Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Azərbaycan prokurorluq orqanlarının əsasının formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, – deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.
Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması baxımından hüquqi zəmin formalaşdırmışdır. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir.
Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi qurumun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.
Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Nəticədə, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmiş, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək muxtar respublika prokurorluq orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ildə Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.
Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr tərkibinin şəffaf prosedurlar əsasında hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğuna muxtar respublika ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilmiş və nəticədə, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilmiş, cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır. Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Davamlı iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir”. Bu gün muxtar respublikanın prokurorluq orqanları profilaktik tədbirlərin təsirliliyinin artırılmasını diqqət mərkəzində saxlayırlar. Çünki demokratik dövlət quruculuğunda insanların hərtərəfli hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir.
Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.
Naxçıvan Muxtar Respublikası
Prokurorluğunun mətbuat xidməti