Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilmişdir. Ulu öndər bu barədə demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu Sərəncamı vermişəm”.
Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, fəaliyyəti dövründə bölmədə ümumilikdə 17 beynəlxalq simpozium və konfrans keçirilmiş, mindən artıq kitab, albom, monoqrafiya, tezis və məqalə çap olunmuş, 37 patent alınmış, bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla 23 qrant layihəsinin qalibi olmuşlar. Bölmənin strukturunda 6 elmi-tədqiqat müəssisəsi, eləcə də elmi kitabxana və nəşriyyat fəaliyyət göstərir. Bölmədə elmi işçilərdən 2-si akademik, 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 4-ü elmlər doktoru, 51-i fəlsəfə doktoru, 57-si isə doktorant və dissertantdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 4 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Bu illər ərzində muxtar respublikada 27 beynəlxalq və 7 yerli arxeoloji ekspedisiya təşkil edilib və fəaliyyət uğurlu olub.
Ali Məclisin Sədri demişdir: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaranmasının 20 illiyini elmi nailiyyətlərlə qarşılamaq üçün ciddi fəaliyyət proqramı müəyyənləşdirilməlidir. Müstəqillik illərinə qədər Naxçıvanın tarixi ilə bağlı araşdırmalar məhdud çərçivədə idi. Lakin ötən dövrdə bölmə tərəfindən çoxsaylı elmi əsərlər, kitablar, monoqrafiyalar çap olunaraq ictimaiyyətə təqdim edilib. Bunlar içərisində “Naxçıvan tarixi” üçcildliyi və akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabı mühüm yer tutur. Bununla belə, Naxçıvan tarixi, xüsusilə Nuh peyğəmbər və dünya tufanı ilə bağlı araşdırmalar davam etdirilməli, Əshabi-Kəhf barədə tədqiqatlar aparılmalı, yeni elmi əsərlər yazılmalıdır.
Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev məruzə edərək demişdir ki, bölmə əməkdaşları 2020-ci ildə və 2021-ci ilin birinci yarısında 1097 əsər nəşr etdirmişlər ki, onun da 277-si xarici ölkələrdə çap olunmuşdur. Həmçinin əməkdaşların 90 məqaləsi impakt faktorlu jurnallarda, 649 elmi məqaləsi beynəlxalq kodlu elmi jurnallarda nəşr edilmiş, bölmə əməkdaşlarının əsərlərinə 1226 istinad qeydə alınmışdır. Naxçıvan Bölməsinin fəaliyyəti dövründə icra edilən elmi-tədqiqat işlərinin 187 mühüm nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatlarına daxil edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazası ilbəil möhkəmləndirilmiş, yüksək səviyyədə iş şəraiti yaradılmışdır. Bölmə beynəlxalq internet şəbəkəsinə qoşulmuş, 5 elektron portal yaradılmış, elektron kitabxana formalaşmışdır. Laboratoriyalar üçün lazımi avadanlıq və yeni cihazlar alınmışdır. “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” Ali Məclis Sədrinin 2019-cu il 24 sentyabr tarixli Sərəncamına əsasən tədqiqat qrupu tərəfindən monoqrafiya hazırlanaraq nəşr edilmiş, “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq “Beynəlxalq Moskva və Qars müqavilələri” monoqrafiyası hazırlanmışdır. “Naxçıvan” jurnalının bir nömrəsi Qars müqaviləsinin 100 illiyinə həsr ediləcəkdir. Moskva və Qars müqavilələrindən sonra Naxçıvanın ərazi-sərhəd məsələsinə aid Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə iki xəritə hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi”nin keçirilməsi haqqında Ali Məclis Sədrinin 2021-ci il 2 mart tarixli Sərəncamına uyğun “Naxçıvanlı rəssamlar ensiklopediyası” hazırlanmış, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq kitab hazırlanması nəzərdə tutulmuşdur. “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi əsərlərinin Xüsusi nömrəsi Aşıq Ələsgərə həsr ediləcəkdir.
Akademik diqqətə çatdırmışdır ki, Naxçıvan Bölməsinin 25-ə yaxın əməkdaşı ali təhsil məktəblərində tədris prosesinə qoşularaq tələbələrin diplom işlərinə, magistr dissertasiyalarına uğurla rəhbərlik edirlər. 2020-2021-ci illərdə 3 respublika, 13 muxtar respublika, 31 Naxçıvan Bölməsi səviyyəli konfranslar, 15 tədbir, 23 kitab və monoqrafiyanın təqdimatı keçirilmiş, İlanlıdağ geoparkı üzrə sənədlər işlənmiş, kitab hazırlanmışdır. 12 xarici ölkənin 20-dən artıq müəssisəsinin əməkdaşları ilə əlaqələr yaradılmışdır. İsmayıl Hacıyev göstərilən diqqət və qayğıya görə bölmənin kollektivi və muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli muxtar respublikada elmə göstərilən dövlət qayğısına görə minnətdarlıq edərək demişdir: “Müstəqillik illərində muxtar respublikada əldə olunan inkişaf elm sahəsini də əhatə etmiş, kadr potensialı formalaşmışdır. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu 1 elmlər doktoru, 3 fəlsəfə doktoru, bir neçə kiçik elmi işçi ilə fəaliyyətə başlamışdır. Hazırda isə institutda 1 akademik, 2 müxbir üzv, 9 fəlsəfə doktoru və elmi işçilər fəaliyyət göstərir. Bütün bunlar imkan verir ki, qarşıda duran vəzifələri layiqincə yerinə yetirək. Biz də bu etimada uyğun olaraq fəaliyyətimizi qarşıya qoyulan tələblər səviyyəsində quracağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Hər bir mütərəqqi cəmiyyətdə elmin inkişafı dövlətin əsas vəzifələri sırasındadır. Çünki elm inkişaf etmədən nə sosial-iqtisadi tərəqqidən, nə də yüksək rifahdan danışmaq mümkündür. Muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması və müasir elmi-texniki infrastrukturun formalaşdırılması uğurlu nəticələrin qazanılmasına səbəb olmuşdur. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədə ümummilli liderimiz bu qərarın vacibliyini vurğulamış və qarşıya mühüm vəzifələr qoyaraq demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur”. Ötən dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ulu öndərin müəyyənləşdirdiyi vəzifələrin icrasını diqqətdə saxlamış, Naxçıvanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, folkloru, adət-ənənələri, abidələri, təbiəti və təbii sərvətləri ətraflı öyrənilmiş, Naxçıvanşünaslıq mühüm elmi nailiyyətlərlə zənginləşdirilmişdir.
Ali Məclisin Sədri bütün bu nailiyyətlərə görə bölmənin kollektivinə təşəkkür etmişdir.
“Ümummilli liderimiz Heydər Əliyev elmin hər bir ölkə üçün əhəmiyyətinə də diqqəti çəkərək deyirdi ki, “Hansı iqtisadiyyat olur-olsun, elm inkişaf etməlidir”. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində elmi nailiyyətlərin tətbiqi qarşıya mühüm vəzifələr qoyur”, - deyən Ali Məclisin Sədri muxtar respublikada elmin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verərək demişdir: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyətində elmi tədqiqatların və araşdırmaların səmərəliliyini artırmalıdır. Elm sosial-iqtisadi inkişafa öz töhfəsini verməlidir. Ona görə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə elmin inkişaf strategiyası bir-biri ilə əlaqələndirilməli, aktual elmi istiqamətlər müəyyənləşdirilməlidir. Elmin və təhsilin inteqrasiyası, innovasiya fəaliyyətinin dəstəklənməsi qarşıda duran əsas hədəfdir. Akademiyanın Naxçıvan Bölməsi orta, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqələri gücləndirməli, elmin innovasiya fəaliyyətini dəstəkləməli, elmi tədqiqatların tətbiqi mexanizmləri hazırlanmalı və “Elm Festivalı” keçirilməlidir. Muxtar respublikanın müasir ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı alimlər üçün açıq tədqiqat mövzusudur. Akademiyanın Naxçıvan Bölməsinin institutları bu məsələni diqqətdə saxlamalı, təhlilli və müqayisəli əsərlər ortaya qoyulmalıdır. Muxtar respublikanın hər bir rayonunun tarixi yazılmalı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bununla bağlı tədqiqat qrupları yaradılmalı, tarix-diyarşünaslıq muzeylərindəki eksponatlardan, arxiv sənədləri və arxeoloji ekspedisiyaların nəticələrindən geniş istifadə olunmalıdır.
Qeyd olunmuşdur ki, Naxçıvanın qədim və müasir dövlətçilik tarixi alimlərimiz üçün əsas tədqiqat predmeti olmalı, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu bu mövzu ilə bağlı yeni elmi əsərlər işləməlidir. Həmçinin Naxçıvanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların sayı artırılmalı və xarici dillərə tərcümə olunaraq geniş yayılmalıdır. Muxtar respublikada arxeoloji ekspedisiyalar davam etdirilməli, arxeoloji abidələrin uçotu və qeydiyyatı aparılmalı, mühafizə olunmalı, ekspedisiyaların nəticələrinə uyğun olaraq bölmədə yeni elmi istiqamətlər və dissertasiya mövzuları müəyyənləşdirilməlidir. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hər bir yaşayış məntəqəsinin etnoqrafik xüsusiyyətlərini, ailə-məişət və təsərrüfat həyatını, sənətkarlıq sahələrini, mərasimlərini araşdırmalı, “Naxçıvan etnoqrafiyası” çoxcilidliyi hazırlanmalıdır. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ədəbi prosesin inkişafı sahəsində fəaliyyətini gücləndirməli, ədəbiyyatşünaslığın əsas istiqamətləri üzrə tədqiqatlar aparılmalı, Naxçıvan ədəbi mühitinin mövcud vəziyyəti və yaradıcılıq istiqamətləri obyektiv təhlil olunmalıdır. Həmçinin institut hər bir bölgə üzrə folklor nümunələrinin toplanması, təsnifatı, nəşri və tədqiqi ilə bağlı fəaliyyətini gücləndirməlidir. Min illər ərzində formalaşmış xalq deyimlərimiz - atalar sözləri, tapmacalar, məsəllər əcdadlarımızın həyat tərzi və dünyagörüşlərinin ifadəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq, vətənə məhəbbət, insanpərvərlik, əməksevərlik kimi nəcib insani keyfiyyətləri təbliğ edir. Ona görə də günümüzdə xalq deyimlərinin toplanması və təbliği zərurətə çevrilmişdir. Etnoqrafiya və Folklorşünaslıq şöbələrinin əməkdaşları bu sahədə fəaliyyəti gücləndirməli, bölgələr üzrə xalq deyimləri yığılmalı və sistemləşdirilərək nəşr olunmalıdır. Təbii Ehtiyatlar İnstitutu fundamental elmlər üzrə tədqiqatları genişləndirməli, muxtar respublikanın təbii sərvətləri öyrənilməli və onların istehsalatda tətbiqi ilə bağlı təkliflər verilməlidir.
Ali Məclisin Sədri demişdir: İqtisadiyyat Nazirliyi təbii sərvətlərimizin istehsalatda tətbiqi ilə bağlı layihələri dəstəkləməli və iqtisadi baxımdan dəyərləndirməli, elmyönümlü yeni istehsal müəssisələrinin yaradılması üçün kreditlər verilməli və bu sahədə sahibkarlıq fəaliyyəti təşviq olunmalıdır. Bioresurslar İnstitutu muxtar respublikanın əkinçilik, torpaqşünaslıq, meliorasiya və su təsərrüfatı sistemini, biomüxtəlifliyini, fauna və florasını elmi əsaslarla tədqiq etməli, Nəbatat bağının imkanlarından istifadə etməklə təcrübələr aparmalı, milli genefond qorunmalı, yerli iqlim şəraitinə uyğun məhsuldar bitki sortları müəyyənləşdirilməli və əkinçilikdə tətbiqi barədə təkliflər verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təkliflərini nəzərə alaraq ekoloji tarazlığın qorunması, endemik flora və yerli fauna növlərinin bərpası sahəsində tədbirləri davam etdirməli, bitki və heyvan növləri invertarlaşdırılaraq məlumat bazası yaradılmalı, xüsusi mühafizə olunan təbiət ərazilərində birgə monitorinqlər keçirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Səhiyyə Nazirliyi ilə birlikdə təbii sərvətlərimizin tibbi əhəmiyyətini araşdırmalı, termal və mineral sulardan, şorsu palçığından, dərman bitkilərindən müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmalı, bununla bağlı maarifləndirmə işləri aparılmalıdır.
Ali Məclisin Sədri demişdir: Qədim kitab və sənədlərin Əlyazmalar Fonduna daxil edilməsi işin bir tərəfidir. Əsas məsələ isə onların öyrənilməsidir. Əlyazmalar Fondundakı qədim kitab və sənədlərin hər biri araşdırılmalı, aktual olanlar yenidən nəşr edilərək ictimailəşdirilməlidir. Elmi fəaliyyətin əsas göstəricilərindən biri də kadr hazırlığı və düzgün mövzu seçimidir. Bölmədə gənc alimlərin yetişməsi və tədqiqatçı-mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilməli, dissertasiya mövzuları müasir elmin inkişaf istiqamətlərinə uyğun seçilməli, elmi yaradıcılıqda kəmiyyətlə yanaşı, keyfiyyətə də fikir verilməlidir. Həmçinin ali təhsil müəssisələrində perspektivli tələbələr müəyyənləşdirilərək bölmənin işinə cəlb olunmalıdır. Alim və ziyalıların ictimai fikrə böyük təsir gücü vardır. Bölmə əməkdaşları bu məsələni diqqətdə saxlamalı, mətbuatda mütəmadi olaraq çıxışlar etməli, ziyalı mövqeyi ortaya qoyaraq ictimai fikri düzgün istiqamətləndirməlidirlər. Bölmənin elmi kitabxanasının fəaliyyəti də gücləndirilməli, fonddakı kitablar elektron məkanda geniş tanıdılmalı, müxtəlif elektron kitabxanalarla əlaqə qurulmalı, informasiya və kitab mübadiləsi aparılmalı, kitabxanada “Naxçıvan bölməsi” yaradılmalıdır. Bölmə əməkdaşlarının Naxçıvan barədə çap olunmuş bütün elmi ədəbiyyatları həmin bölmədə komplektləşdirilərək oxuculara təqdim olunmalıdır. Elmi nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, bölmə əməkdaşlarının yüksək reytinqli elmi jurnallarda məqalələrinin dərc olunması diqqətdə saxlanılmalı, beynəlxalq simpozium, konfrans və seminarlar keçirilməlidir.
“Elm o zaman həqiqi inkişaf mərhələsinə çatır ki, onun nailiyyətləri təhsildə tətbiq olunur”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbiəti, coğrafiyası və digər istiqamətləri barədə nəşr olunmuş kitablar seçilərək təhsil müəssisələrində dərs vəsaiti kimi tövsiyə olunmalıdır. Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə ümumtəhsil məktəblərində elmi dərəcəli əməkdaşlar tərəfindən interaktiv və nümunəvi dərslərin tədrisini davam etdirməli, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilməli, rübdə bir dəfə alim və ziyalılarla məktəblilərin görüşü təşkil olunmalıdır.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatına verilən tapşırıqların icrasının diqqətdə saxlanılması və aidiyyəti üzrə məlumat verilməsi tapşırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti