ ədəbiyyatlarla tanış olur, gündəlik dövri mətbuatı izləyirlər. Kitabxananın müdiri Şərqiyyə Salehova söyləyir ki, fondda çoxlu sayda maraqlı elmi və bədii ədəbiyyat var. Oxucular, əsasən, muxtar respublikamızın sosial-iqtisadi və mədəni həyatından bəhs edən ədəbiyyatların mütaliəsinə üstünlük verirlər. Kitabxanada “Oxunması zəruri olan kitablar” bölməsində olan kitablar haqqında gənclərə ətraflı məlumat verilir, onların müzakirələri təşkil olunur.
Muxtar respublika rəhbərinin himayəsi və qayğısı ilə tarixi-mədəni irsimizə göstərilən həssas münasibət su dəyirmanlarımızı da əhatə edir. Kənddə istifadəyə verilən obyektlər içərisində su dəyirmanı da var. Nüsnüsdəki dəyirmanı işlədən İsaq İsmayılov köhnə dəyirmançılardandır. Ata-babası da bu peşənin sahibi olub. Onun üçün dəyirman ailəsinin çörək ağacıdır, el-oba üçün bərəkət təknəsidir. Saclarda, təndirlərdə bişən çörəyin süfrələrə ayaq açdığı ilk yerdir.
Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də səhiyyə sahəsində fəaliyyətin daha da canlanmasıdır. Səhiyyə xidmətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir infrastrukturun yaradılması bu gün Ordubad rayonunda da həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsinə çevrilmişdir.
Nüsnüs kəndində yaradılan həkim ambulatoriyasında sakinlərə yüksək səviyyədə səhiyyə xidməti göstərilir. Burada müayinə və müalicə üçün hər cür şərait var. Odur ki, körpələrin vaxtlı-vaxtında peyvənd olunması diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, körpələrin virusa yoluxma ehtimalı minimuma endirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə yaradılmış səyyar həkim briqadası tez-tez Nüsnüs kəndində olur, kənd sakinlərini müayinədən keçirir, onlara tibbi məsləhətlər verirlər. Səyyar briqadaların kənddə olması yaşayış məntəqəsində səhiyyə xidmətinin müasir tələblər səviyyəsində olmasını göstərən əsas amillərdən biridir. Ambulatoriyanın baş həkimi Şirin Hüseynov söhbət zamanı bildirdi ki, kollektivimizin əsas məqsədi kənd camaatına nümunəvi tibbi xidmət göstərməkdir. Bu ilin əvvəlində istifadəyə verilən yeni həkim ambulatoriyası kollektivimizin məsuliyyətini xeyli artırmışdır. Əsas məqsəd əhaliyə nümunəvi tibbi xidmət göstərməkdir. Buradakı aptek kənd sakinlərinin dava-dərmana olan ehtiyacını ödəyir.
Muxtar respublikamızın yeniləşən, müasirləşən yaşayış məntəqələri sırasında bu gün Nüsnüs kəndi də öz yerini tutub. Kəndin girişindən sonuna qədər uzanan yeni, müasir asfalt yol, Dübəndi çayı üzərində “Top” məhəlləsinə keçid üzərində qurulan geniş və rahat körpülər də, yenilənən hasarlar da Nüsnüsün daha da müasirləşməsinə, əhalinin rahatlığının təmin olunmasına yönəlib.
Qürurla demək olar ki, bu gün Nüsnüs kəndi muxtar diyarımızın yeniləşən, müasirləşən, kompleks inkişafa nail olmuş yaşayış məntəqəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Nüsnüs kəndi tamamilə abadlaşıb, yenidən qurularaq ölkəmizin müasir kəndləri sırasına daxil olub. Burada qurulanlar kəndin bütün sakinlərinin rahatlığına xidmət edəcəkdir. Bütün bunlar dövlətimizin vətəndaşına göstərdiyi qayğının nümunəsi, dövlət-xalq birliyinin, ölkənin iqtisadi inkişafının, sabitliyin, ən əsası isə ümummilli lider Heydər Əliyev siyasətinin, yolunun davam etdirilməsinin və bu yola sədaqətin göstəricisidir”.

Bu gün Nüsnüs qəsəbətipli kəndə çevrilib. Burada yaradılmış şərait rahat yaşayışa imkan verib. Bu gün kəndin yurdsevər, el-obaya bağlı insanları bilirlər ki, belə şərait mənalı ömrünü doğma diyarımızın yüksəlişinə, bütün sahələrdə inkişaf, tərəqqi və yenilənməyə həsr edən, öz doğma, əzəli torpağı qarşısında həqiqi övladlıq borcunu şərəflə yerinə yetirən vətənpərvər şəxsiyyətin, QURUCU RƏHBƏRimiz Ali Məclis Sədrinin yorulmaz və səmərəli fəaliyyətinin bəhrəsi, Vətənə, xalqa əsl xidmətin və hüdudsuz sevgi və sədaqətin əyani göstəricisidir.

Yunis HÜSEYNOV
Ordubad rayonunun Nüsnüs kənd sakini

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR