Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi sahəsində işlər davam etdirilir. Görülən tədbirlərin davamı olaraq ümumtəhsil məktəbləri ilə yanaşı, Naxçıvan Dövlət Texniki Kollecində də STEAM kabinəsi yaradılmış, sentyabrın 22-də həmin kabinənin təqdimatı keçirilib.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şərait yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılmışdır.
Vurğulanıb ki, ötən müddət ərzində STEAM təhsil metodunun tətbiq edildiyi təhsil müəssisələrinin sayı 53-ə çatdırılmış, yerli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin mütəxəssisləri, eləcə də beynəlxalq və yerli təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 200-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təlimlər keçirilmiş, təhsil metodunun sistemli tətbiqi məqsədilə VI-VII siniflər üçün STEAM tədris proqramı və tədris vəsaiti hazırlanmışdır.
Qeyd edilib ki, STEAM bacarıqlarına sahib işçi qüvvəsinə ehtiyac artdığı üçün STEAM təhsili dünyanın hər yerində təhsil islahatının mərkəzindədir və getdikcə daha çox əhəmiyyət kəsb edir. Muxtar respublikada da təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən Sərəncamın icrası ilə bağlı ümumtəhsil məktəbləri ilə yanaşı, Naxçıvan Dövlət Texniki Kollecində də STEAM kabinəsi yaradılmışdır.
Təhsil naziri texniki sahələr üzrə ixtisaslaşmış tələbələrin bu təhsil metodunu dərindən yiyələnmələrinin və STEAM kabinəsinin imkanlarından yararlanaraq tələbələrin Startap layihələr üzərində işləmələrinin zəruriliyini vurğulayıb, muxtar respublika təhsilində interaktiv təlim metodlarının tətbiqinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov kollecin ixtisasları haqqında məlumat verib, tələbələrin STEAM təhsil metodu ilə qazandıqları bilikləri sənət, dizayn və yaradıcılıq məhsullarına, o cümlədən layihələrə çevirmək üçün kabinənin əhəmiyyətli olduğunu bildirib. Kollecin direktoru bu təhsil metodunun tətbiqi üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
Sonra kabinədə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, kabinə müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 2 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Make block, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro: bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikromexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və materialları ilə tam təmin olunub.
Tədbirin sonunda tələbələr STEAM təhsil metodu əsasında hazırladıqları layihələri təqdim ediblər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti