30 Dekabr 2024, Bazar ertəsi

Sentyabr ayı hər birimiz üçün payızın ilk ayı və bilik ayı kimi tanınır. Hər kəs, xüsusilə məktəbli və tələbələr bu ayın gəlişini səbirsizliklə gözləyir. Çünki qızıl payızın ilk aylarından olan sentyabrda ağacların, otların, çiçəklərin ömründə xəzan çağı olsa da, təhsil illərinə ilk qədəm qoyanlar üçün sentyabr həm də yeni biliklərin başlanğıcı kimi xatırlanır. Bir il bundan əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi isə sentyabrı bizim üçün həm də böyük Zəfərə gedən yolun başlanğıcı kimi xatırlamağımıza vəsilə etdi. Məhz 27 sentyabr tarixi, illərdir torpaqlarımızı işğalda saxlayan düşmənlərimizə onların anladıqları dildə cavab vermək anının reallığa çevrildiyi gün kimi yazıldı tarixə. Həm də dünya tarixinə. Həmin gün Odlar yurdunun aslanları səhərin sübh çağında Vətənin müdafiəsinə qalxaraq tariximizə yeni bir tarix yazmağa başlamışdılar. Bundan sonra hər gün, hər saat cəbhədən müjdəli xəbərlər almağa başladıq. Bir an belə durmadan irəliyə doğru hərəkət edirdi Vətənimin məğrur igidləri. Qəhrəman ogullarımız cəbhədə düşmənə əsl savaş dərsi keçirdi. İgidlər öz müqəddəs qanlarıyla tariximizə yeni bir tarix yazarkən həm də dünyaya haqq, ədalət, vicdan dərsi verirdi. Dövlət -xalq -ordu birliyindən doğan Dəmir Yumruqla düşmən hər gün darmadağın edilirdi. Hər bir qarış torpağımız işğaldan azad olduqca, xarı bülbülün ətri daha yaxından duyulurdu Ana Yurdumuzda. Gecənin zülmətini azadlığın günəşi  addım -addım qovalayaraq cənnətin gözəl qoxusunu doldururdu dünyamıza. Analar bir gözü ilə şəhid balalarını ağlayır, bir gözü ilə vətənin azadlığına təbəssüm  edirdi.  Vətən oğullarının çəkdiyi nərə nəinki düşmənin bağrını  yarırdı,  həm də yeri -göyü lərzəyə gətirirdi. Sanki Yaradan öz ordusunu  yerə endirmişdi. Dünyanın gözü Qarabağda gedən savaş dərsində idi. Bu dərs sinif otaqlarında keçilən qırx beş dəqiqəlik tarix fənninə 44 günlük Vətən müharibəsi olaraq düşdü.

Artıq sentyabır ayı yaddaşımıza təkcə bilik ayı deyil, həm də barıt qoxulu ay olaraq yazıldı. Çünki torpaqlarımızın azadlığının başladığı tarix də, Vətən üçün canını qurban verən oğullarımızın ayrılığının hüznü də, onlar üçün axıdılan göz yaşları da sentyabrdan başlayır. Kədərlənsək də qürurlanmaq üçün hər şey var bu ayda: Vətənin səmasında azadlıq göyərçininə dönüb qanad çalaraq yüksəklərə ucalan şəhidlərimizin sevinən ruhu da, onları anan doğmalarımızın hüznlü, amma qürurlu baxışları da, birlik və bərabərliyimizin təcəssümü də. Artıq qürurumuzun simvoluna çevrilən şəhidlərimizin anım günü də bu aydadır. Sizsiz yaşanan hər günümüz Müstəqil Azərbaycanın var olma günüdür. Biz sizi hər zaman böyük ehtiram, dərin hörmət və qürurla anacağıq! Gününüz mübarək əziz şəhidlər!

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universiteti “Jurnalistika”ixtisası üzrə III kurs tələbəsi

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR