07 Oktyabr 2024, Bazar ertəsi

Sentyabrın 27-si Azərbaycanda Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Şəhidlərimizin əziz xatirəsi Naxçıvan şəhər Came və Kazım Qarabəkir Paşa məscidində, Babək rayon Nehrəm qəsəbə məscidində, Ordubad rayon Dırnıs kənd Allahşükür məscidində, Culfa rayon Əbrəqunus kənd məscidində, Şahbuz rayon məscidində, Kəngərli rayon Qıvraq qəsəbə məscidində, Şərur şəhər məscidində yad edilib. Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.

*  *   *

Naxçıvan şəhərinin gəncləri şəhər mərkəzindəki Heydər Əliyev Muzeyinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca Naxçıvan şəhər qəbiristanlığına, oradan da Şəhidlər xiyabanı­nadək yürüş ediblər. Yürüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ümumilikdə, 15 əməkdaşı, gənclər və idman naziri, Gənclər Fondunun icraçı direktoru iştirak ediblər. Ali təhsil müəssisələrindən 70, orta ixtisas təhsili müəssisələrindən 30, Heydər Əliyev adına Hərbi Lisey üzrə 20, Naxçıvan Qarnizonu tam orta məktəbindən 10, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin XI sinfinin 40 şagirdi, 20 fəal gənc və könüllü, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin 10 fəal üzvü olmaqla, ümumilikdə, 200 gənc yürüşə qatılıb, yürüş ərzində iştirakçılar üçrəngli bayrağımızı dalğalandırıb, şəhid məzarlarını ziyarət ediblər.

Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və bütün rayonlarında 27 sentyabr – Anım Günü ilə əlaqədar gənclərin yürüşü olub, rayon mərkəzləri, qəsəbə və kəndlərdəki şəhid məzarları ziyarət edilib.

*  *  *

Şəhidlik məqamına qovuşan eloğullarımız bu gün bizə Qələbə sevinci ilə bərabər həm də sonsuz qürur hissi yaşadır. Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib sərhəd daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar.

II Qarabağ müharibəsinin başlanmasının ildönümü muxtar respublikada da ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizə böyük ehtiramla qeyd olunub. Həmin gün muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, demək olar ki, bütün sakinlər şəhid məzarlarını ziyarət ediblər. Məzarların önünə gül dəstələri qoyulub, dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz minnətdarlıqla yad edilib.
Sentyabrın 27-də saat 1200-da muxtar respublikanın bütün ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb.

*  *   *

Sentyabrın 27-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında 27 sen­tyabr – Anım Günü ilə bağlı inter­aktiv dərs keçilib.
İnteraktiv dərsi Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şəhla Əliyeva aparıb, 44 günlük Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində Zəfər tarixi tədris olunur.
Qeyd olunub ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə, xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənin layiqli cavabını vermişdir.
Şagirdlərə məlumat verilib ki, döyüşlərdə Azərbaycan daha az itki ilə qələbə qazanmışdır. Müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Prezidenti, Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları sülh yolu ilə, heç bir qan tökülmədən Azərbaycana qaytarıldı. Bəyanatda, həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Vurğulanmışdır ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2904 hərbi qulluqçusu həlak olmuş, hərbi qulluqçularımızdan itkin düşən və yaralanaraq sağlamlığını itirənlər olmuşdur. İşğal altındakı torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edilmişdir.
Dərsdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhrəmanlığından bəhs olunaraq bildirilmişdir ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Oğuz eli, qədim diyar Naxçıvandan olan hərbçi zabitlər idi. Müharibədə iştirak edən qəhrəmanlar xüsusi təlimlər almış, yüksək hərbi bacarıqlara malik, illərlə Vətənin bu günü üçün yetişdirilmiş zabitlər idi. Artıq heç kəsə sirr deyil ki, Vətən uğrunda ən çox şəhid verən regionlardan biri də Naxçıvan oldu. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 10 noyabr tarixdə Qələbə xəbərini xalqa verərkən Naxçıvandan cəbhəyə yollanan igidlərimizin qəhrəmanlıqlarından xüsusi söz açdı. Ali Baş Komandan qeyd etdi ki, naxçıvanlılar müharibədə qəhrəmanlıqla vuruşub və şəhidlər verib.
Qeyd olunmuşdur ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən hər il 27 sentyabr “Anım Günü”, 8 noyabr isə “Zəfər Günü” kimi qeyd ediləcəkdir.
Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR