Əfsanəyə dönən ömürlər
Söz vaxtına çəkər, deyib atalarımız. 7 il öncə sentyabr ayında oldu onunla tanışlığımız. O zamanlar Culfa şəhərində müəllim kimi fəaliyyət göstərirdim. Naxçıvan şəhərində yaşadığım üçün gündəlik Culfaya gedib-gəlməli olurdum. Naxçıvan-Culfa avtobusu hər gün səhər saat 10:00-da Culfaya doğru yol alırdı. Bir gün gecikmişdim. Elə mən avtovağzala çatmaqda, avtobus da çıxmaqda idi. Avtobusun qarşısında Naxçıvan-Culfa yazısını oxuduqda qeyri-ixtiyari onu dayandırdım, çünki saat 10:45-də başlayacaq dərsimə çatmalı idim. Avtobusu siması təbəssüm dolu bir gənc sürürdü. Sürücü olan tərəfə yaxınlaşıb, “ayaq üstə getməli də olsam, məni də aparın, mütləq getməliyəm”, – dedim. Belə oldu Kənan Quliyevlə ilk tanışlığımız. Zamanla dərk elədim nə üçün o qədər arxayınlıqla sərnişinlərdən xahiş etdi oturacaqların birində mənə yer eləsinlər, – deyə. Çünki, xoş rəftarı, mehriban davranışı ilə rayonda hər kəsin sevgisini, hörmətini qazanmışdı. Kimsə onun sözünü yerə salmazdı. O qədər səmimi, mehriban idi ki... Sərnişinlərə “anam”, “bacım”, “qardaşım” deyə müraciət edərdi. Heç unutmaram, qış fəsli idi, Culfanın sazağını-boranını qışda bu şəhərə yolu düşənlər yaxşı bilər. Həmin soyuq günlərin birində yenə Culfaya gedirdim. Avtovağzala çatdıq, sərnişinlər yavaş-yavaş enirdilər. Yaşlı bir xanım: – Kənan, xalan qurban, yüküm ağırdır, məni evimizə apararsan? Kənanın bu suala cavabı belə oldu: – Gülnaz xala, niyə aparmıram? Sən əyləş, camaat ensin, mən səni aparacam. Kənan sonra mənə tərəf boylanaraq: “Müəllimə, yolum siz gedən tərəfədir, hava soyuqdur, istəyirsiniz siz də əyləşin, yolüstü siz də enərsiniz”, – dedi. Çox sevindim, çünki avtovağzaldan dərs dediyim məktəbə 15 dəqiqədən artıq piyada yol getməli idim. Culfadakı 2 illik müəllimlik fəaliyyətimdə Kənanın mehribanlığı, xoş rəftarı, insanlara qarşı səmimiyyəti ona olan hörmətimi birə-beş artırmışdı.
... Onun şəhid xəbərini Naxçıvan Televiziyasında hər kəsin “Vaqif əmi” deyə çağırdığı “Kənanla fəxr edirəm, yüz oğlum olsa, yüzünü də Vətənə qurban verərdim”, – deyən atasından eşitdim. Onda artıq redaksiyada işləyirdim. Çoxdan idi ki, nə Kənanı, nə də Kənanla bərabər, eyni avtobusu növbəli sürən atası Vaqif əmini görürdüm. Atasının əlindəki fotoya diqqətlə baxdım, “Yox, bu mümkün deyil, axı Kənan hərbçi deyildi, bu necə ola bilər?” – deyə düşündüm. Bir kinolentitək Kənanın etdiyi yaxşılıqlar gözümün özündən keçdi. Özümdən asılı olmadan qeyi-ixtiyari məni ağlamaq tutdu.
Hələ də inana bilmirəm ki, o, şəhid olub. Amma bəzən də düşünürəm ki, o elə şəhidlik zirvəsinin aliliyini görməyə layiq oğul idi. Çünki şəhidlik dərgahına yalnız seçilmişlər yüksələ bilər.
Neçə vaxtdır ki, onun yaşadığı evə getmək, ailəsi, onu boya-başa çatdıran ana-atası ilə söhbət etmək istəyirdim. Lakin bilirdim ki, buna mənəvi güc lazımdır. Getdim, şəhid anası İlhamə xala, yoldaşı Aysellə şəkillərinə baxdıq, onunla bağlı xatirələrdən danışdıq. Birlikdə gah kövrəldik, gah ağladıq, gah da onu xoş təbəssümlə andıq, qürurlandıq. İlahi, qəlbi həyat dolu belə insan necə olub axı həyatından keçməyi gözə alıb? Necə olub, insanları belə böyük ürəklə sevən, ailəsinə bu qədər bağlı olan bir oğul döyüşə getmək üçün könüllü olaraq müraciət edib? Bu sualın tək bir cavabı var: Vətənin qeyrətli, şücaətli, mərd oğlu Kənanın torpağa olan sevgisi, bağlılığı bütün sevgilərdən üstün olub...
...1992-ci il sentyabr ayının 11-də Culfa şəhərində dünyaya göz açan Kənan Quliyev məktəbi və hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi hissədə sürücü olaraq fəaliyyətə başlamışdı. Vətən müharibəsi minlərlə oğul kimi Kənanın da torpaq, bayraq, millət sevgisini, düşmənə nifrət hissini daha da alovlandırmışdı. Vətən oğlu əsl döyüşçü kimi özünü od-alovlu cəbhəyə atdı. Adını Azərbaycanın şanlı hərb tarixinə yazdı. Xocavənd istiqamətində olan yüksəkliklərin alınması zamanı gedən döyüşlərdə şəhidlik zirvəsini fəth etdi. O zirvə indi tək övlad sahibi olan İlhamə ana və Vaqif atanın fəxarət ünvanıdır.
İlhamə ana deyir ki, səhər saat 5 idi, namaz üçün oyanmışdım. Kənanın yoldaşı gəldi ki, ana, Kənan iş üçün dağa gedir, gəldim Kənanı yol getdiyi üçün uğurlayam. Amma Kənan bu dəfə üzümə baxmadı. Çünki o, ilk dəfə idi ki, ailəsindən gizli bir iş görürdü, dağa deyil, döyüşə gedirdi. Kənan mənə döyüşə getdiyini narahat olmayım, deyə deməmişdi. Bəlkə də düşünmüşdü ki, getməyinə mane olacağam. Amma gedəndə məni bərk-bərk qucaqladı, qoxlaya-qoxlaya öpdü, qapıdan çıxarkən mənim üçün çoxlu dua elə, – dedi. Niyəsə bu sözdən sonra ürəyimə nisgil düşdü: “Kənan niyə belə dedi görəsən?”
Atası Vaqif Quliyev başını dik tutub, tək oğlu Kənan ona başucalığı gətirib çünki... Vaqif Quliyev deyir ki, mən onunla qürur duyuram, fəxr edirəm. 30 ildir, həsrətində olduğumuz torpaqlarımızın azad olunmasında oğlumun da payı var. Oğlum Vətən, torpaq, millət uğunda şəhid olub, Vətən sağ olsun.
Yoldaşı Aysel xanıma sual verəndə ki, onu necə xatırlayırsan? Deyir ki, Kənanla 2 illik ailə həyatı ona dastan kimi gəlir. Düşünürəm: yəqin ki, bu dünyada elə bir həyat yoldaşı yoxdur. O istəyirdi ki, hər şeyin ən yaxşısı ailəsi üçün olsun, ailəsinə çox bağlı idi Kənan. O qədər ağır iş rejimi ilə hər an mənimlə maraqlanardı, zəng edərdi, kefimi soruşardı. İndi gözüm qalıb telefonda, hər zəng gələndə ürəyim sürətlə döyünür, elə bilirəm, odur zəng vuran. Səhər saat 5-də yuxudan oyanıb onu yola salardım, indi artıq adət olub məndə, hər gün səhər saat 5-də oyanıram yuxudan. Deyirəm, haradasan Kənan, mən axı sənin üçün oyanmışam. Gəl yenə səni işə yola salım. Axşam gözüm dikilir qapıya, deyirəm, bəlkə, indicə qapı açılacaq, Kənan gələcək. Hər gün 8-də işdən evə gələndə zəng edərdi, “evə nə lazımdır, ürəyiniz nə istəyir, alım gətirim?” – deyərdi. İndi hər gün saat 8-də o zəngi gözləyirəm...
Aysel xanım deyir ki, biz 2 gün sonra öyrəndik Kənanın döyüşə getdiyini. Telefonla danışdıq, dedi ağlama, bu yol kişi yoludur, qardaşlarım dardadır, mən buraya gəlməli idim. Son sözü o oldu ki, məni gözlə, qayıdacağam, mən onu gözləyəcəm. Çünki o mənə gözlə dedi, bilirəm, biz yenidən qovuşacağıq – cənnətdə...
Öz cəsarəti, qorxmazlığı, vətənpərvərliyi ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılar dəstəsində xidmət edən yoldaşları Kənanın rəşadətindən bəhs etdikcə fəxarət hissləri keçirməmək mümkün deyil.
Kənan Quliyevin döyüş yoldaşı Emin Nəcəfov deyir ki, Xocavənd uğrunda başlanan döyüşlərə deyə-gülə gedirdik. Düzdür, bilirdik, bu döyüş də çox çətin bir döyüşdür, amma hamımız inanırdıq ki, biz zəfər çalacağıq. Elə də oldu, Kənan və Kənan kimi igid oğulların qanı ilə geri qayıtdı 30 ildir, düşmən tapdağında olan torpaqlarımız.
Kənanın “Ay nənə, insana gülmək yaraşır” sözlərini xatırladıqca Xanım nənənin kədərli simasında indi də təbəssüm yaranır. Xanım nənə inanır ki, onun birinci oğul nəvəsinin ruhunu həmin istəyi yerinə yetirməsi şad edir. Nənənin söhbəti: Cəbhəyə yollandığı günün səhərisi mənə zəng vurdu. Dedi ki, ay nənə, mən döyüşə gedirəm, ağlama arxamca, mənim üçün dua et ki, getdiyimiz yolu sağ-salamat, başı uca qayıdaq. Bir də səndən bir xahiş eləyim, atama tez-tez zəng vur, kefini soruş, qoyma fikir eləsin, mənim üçün darıxsın.
Gözümün ağı-qarası balam başı uca qayıtdı Vətəninə. Bizə bir ömür şəhid ailəsi adını miras qoydu. Mən fəxr edirəm ki, mənim balam şəhid oldu.
Kənan Quliyev Vətən müharibəsində mübarizliyi, igidliyi sayəsində uca zirvəni – şəhidlik zirvəsini fəth etdi. Qorxmazlığı ilə Azərbaycan xalqının qəhrəmanına çevrildi. Ailəsinin, dostlarının, tanışlarının, qohumlarının, bir sözlə, hər kəsin fəxarət yeri oldu Kənan. Elə mənim də...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Kənan Vaqif oğlu Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Ruhun şad olsun, şəhidim, sən rahat uyu. Canını qurban verdiyin o torpaqlar azaddır indi...
Gülcamal TAHİROVA