Aşıq Ələsgər – 200
Azərbaycan aşıq yaradıcılığının ən azı ulu ozan Dədə Qorquda qədər gedib çıxan zəngin bir tarixi vardır. Bu tarixi mərhələdə günümüzə qədər inkişaf edərək varlığını qoruyan və davam etdirən aşıq sənətinin görkəmli nümayəndələrindən biri də bu il 200 illik yubileyini qeyd etdiyimiz Aşıq Ələsgərdir. Bildiyimiz kimi, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 18 fevral tarixdə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət sənədində də deyildiyi kimi “...çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycan mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş” Aşıq Ələsgər bir çox tədqiqatçılar tərəfindən, sadəcə, gözəllik nəğməkarı, bəziləri tərəfindən isə, sözün həqiqi mənasında, haqq aşığı kimi səciyyələndirilmişdir. Fenomenal istedad sahibi olan aşıq haqqında söylənən bu fikir onun yaradıcı şəxsiyyəti haqqında dolğun təsəvvür yaradır: “Özündən əvvəlki ustad aşıqların ədəbi-bədii irsini dərindən-dərinə mənimsəyən Aşıq Ələsgər bu sahədə elə bir səviyyəyə yüksəlmişdir ki, istər sələfləri, istərsə də xələfləri haradan baxsalar onu görürlər”.
Aşıq Dədə Ələsgər kimi daha çox xatırlanır. Onun bütöv obrazının açılmasında “Dədə” titulu, sadəcə, qohumluq dərəcəsi bildirən, bəzi dialektlərdəki “baba” sözünün ekvi
valenti kimi ortaya çıxsa da, sonradan bu titul irfan-sufi düşüncəsinin ali mərtəbəsi olaraq layiqli müraciət kimi özünü doğrultmuşdur.
Aşıq Ələsgər mərifəti ailəsindən, Göyçə mühitindən, yanında işlədiyi, onu nökər yox, oğlu kimi görən Kərbəlayı Qurbandan, sazı isə Göyçə havasından, doğulduğu yerin suyundan, dağından, otundan, gül-çiçəyindən, Səhnəbanuya olan eşqindən, ən kamil şəkildə isə ustadı Aşıq Alıdan öyrənmişdi. Şəyirdlikdən ustadlığa qədər yol qət etsə də, qətiyyən lovğalanmamış, əksinə, təvazökar kimliyini qoruyub saxlamışdır. “Dünyada” divanisində dediyi kimi:
“Şəyirdlikdə can çürütdüm,
Hərgiz ustad olmadım”,
yaxud da, “Düşərsən” rədifli hərbə-zorbada qarşısındakına dediyində bunu görürük:
Məğrurluq eyləyib ustadam demə,
Vaxt olar, bir yerdə dara düşərsən.
Ustadlıq məsələsinə də qayıdacağıq. İlk olaraq aşıqlıq tərəfinə nəzər salmaq lazım gəlir. Bir az da əvvələ gedib “Aşıq” sözünə pərçimlənir düşüncələr. “Aşıq-eşq”, “aşiq-işıq”, “şıq-aşı” və bu kimi sözlər özlüyündə yan-yana düzülür. Hansı tərəfdən baxsan, hər birində Aşıq Ələsgər obrazını görə bilirsən. Aşıq yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparmış Qara Namazovun bu mövzuda fikirləri maraqlıdır: “Aşıq” sözü türkdilli xalqların işıq sözündəndir. V.Çələbi “eşq” və “aşiq” sözlərinin türkcə “işıq” sözündən əmələ gəldiyini xatırlatmaqla bərabər, aşığı “ürəyi eşq ilə yanan, qəlbi məhəbbətlə nurlanan kimsə” adlandırmışdır. F.Köprülü də aşıq sözünün türk dillərində işlənən “işıq” sözündən olduğunu söyləyir və belə hesab edir ki, “işıq”, “nur”, “haqq”, “haqq aşiqi” orta əsr təriqətlərinin rəmzi mənası və əqidəsidir.
Yuxarıdakı fikirlərdə hansı sözə tərəf yönəlsək, Aşıq Ələsgəri görə biləcəyik. Türkdilli xalqların “işıq” sözü – işıqlı Ələsgər, aşiq – istər yurduna, yuvasına, sazına, sözünə aşıq Ələsgər, istərsə də Səhnəbanu ilə başlayan aşiq Ələsgər, aşılamaq – söyləmək, təlqin etmək, fikrini çatdırmaq – davamlı məclislərdə söz söyləyən, eşitdiklərini xalqa təlqin edən, xalqın arzu və istəklərini sazın telləri ilə avazlandırıb başqalarına çatdıran, aşılayan Ələsgər, istərsə də onu görənlərin haqqında danışdıqları kimi boy-buxunlu, görkəmli, şıq Ələsgər və digər təyinlər Aşıq Ələsgərin boyuna biçilib sanki. Bəlkə, elə ona görə Mürsəl Həkimov aşıq sənəti ilə bağlı danışarkən bu qənaətə gəlir ki, “heç bir sənət öz ölməzliyini, bəşəriliyini atalar sözü və zərb-məsəllərdə bu qədər müdrikliklə təsdiqləməmişdir: “Aşığınkı hayla, mollanınkı vayla”, “Aşıqdan qonaq olmaz”, “Aşığa hər yer məhrəmdir”, “Aşıq özümüzünküdür”, “Aşıq gördüyünü çağırar”, “Sazı Pir baba, sözü Nur baba”, “Aşığın sazını aldın, ya canını”, “Ustadı tökəni şəyirdi döşürər”, “Aşıq ilqarlı olar, gözəl idbarlı”, “Aşıq dəm gətirər, molla qəm”, “Aşıq el anasıdır” və sair.
Bu fikirlərə dayanaraq M.Həkimov aşıqları iki yerə ayıran qənaətini dilə gətirir: “Aşıqları sənətkarlıq, istedad və yaradıcılıq nöqteyi-nəzərindən iki qrupa bölmək olar: birinci qrup aşıqlar dolğun məzmunlu əsərləri, gözəl saz havaları, şirin ləfzləri və hazırcavablığı ilə xalqın rəğbətini qazanmış yaradıcı ustad aşıqlardır, dədələrdir. İkinci qrup aşıqlar isə ustad aşıqların yaratdığı poeziyanı, dastanı, həmçinin yazılı ədəbiyyat nümunələrini xalq şənliklərində, mərasimlərində məlahətli səsləri ilə tamaşaçılara, dinləyicilərə çatdıran peşəkar – ifaçı aşıqlardır”. Elə buradaca əmin şəkildə ifadə etmək olar ki, Aşıq Ələsgər bu bölgünün birinci qrupuna daxil olan yaradıcı ustad aşıq, dədədir. “Peyğəmbərin meracı”nda Aşıq Ələsgərin sözləri də bunu təsdiq edir:
Şairin sinəsi haqq bazarıdır,
Satdığı kəlmələr ləl-mirvarıdı.
Alimin elmiylə helmi yarıdı,
Həcvü-hədyan demək nahaq söhbətdi.
Yazıq Ələsgərəm, azdı kamalım,
Vacibdir ki, bir ustaddan dərs alım.
Dərs aldım, öyrəndim, oldu öz malım,
Bizdən də ustada nəfi – rəhmətdi.
Yuxarıda “dədə” mövzusuna təkrar qayıdacağımızı bildirmişdik. Əvvəlcə “dədə” yozumunun izahı barədə söylənilən fikirlərə diqqət edək. Qara Namazov yazır: “Dədə” sözü ulu ata, böyük ata mənası daşımışdır və indi də ata mənasında işlənməkdədir. Dədə həm də ən hörmətli və nüfuzlu sənətkarlara verilən fəxri titul olmuşdur”. Digər folklorşünas alim Paşa Əfəndiyev də məsələyə oxşar prizmadan yanaşır: “Xalq içərisində böyük hörmətə malik olan ozanlar əlində qopuz el-el gəzər, çalar, oxuyar, igidlərə dastanlar qoşardı. Dədə isə ozanlığı ilə bərabər, həm də müdrik, bilici, müşkül işləri yoluna qoyan bir el ağsaqqalı olmuşdur. Başqa sözlə, əgər ozanlar ən çox qopuzla çalıb-oxuma, ifa ilə bağlı idilərsə, dədələr həm də yaradan sənətkarlar, məşhur oğuznamələrin əsl yaradıcıları olmuşlar”. Professor Hüseyn İsmayılov isə həm “dədə”lik, həm də Aşıq Ələsgər – Dədə Ələsgər paralelliyində qətiyyətli mövqe ortaya qoyur: “Türk dünyasının Oğuz mədəni arealında, türk coğrafiyasının məkan əcdadı Göyçədən qopan sazın və sözün sehrində sintezləşən və Tanrı dərgahına doğru ucalan musiqinin, səsin, sözün və dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adının önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Zaman anoxronizmini nəzərə almasaq, orta çağ Oğuzu Ələsgərin adına kitab bağlasaydı, hökmən “Dədə Ələsgərin kitabı” yazardı; eynilə “Kitabi-Dədə Qorqud” kimi. Xüsusi kültür vahidinin işarəsi kimi “dədə” sözünün semantik məzmununa bələd olmadan kökləri və qaynaqları təsəvvüfdən və ürfan fəlsəfəsindən gələn Ələsgər poeziyasının və Ələsgər fenomeninin sehr və möcüzə pərdəsini qaldırmaq mümkün deyil”. H.İsmayılov aşığı sufiliklə iç-içə görür: “Dədə” Aşıq Ələsgərin mənsub olduğu ali sufi mərtəbənin göstəricisidir. Bu, haqq aşiqliyinin zirvə məqamıdır. Ələsgərlə bağlı çoxsaylı araşdırmalar onu şəxsiyyət kimi, ustad sənətkar kimi, gözəl şair kimi təqdim edir. Bunlar doğrudur, amma Ələsgər kimi fenomenin müəyyənləşdirilməsi üçün kifayət deyildir. Poeziyasından göründüyü kimi Ələsgər Haqq Aşığıdır, Sufi Mürşididir, Övliyadır, Dədədir”.
“Əhli-irfan məclisində yükü gövhərmisal olan” və “Sözünün bir parasını xəlvətdə saxlayan” aşığın özü də alimin sufi mürşidi, övliya təyinlərinə yaradıcılığı ilə dəstək olur. Əgər Aşıq Ələsgər “Olmuşam” qoşmasında:
Ələstü bürəbbüküm qalu-bəladan
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü xaki-payına,
Elm tapıb sinədəftər olmuşam,
yazırsa, “Varıymış” qoşmasında sufi-mürşid, övliya xarakterlərini nişan verir:
Haqq sözə gərəkdi, düz qiymət olsun,
Qiyməti verməyə mərifət olsun.
İnsanda insanlıq, səxavət olsun,
Neylərəm ki, cah-cəlalı varıymış.
Haqq aşığı olmağın təsdiqi həm də o deməkdir ki, aşıq vergilidir. Yəni ona ilahi vergi verilmiş, folklor mətnlərinin dili ilə desək, badə içilmiş, buta verilmişdir. Bunu təsdiq edən məqamlar həm Dədə Ələsgərin şeirlərində özünü göstərirdi, həm bədahətən şeir qoşmasında üzə çıxırdı, həm də aşığın həyatının ayrı-ayrı məqamlarında öncəgörücülüyü bunu deməyə əsas verirdi. Aşıqla bağlı xatirələr, bu mənada, qeyd olunmalıdır. Belə xatirələrdən yola çıxaraq yaradılmış dastanlarda da Dədə Ələsgərin hadisələri qabaqlamasını müşahidə edirik. “Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü” adlı dastan, bu mənada, daha xarakterikdir. Həmin dastanda bir maraqlı məqam var. Aşıq Hüseyn Şəmkirli hansı qafiyədə şeir oxuyursa, Aşıq Ələsgər “mənim də o qafiyədə şeirim var”, – deyib oxuyur. Bu da qonağın diqqətini cəlb edir. Hiss edir ki, Aşıq Ələsgərin, əslində, elə qafiyədə şeiri yoxdur, sadəcə, ilahi vergi sayəsində məclisdəcə elə bir şeir qoşur və saz çalıb-oxuyur. Bunun nəticəsində də görüşdən qayıdanda Ağbulaq kəndində onu gözləyən camaatın Aşıq Ələsgəri soruşması üzərinə Şəmkirli Aşıq Hüseyn deyir ki, “Aşıq Ələsgər kimi aşıq hələ dünyaya gəlməyib, o haqq aşığıdır”.
Bundan əlavə, qardaşı oğlu Aşıq Nəcəfin xatirələrində göstərilir ki, Aşıq Ələsgər ölümünü belə, hiss edib. Bu zaman xəbər göndərib oğlu Bəşiri yanına çağırtdırır və ehtiyatınızı görün, mən ölürəm, – deyib. Sapsağlam birinin belə deməsi oradakılara qəribə gəlsə də, Aşıq Ələsgər “Öləcəyimi bilməsəm bu sözü deməzdim”, sözləriylə oğluna ehtiyat görməyə başlamasını tapşırır. Nəticədə, dediyi kimi də olur.
Bu öncəgörməni, ilahi vergini, bir çox mətləblərdən xəbərdar olmasını Aşıq Ələsgər şeirlərində də dilə gətirmişdir. Çoxları, bəlkə də, aşığın şeirin qafiyəsinə uyğun sözgəlişi misra kimi düşündükləri halda, belə bir yüksək mövqeyə sahib olan aşıq nə dediyini mütləq ki, bilirdi. Yaradana ünvanlı olaraq söylənən “Ələsgər qəlbinə saldın işığı” fikrində də İlahinin aşığın qəlbinə nur-işıq verdiyini anlamaq olar. Yaxud “Ələsgərəm, hər elmdən halıyam” “Əlif”dən dərs aldım, əbcəd oxudum”, “Mövladan dərs alan heç düşməz ləngə” misralarının məna yükü Aşıq Ələsgərin açıq bəyanları kimi diqqət çəkməyə bilməz. Eyni zamanda “Ay nədən oldu?” bağlamasındakı tapşırma bəndi, bu mənada, bir çox sualın cavabı olmaqla yanaşı, bir çox cavabın da sualı mahiyyətindədir:
“Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə, məni eylə xəbərdar:
Elmi hardan tapdı cümlə aşıqlar?
Şeiri-müəmması ay nədən oldu?”.
Haqq aşığı olmasını “Danışaq” bağlamasında da bəyan edir:
“Əgər haqq aşıqsan, “meydana gəl” de!
Arifsənsə, bu sözlərə “gözəl” de!
Farsiyyət bilirsən, şeiri-qəzəl de!
Ərəbxansan, gəl, Qurandan danışaq”.
Aşıq Ələsgərin Həcər xanımla deyişməsində də iki misra cəlbedicidir:
Ələsgər də hər elmdən halıdı,
Mövla baratıdı, öz kamalıdı.
Ələsgərin hər elmdən halı – agah olması məna olaraq aydındır. “Mövla baratı” ifadəsi isə maraqlı kodların gizləndiyi fikir kimi izah tələb edir. “Barat” sözünün bir neçə mənası var. Göndərilən hər hansı bir şey (burada Aşıq Ələsgəri Mövlanın göndərdiyi kimi anlaya bilərik), səlahiyyətli (Mövlanın səlahiyyətli şəxsi olması), yaradıcı (bu ifadəyə artıq əlavə izaha gərək yoxdur), şanslı, uğurlu (aşıq sənəti sahəsindəki uğurlarını düşünə bilərik). Mövla baratı və öz kamalı. Təbii ki, Allahın göndərdiyi səlahiyyətli, uğurlu, yaradıcı şəxs həm də öz kamalı, ağlı, iradəsi ilə hər elmdən halı olandır və beləcə, haqq aşığıdır.
İlahi vergili haqq aşığı olması barədə daha bir xatirəni yenə də aşığın qardaşı oğlu Aşıq Nəcəfdən dinləyək: “Düzdür, biz də yazırıq, amma elə olur ki, dörd misra yazanda, bəzən ikisi xoşumuza gəlmir, pozub özgə misra yazırıq. İndiki şairlər nə yazsa, elmin gücünə yazır. Bizim şairlərimizin yazdıqları yerin dərin qatlarından çıxarılmış artezian suyuna, yazı-pozu bilməyən Ələsgərin şeirləri isə o dağların sinəsindən təbii qaydada axıb gələn bulaqlara bənzəyir. Mən onun belə qoşmalarının bədahətən yaradıldığına şübhə etmirəm. Onunku haqq vergisidir”.
Aşıq Ələsgərin haqq aşığı obrazının maraqlı tərəflərindən biri də el-obada, ayrı-ayrı bölgələrdə hörmət-izzət sahibi olması idi. Onu tanımayanlar belə, sözlərindəki mənaya vurğun olur, sadə xalq danışığı ilə sirli mənalar yaratması qarşısında heyrətlərini sevgiləri ilə ifadə edirdilər. Bunun bir səbəbi də aşıq sənətinin xalq həyatı ilə bağlı olmasında gizli idi. Təbii ki, “aşıqlar öz “təhsilini” xalqdan almış, onların “məktəbi” xalqın həyatı olmuşdur”. Məhz xalqdan təhsil alan, məhəbbəti xalq həyatı olan Dədə Ələsgər ustad aşıq obrazının portretini “Gərəkdi” rədifli qoşmasında belə göstərirdi:
Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Ələsgər haqq sözün isbatın verə,
Əməlin mələklər yaza dəftərə.
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sevdalı gərəkdi.
Bu qoşmadan yola çıxan tədqiqatçı Qara Namazov Ələsgərin görmək istədiyi aşığı belə səciyyələndirir: “Ələsgər xalqın qəlbinə yol tapa bilən sənətkar olmaq üçün aşıqların qarşısında çox məsuliyyətli vəzifələr qoyurdu. O, aşıq sənətini kamil bilməklə yanaşı, sənətkarın ağıl, kamal, mərifət sahibi olmasını vacib hesab edir və göstərirdi ki, əsil aşıq yüksək insani keyfiyyətlərə malik olmalı, həyat həqiqətləri ilə xalqın gözünü açmalı, təmiz və pak adı ilə elin böyük hörmət və nüfuzunu qazanmalıdır... Xalq müəllimi olan aşıq danışdığı sözün qiymətini bilməli, həmişə mənalı danışmalı, ağzından “ləli-gövhər” kimi söz eşidilməli, adi bir eyhamı, deyilən hər biri sözü tez anlamalı, sözü ilə işi bir olmalıdır”. Dədə Ələsgər ustad aşıq olduqdan sonra şəyirdlərinə də kamil bir saz-söz adamı olmağın yollarını göstərərkən elmli, bilikli, məlumatlı olmağı əsas sayırdı.
Aşıq Ələsgər timsalında haqq aşığı obrazını nəzərdən keçirərkən aşığın misraları da köməyə çatır: “Ələsgərəm, doğru yoldan azmaram”, “Mən aşığam, yasaq yoxdu dilimə”, “Mənim sözüm yoldan çıxan mollanı, inşallah, qaytarar, müsəlman eylər” kimi misralarla yanaşı, ayrı-ayrı şeirlərindəki fikirlər də diqqətçəkəndir. Bu kimi fikirlər haqqında ətraflı düşündükcə Dədə Ələsgərin nəvəsi İslam Ələsgərin söylədikləri ilə birbəbir razılaşmalı olursan: Aşıq Ələsgər elə bir qüdrətli söz sənətkarıdır ki, onun dönə-dönə eşitdiyimiz, hətta əzbər bildiyimiz bəndlərinə fikir verəndə orada ağlımıza gəlməyən daha yeni, daha maraqlı estetik və didaktik məzmunlu, bəzən də dərin fəlsəfi məna daşıyan bədii ifadələr tapırıq. Aşığın yaradıcılığında üzə çıxan belə keyfiyyətlər onu bizə daha da yaxınlaşdırır”.
Aşıq şeirinin, bizim fikrimizcə, ustalıq göstəricilərindən biri də dodaqdəyməz təcnislər, dodaqdəyməz divanilər, müstəzad təcnislər, hətta hərbə-zorbalardır. Bu zaman nə qədər təvazökar olursan-ol, şeir şəklinin tələbinə uyğun olaraq qarşındakına üstünlük gəlmək istəyi ilə hərbə-zorba söyləməli, xalqın dili ilə ifadə etsək, özündən deməli, boy göstərməlisən. Amma bu zaman dilinə görə dilçəyinin də olması şərtdir.
Təkcə nümunə gətirdiyimiz sözlərindən yola çıxaraq xalqımızın Ələsgər kimi bir ustad yetirdiyi ilə qürur duymalı olursan. Bu xalqın nümayəndəsi kimi Ələsgərlə eyni xalqdan, eyni millətdən, eyni kökdən, eyni coğrafiyadan olmağın fəxrini hiss edirsən. Bu qürur, bu fəxr özlüyündə belə bir fikir formalaşdırır ki, heç bir təhsili olmamasına baxmayaraq, Ələsgər “el məktəb”inin ən istedadlı şagirdi, “xalq universiteti”nin ən əlaçı məzunudur.
Nizamilər, Nəsimilər Füzulilər, Xətailər, Vaqiflər yetirən xalqın Qurbani, Tufarqanlı, Aşıq Alı məktəbi Aşıq Ələsgərlə ən böyük zirvəsini fəth edib. Elə bunun nəticəsidir ki, professor Kamil Vəliyev “Füzulidən görünən Ələsgər – Ələsgərdən görünən Füzuli qədərdir, o qədər də ucalıqdadır. Sözündə Füzuli təcrübəsi olmayan xalq çətin ki, Ələsgər kimi ustadı yarada bilərdi” qənaətinə gəlir.
Aşıq Ələsgərin şeirlərindən, həyatından, haqqında deyilən xatirələrdən, yaradılan dastanlardan, istərsə də Aşıq Ələsgər haqqında aparılmış araşdırmalardan onun irfan yüklü Dədə aşıq, elm yüklü ustad aşıq, xalq ruhlu el ağsaqqalı obrazını görmək çətin deyil. Bütün bunların hamısını ümumiləşdirəndə Ələsgərdə “dədə” və “haqq” sözlərinin sintezindən dədə ruhlu haqq aşığı, haqq aşiqli dədə aşıq obrazı gözlərimiz qarşısında canlanır. Aşıq Ələsgər obrazında xalqın folkloru, etnoqrafiyası, məişəti, sazı, sözü, inamı, inancı, tarixi keçmişi, yaradıcı potensialı cəmlənmişdir. Haqqında nə qədər yazılmasına, araşdırmalar aparılmasına, tədqiqatlar ortaya qoyulmasına baxmayaraq, bundan sonrakı mərhələdə də Aşıq Ələsgər təkrar-təkrar, yeni baxışlar, yeni istiqamətlər işığında öyrənilməli, yaradıcılığı və şəxsiyyəti haqqında araşdırmalar davam etdirilməlidir. Heç şübhəsiz ki, folklorşünaslarımız, ədəbiyyatşünaslarımız ölkə başçısının ustad aşığın 200 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı tarixi Sərəncamın bu sahədə açdığı elmi üfüqlərdən layiqincə bəhrələnəcəklər.
Elxan YURDOĞLU
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Folklorşünaslıq şöbəsinin müdiri, dosent