http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/32500-aesrae-baerabaer-illaer-kitab-n-n-taezhdimat-olub.html#sigProGalleria33a0569201
AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin “Əsrə bərabər illər” kitabının təqdimatı keçirilib.
Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, yeni nəşr olunmuş kitabda istedadlı jurnalist Rauf Əliyevin AZƏRTAC və “Şərq qapısı” qəzetində dərc olunmuş analitik məqalələri toplanmışdır. Müəllif əsərdə muxtar respubikada ordu quruculuğu, enerji təhlükəsizliyi, elm, təhsil, səhiyyə və başqa sahələrdə həyata keçirilən nəzərəçarpan inkişaf strategiyasını yüksək analitik bacarıqla təhlil etmişdir. Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri də ondan ibarətdir ki,müəllif faktları peşəkarcasına təhlil etməklə yanaşı, eyni zamanda ötən dövrlərlə müqayisələr aparmışdır. Bütün üstün cəhətlərini nəzərə alaraq deyə bilərik ki, “Əsrə bərabər illər” kitabı Naxçıvan Muxtar Respublikasının 2015-2020-ci illər üzrə hərtərəfli inkişafını əks etdirən ensiklopediyadır. Kitabdakı faktların səlis və oxunaqlı təsvirinə diqqət çəkən akademik əsərin Naxçıvanı tanımaq, burada həyata keçirilən inkişafla tanış olmaq istəyən hər kəs üçün faydalı məlumat bazası rolunu oynayacağını vurğulayıb.
Təqdimatda “Aktual analitik janr – icmalların toplusu haqqında” məruzə edən “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova “Əsrə bərabər illər” kitabını təcrübəli jurnalist Rauf Əliyevin altı illik məhsuldar fəaliyyətinin uğurlu nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, icmal janrı analitik janr kimi inkişaf və tərəqqi, eləcə də fəal ictimai-siyasi proseslər getdiyi haldı aktuallıq kəsb edir. Bu mənada yeni nəşrdə toplanan materiallar da muxtar respublikada aparılan quruculuq və inkişaf siyasətinin növbəti bəhrəsidir. Buradakı icmallar, həm də müəllifin jurnalist peşəkarlığı ilə diqqət çəkir. Kitabda yer alan fəsillərin hər ilin muxtar respublika üçün ictimai-siyasi əhəmiyyətliliyinə uyğun olaraq adlandırılması, yeni nəşrin nəfis tərtibata malik olması müəllifin muxtar respublikada qazanılan çoxşaxəli uğurlara bildirdiyi fəal jurnalist mövqeyindən irəli gəlir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitab muxtar respublikanın inkişafı ilə maraqlanan mütəxəssis və tədqiqatçılar, jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs üçün etibarlı mənbədir.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov yığıncaqda “Naxçıvan mətbuatında altıillik quruculuq salnaməsi”mövzusundaçıxış edib.Kitabın bir sıra mühüm keyfiyyətlərindən söz açan məruzəçibildirib ki, müəllif 2015-c ildən başlayaraq altı il ərzində muxtar respublikada baş verən mühüm hadisələrə xüsusi prizmadan yanaşmış, həm öz sahəsinin peşəkarı, həm də əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. Burada çoxsaylı faktlar vahid dövlətçilik ideologiyası əsasında təhlil olunmuş, bir amal ətrafında birləşdirilmişdir ki, bu müəllifin vətənpərvərliyindən irəli gəlirş.
Tədbirə onlayn iştirak edən AZƏRTAC-ın Regional inkişaf və bölgə xəbərləri redaksiyasının müdiri Ceyhun Rüstəmov “Naxçıvanın sosial-iqtisadi inkişafı AZƏRTAC-ın səhifələrində” mövzulu çıxışında Naxçıvanın sürətli inkişafından söz açıb. Vurğulanıb ki, muxtar respublikanın son 20 ildə iqtisadi artım templərinə görə rekordsmen bölgə olması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin uğurla həyata keçirdiyi Heydər Əliyev siyasətinin bəhrəsidir. Bütün bu uğurları ölkə ictimaiyyətinə, dünyaya çatdırmaq isə qarşıda duran əsas vəzifələrdən biridir.
2014-cü ildən muxtar respublikada fəaliyyət göstərən AZƏRTAC-ın Naxçıvan bürosu təcrübəli jurnalist Rauf Əliyevin rəhbərliyialtındauğurla fəaliyyət göstərir. Onun müntəzəmhazırladığı icmalları bir araya topladıqda isə muxtar respublikanın inkişaf, quruculuq salnaməsi yaranır. Kitab muxtar respublika həyatının bütün sahələrini əhatə etməklə, qazanılan uğurlar barədə oxucuda əyani təsəvvür yaradır.
“Şərq qapısı” qəzetinin məsul katibi, kitabın redaktoru Muxtar Məmmədov çıxışında “Əsrə bərabər illər” kitabını Naxçıvan mətbuatına yeni töhfə kimi qiymətləndirib. Təcrübəli jurnalist müəllifin səmərəli fəaliyyətinə nəzər salaraq, kitabın diqqət çəkən məqamlarını təhlil edib, bu uğurların davamlı olacağına əminliyini bildirib.
Sonda Rauf Əliyev çıxış edərək göstərilən diqqətə görə muxtar respublika rəhbərliyinə öz minnətdarlığını bildirib. “Jurnalistin silahı onun qələmidir. O qələm Vətənə, millətə xidmət etmirsə, o şəxs jurnalist kimi püxtələşməmişdir”, -deyən müəllif bildirib ki, bu qayğı insanı daha şövqlə çalışmağa vadar edir.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti