30 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikamızdan təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafı sahəsində aparılan uğurlu siyasətin nəticəsidir ki, diyarımızda müasir təhsil infrastrukturu yaradılıb və bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Biz bu uğurları hər il qəbul imtahanlarında yüksək ballar toplayaraq ölkəmizin ali təhsil müəssisələrinə qəbul olunan gənclərimizin timsalında aydın görürük. Builki qəbul imtahanlarında da muxtar respublikamızdan yüksək bal toplayaraq müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin sayında artım müşahidə olunub. Biz də tələbə adını qazanan gənclərimizdən ikisi ilə həmsöhbət olduq :

Vüsalə Fərzəliyeva 2003-cü ildə Naxçıvan şəhərində anadan olub və hazırda da burada yaşayır. Ali məktəblərə qəbul imtahanında III qrup üzrə 622 bal toplayan Vüsalə ilə söhbət zamanı bildirdi ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu olub: – Orta məktəbi əla qiymətlərlə oxumuşam və fərqlənmə attestatı ilə bitirmişəm. Naxçıvan şəhərində keçirilən Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak etmişəm, həmçinin intellektual yarışmalarda yer tutmuşam. Boş vaxtlarımda tennis oynamağı, rəsm və musiqi ilə məşğul olmağı sevirəm. Qəbul imtahanlarında yüksək nəticə göstərməyi qarşıma məqsəd qoyub, çox çalışmışam. İnanırdım ki, yüksək bal toplayacağam. Bu nəticəni göstərməyimdə müəllimlərimin də əməyi böyükdür. Onlara minnətdarlığımı bildirirəm. Artıq tələbəyəm və Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsilimi davam etdirəcəyəm. Universitetlər haqqında məlumat toplayarkən mənə aydın oldu ki, ölkəmizin ali təhsil müəssisələri içərisində Naxçıvan Dövlət Universiteti xüsusi yer tutur. Burada gələcəyin hüquqşünaslarının muxtar respublikada fəaliyyət göstərən məhkəmələr və hüquq-mühafizə orqanlarında istehsalat təcrübəsi keçmələrinə şərait yaradılır. Bununla da təhsil alan tələbələr nəzəri və təcrübi biliklərə yiyələnir, yüksək peşə keyfiyyətlərinə malik ixtisaslı hüquqşünas kadrlar kimi yetişirlər. Ona görə də seçimim Naxçıvan Dövlət Universiteti oldu. Gələcəkdə ixtisasım üzrə təhsil alıb, peşə borcunu layiqincə yerinə yetirəcəyəm.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin digər bir məzunu Tamilla Rəhimli ilə həmsöhbət oluruq. O, 2004-cü ildə Bakı şəhərində anadan olub, hazırda Naxçıvan şəhərində yaşayır. Onun dedikləri: Qəbul imtahanında III qrup üzrə 610 bal toplamışam. Oxuduğum məktəbdə uğurlarım çox olub. Məktəbi “Gümüş” nişan və xüsusi nümunəli attestat ilə bitirmişəm. Seçimim isə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisası oldu. Uşaqlıqdan bəri ingilis dilinə xüsusi maraq göstərmişəm, bu dil üzrə yaxşı oxumuşam. Asudə vaxtımda da ingilis dili üzrə səviyyəmi inkişaf etdirməyə çalışmışam. Həmçinin düşünəndə ki, xarici dil öyrənmək müasir dövrün tələbidir, ixtisas seçimimin düzgün olduğuna inanıram. Universiteti bitirdikdən sonra xaricdə magistr təhsilimi davam etdirmək, sonra da uğurlu karyera qurmaq üçün çalışacağam.
Hər bir təhsilli gənc parlaq gələcəyin açarıdır. Odur ki, biz də tələbə adını qazanaraq ali təhsil yoluna qədəm qoyan bütün gənclərimizi təbrik edir, onlara şirin və bir o qədər də çətin tələbəlik yollarında – işıqlı gələcəyə gedən yolda uğurlar arzulayırıq.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR