15 Sentyabr 2024, Bazar

Salam olsun ruhuna, Azərbaycanın ölməz şairi Nizami Gəncəvi! Salam olsun o müqəddəs ruhuna ki özündən sonra qoyub getdiyin iz heç bir zaman silinməyəcək. Dahi Nizami, ruhun xəbər gətirmişdir sənə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunduğundan. Bununla bağlı imzalanmış Sərəncamda deyilir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəvi həyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır”.


Nizami Gəncəvi yaradıcılığının əsas süjet xətlərindən birini zəhmət, sənətkarlıq, ustalıq, yaradıcılıq təşkil edir. Şair bütün əsərlərində zəhməti və əməkçi insanların gördüyü hər bir işi alqışlamışdır:

İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən-zirək.
Çalış zəhmətinlə xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.

Azərbaycanın görkəmli şairi Səməd Vurğun deyirdi: “Nizaminin əsərlərində zəhmət adamlarından hörmət və məhəbbət hissi ilə danışılır. Onun əsərlərində biz bir çox zəhmət adamlarının – kərpickəsənlərin, əkinçilərin, bənnaların, çobanların, bağbanların parlaq surətlərinə rast gəlirik”. Mütəfəkkir şairin hər bir əsərini oxuduqca insan daha da zənginləşir, mənəvi qida alıb ruhu sakitlik tapır. Məhz belə əsərlərdən biri də “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəsidir.
Məlumdur ki, böyüməkdə olan nəslin tərbiyəsində əməyə məhəbbət, əməksevərliyin aşılanması mühüm önəm daşıyır. Nə xoş bizə ki bu hekayəni mütaliə etdikcə ibrətamiz nəsihətlər əldə edir, gələcəyimiz olan gəncliyə əməyi, peşəyə olan sevgi hissini aşılaya bilirik. Şam şəhərində yaşayan, kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişinin timsalında bugünkü gəncliyimiz əməksevər böyüyə bilir. Qoca tərini silə-silə, kərpicini kəsərək halal zəhməti ilə çörək pulunu qazanır. Elə bu zaman bir cavan oğlanın: – Bu nə işdir görürsən, ay qoca, yalnız qullar, kölələr belə zillətə dözər… Qalx ayağa torpağa bu qədər qılınc vurma, bir qarınlıq çörəyi heç kəs səndən əsirgəməz, – deməsi yaşlı kişini qəzəbləndirir, cavan oğlanın dediklərinin qarşısında belə cavab verir:

Cavansan, belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə,
Mən bir kəsə deyiləm xəzinədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac,
Onunçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.

Adətən, dünyagörmüş, təcrübəli qocalar, gənclərə nəsihət verər, onları səhv işlərdən çəkindirər. Əksinə, bu hekayədə cavan oğlan qocaya ağıl vermək, yol göstərmək fikrinə düşür. O, qocaya məsləhət görür ki, yaşı ötmüşdür, daha işləməsin, heç kəs ondan bir parça çörəyi əsirgəməz. Lakin qocanın haqlı və ədalətli sözləri gənc oğlanı narahat edir, tutduğu işdən peşman olur. Bu, əlbəttə, şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalıdır. Öz halal əməyi ilə dolanışığını təmin etməyi bacarmalıdır. Heç kəsə boyun əyməmək, əməksevər olmaq kimi müsbət keyfiyyətlər aşılanır əsər vasitəsilə. Bununla da zəhmətkeş qoca hələ həyatın sərt üzünü görməmiş gəncə əməksevərlik, halallıq dərsi verir. Dahi Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqaları qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Kərpickəsən kişi isə yaşadığı çətinliklərə baxmayaraq, həyatda heç vaxt məğlub olmur. Əksinə, daha məğrur dayanır dünya pəncərəsi önündə, qürurundan dönmür. Görkəmli ustadımız Nizami bu əsəri ilə kərpic kəsməklə gündəlik gəlirini əldə etməyin utancverici bir hiss olmadığını dilə gətirir. Bir qarın çörək üçün heç kəsə boyun əyməməyi təlqin edir. Dahi Nizami tüfeyli həyat sürən insanları pisləyir, onların cəmiyyətə heç bir xeyir gətirmədiyini bildirir.
Bu gün ümumtəhsil məktəblərinin V siniflərində təhsil alan şagirdlər bu hekayəni oxuyarkən öz əməyinin şirin bəhrəsindən mənəvi qida alan qoca ilə halal zəhməti qiymətləndirməyən miskin bir cavanı gözləri önündə canlandırırlar. Kərpickəsən qoca ən səciyyəvi əməkçi obrazı olduğundan şagirdlərdə əməyə sevgi yaratmaq üçün əsl nümunədir. Şagirdlər hekayəni oxuduqda bu nəticəyə gəlir ki, zəhmət çəkən, əmək sərf edən, alnının təri ilə çörəkpulu qazanan insanlar hər kəsin sevimlisinə çevrilir.
Bir sözlə, Nizaminin əsərləri yüksək insani görüşləri, mənəvi ucalığı tərənnüm edən möhtəşəm sənət abidələridir. Şair bəşəriyyətin rifahını əmək və zəhmətsiz təsəvvür etmir. Nizami söz xəzinəmizdə ən uca zirvədə dayanaraq, təfəkkürün vəhdətindən irəli gələn əsərlərinin qalibiyyət bayrağını bütün kainat üzərində dalğalandırır. O əsərlər ki heç bir zaman şairin unudulmasına yol verilmir. Nizaminin dediyi kimi: “Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı”. Dahi söz ustası ədəbiyyatımızda yeni parlaq səhifə açmışdır ki, məhz həmin əsərlər bu gün də insanların kamilləşməsinə xidmətdir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmışdır. Bu məktəb 100 illər keçsə belə, yenə yaşayacaq. Qüdrətli söz sahibinin oxuduğumuz hər bir əsərindən aldığımız nurun, aldığımız xoşbəxtliyin, ən əsası aldığımız mənəvi qidamızın heç bir zaman əskilməməsi ümidi ilə…

Nuray ƏSGƏROVA

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR