Naxçıvan dünən
Yüz ildir ki, işıq üzü görən “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən qəzetin 9 fevral 1994-cü il tarixli sayında dərc edilmiş “İşsizlik” sərlövhəli məqalə ilə rastlaşdım. O anda bu gün qazanılan uğurların miqyasını bir daha xəyalıma gətirdim. Yazıdakı ümidsizliyi ifadə edən fikirlərlə tanış olarkən inana bilmirsən ki, blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bu gün belə bir zirvəyə yüksəlib. Məqalədə diqqətə çatdırılan çatışmazlıqlar, əsasən, blokada vəziyyətinə düşmüş və 70 il asılı iqtisadiyyat sistemi ilə idarə olunan Naxçıvan Muxtar Respublikasındakı bütün müəssisələrin bağlanması səbəbi ilə vaxtilə mövcud olan problemlərdir. Gəlin, fikir bildirməyə tələsməyək. Naxçıvanın dünəni ilə bu gününü müqayisə etmək üçün əvvəlcə həmin məqalə ilə tanış olaq.
İşsizlik
Bizim yaşadığımız günlərdə işsizlik bir sosial bəladır. Biz ona bekarçılıq da deyirik. Bu, adamların həyat tərzini, əhval-ruhiyyəsini korlayır, ailələri miskin vəziyyətə salır. Bazar iqtisadiyyatı və qiymətlərin bahalaşması, hələ heç bir ölkədə görünmədiyi bir səviyyəyə qalxması blokadada yaşayan muxtar respublika əhalisinin güzəranını çətinləşdirir. Belə bir şəraitdə işsizlik getdikcə artır. Bu gün adamlar güzəranın çətinləşməsi problemi ilə üz-üzə dayanıblar. Bəs işsizlər necə etsin? Cüzi yaşayışını necə qursun? Bu, dözülməz vəziyyətdir.
Minlərlə adamı iş yerindən uzaqlaşdıran səbəblər hansılardır? Əlbəttə, ən əvvəl son illərdə muxtar respublikamızın erməni təcavüzkarları tərəfindən blokadaya alınması və bu hesaba müəssisə və təşkilatlara xammal, material və ehtiyatların daxil olmamasıdır. Zavodlarda, fabriklərdə istehsal prosesləri dayandığından iş yerləri də ixtisar edilmişdir. İndi müəssisələr bu adamların hamısını işlə təmin etmək iqtidarında deyil. Çoxlu adam işsiz qalıb. Çoxuşaqlı qadınlar, gənclər, sağlamlıq imkanları məhdudlar üçün iş yerləri təyin olunur. Bu normanı icraiyyə komitələri təsdiq edirlər. Lakin idarə, müəssisə və təşkilatlar bu qərarı yerinə yetirmirlər. İdarə, müəssisə, təşkilatlar boş qalmış iş yerləri haqqında məşğulluq idarəsinə məlumat vermirlər. Bu da bir problem yaradır. Müharibə gedən ölkədə istehsal prosesləri pozulduğundan getdikcə işsizlərin sayı artır. Amma həlli mümkün olan məsələlərə muxtar respublikanın yerli icraiyyə komitələrinin laqeyd münasibət bəsləməsi bir çox ailələrin güzəranını aşağı salmış, əhalinin əksər hissəsi kasıblıq həddində yaşayır. Bazar iqtisadiyyatı əhalinin bu qəbildən olan hissəsinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün əlavə tədbirlər hazırlanmasını qarşıya qoyur. Lakin respublikamızın torpaqlarında müharibə getdiyindən hələlik adamların ümid ilə yaşamasından başqa çarəsi yoxdur.
“Şərq qapısı” qəzeti,
9 fevral 1994-cü il
və bu gün
Böyük əmələ sadiqlik, əzm,
qətiyyət və uğur
Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan yurdumuzda, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq, mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən ərzaq qıtlığı, işsizlik, təknələrimizin əziz nemət olan çörəyə belə, həsrət qalması, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi. Həmin vaxtlarda ümid ilə üz tutduğumuz iş yerlərinin, demək olar ki, hamısı bağlanmışdı. Böyüklərimiz deyirdilər ki, çətin günün ömrü az olar. Bizim çətin günlərimizin ömrü isə ONUN gəlişi ilə bitdi. Tanrı dahi rəhbəri dünyaya göz açdığı, çörəyi, suyu ilə böyüdüyü yurdunu xilas etməyə göndərdi.
Həmin dövrdə görkəmli dövlət xadiminin burada olması təkcə Naxçıvanı yox, bütöv Azərbaycanı yox olmaq təhlükəsindən qurtardı. Çətin günlərdə ulu öndərin ciddi səyləri nəticəsində bir sıra problemlər həll edilirdi. Lakin yaranmış vəziyyət bütün məsələləri tam həll etməyə imkan vermir, bəzi çətinliklərin aradan qaldırılması üçün zaman tələb olunurdu...
Özünüməşğulluğun təmin edilməsi üçün
aztəminatlı ailələrə dəstək göstərilir
Bu gün diyarımızda əsası ulu öndər tərəfindən qoyulan ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Sosial qayğıya ehtiyacı olan ailələrin məşğulluğu diqqət mərkəzinə çəkilib. Bu istiqamətdə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlar yaradılır. Uzun müddət ünvanlı dövlət sosial yardımı alan ailələrə fərdi təsərrüfatlarını qurmaq, öz iş yerlərini açmaq üçün müvafiq köməkliklər göstərilir.
Belə təsərrüfatların yaradılması istiqamətində görülən tədbirlərin həcmi getdikcə artır. Müraciət edənlər içərisində ailələrə yanında balası olan iribuynuzlu mal-qara, yanıbalalı xırdabuynuzlu heyvan, arı ailəsi, xalça toxumaq üçün ləvazimat, pinəçi, dərzi üçün lazım olan avadanlıqlar verilir.
Məqalədə göstərilən “Çoxuşaqlı qadınlar, gənclər, sağlamlıq imkanları məhdudlar üçün iş yerləri təyin olunur. Bu normanı icraiyyə komitələri təsdiq edirlər. Lakin idarə, müəssisə və təşkilatlar bu qərarı yerinə yetirmirlər. İdarə, müəssisə, təşkilatlar boş qalmış iş yerləri haqqında məşğulluq idarəsinə məlumat vermirlər” kimi problemlər artıq öz həllini tapıb. Belə ki, mütəmadi olaraq keçirilən əmək yarmarkalarında işlə təmin edilən insanların maddi rifah halı yaxşılaşır və bu da insanları elə, yurda daha sıx tellərlə bağlayır. Sağlamlıq imkanları məhdud şəxslərin də özünüməşğulluğa cəlb edilməsi görülən işlər arasında xüsusi yerə malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu qəbildən olan insanlara onların istəyinə uyğun və sağlamlıqlarının imkan verdiyi şəkildə bir işlə məşğul olmasına şərait yaradılır. Sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Fiziki imkanları məhdud qadınların toxuduqları yun şərf, corab, boyunluq və jiletlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilməklə alınaraq Vətənin müdafiəsində dayanan əsgərlərimizə hədiyyə edilir. Haqqıödənilən ictimai işlərin təşkil olunması, məhdud fiziki imkanlı şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. Ötən il bu qəbildən olan vətəndaşlar tərəfindən toxunan 4100 cüt yun corab, 2900 yun boyunluq və 920 yun şərf artıq hərbi hissələrə təqdim edilib.
Peşə hazırlığı kursları əmək bazarının
tələblərinə uyğun təşkil edilir
Məqalədə diqqəti çəkən məqamlardan biri də gənclərin işlə təmin olunmaması ilə bağlıdır. Həmin illərdə muxtar respublikada bütün müəssisələr bağlandığı üçün işsiz qalan gənclər ümidi ya qardaş Türkiyə dövlətində ya da ki Rusiyada axtarırdılar. Belə olan halda kəndlərdən uzaq şəhərlərə köç başlanırdı. Müstəqilliyi yeni qazandığımız illərdə yaşanan bu problem də öz həllini tapıb. Muxtar respublikada iqtisadiyyatın inkişafı və sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün bu sahəyə xüsusi önəm verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin icrası uğurla başa çatmış 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti ondadır ki, qədim diyarımızda 12 min 479 yeni iş yeri açılıb, məşğulluq mərkəzləri tərəfindən 14 min 699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilib. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payı da yüksəldilib, özünüməşğulluq proqramına 595 ailə cəlb edilib. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib, 381 yeni istehsal və xidmət sahələri yaradılıb.
Beş il ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, bərbər, bərbər-manikürçü, dərzi, aşpaz köməkçisi, traktorçu-maşinist, dayə, elektrik montyoru, rabitə montyoru, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşələri üzrə təşkil edilmiş 127 kursu 1930 müdavim bitirib. Milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili məqsədilə xalçaçı kursuna 59 nəfər cəlb edilib. Kəndlərdəki xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərinin kadrlarla təminatı istiqamətində işlər görülüb və bu işlər davam etdirilməkdədir. Qeyd olunan sahələrdə vakansiyalara uyğun çalışmaq istəyənlər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə kurs təşkil olunub, xidmət mərkəzlərində 157 bərbər, 166 bərbər-manikürçü və 40 dərzi olmaqla, ümumilikdə, 363 nəfər işlə təmin edilib.
Onu da qeyd etmək yerinə düşər ki, həmin proqramın ardınca Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci ilin yanvarın 28-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Artıq bu dövlət sənədinin də icrası istiqamətində bir çox işlər görülüb və görülməkdədir. Aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin olunması üçün müxtəlif sosial layihələr həyata keçirilir. 2021-ci ilin ötən dövrü ərzində 14 şəhid ailəsinə mənzil təqdim edilmişdir. Muxtar respublikada 160 sosial qayğıya ehtiyacı olan ailənin hər birinə 2 baş iribuynuzlu, 45 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 21 ailənin hər birinə miniyerşumlayan aqreqat, 3 ailəyə inkubator aparatı, 2 ailəyə dərzi avadanlıqları və ləvazimatları, 4 ailənin hər birinə 10 yeşik arı ailəsi, 4 ailəyə otbiçən aqreqat, 1 ailəyə qaynaqçı avadanlığı və ləvazimatları, 1 ailəyə mebellərin təmiri və üzlənməsi üçün avadanlıq və ləvazimatlar, 2 ailəyə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 2 ailəyə döşəmə hamarlayan dəzgah, 2 ailəyə isə odunkəsən və 1 otbiçən aparat, 1 ailəyə otdoğrayan aqreqat, 1 ailəyə isə inqubator və tüktəmizləyici aparat, 1 ailəyə dərindondurucu verilmişdir. Ümumilikdə, 2021-ci ilin ötən dövrü ərzində 192 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilmişdir. Bununla yanaşı, bu ilin ötən dövrü ərzində 22 şəhid, 11 qazi ailəsinin üzvü, 11 müharibə veteranı özünüməşğulluq proqramına cəlb edilib.
“Zavodlarda, fabriklərdə istehsal prosesləri dayandığından iş yerləri də ixtisar edilmişdir. İndi müəssisələr bu adamların hamısını işlə təmin etmək iqtidarında deyil. Çoxlu adam müəssisələrdə işsiz qalıb”. Böyük xoşbəxtlikdir ki, bu gün artıq sadalanan bu problemlərin hamısı geridə qalıb. ...“Uzun müddətdir, işsizəm”. Bu gün bu ifadəyə Naxçıvanda rast gəlməzsən, belə fikirlər isə, demək olar ki, “arxivləşib”. Əhalinin məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, mütəmadi olaraq keçirilən əmək yarmarkaları bu işə öz töhfəsini verməkdədir. Yaradılan yeni emal və istehsal müəssisələri, mövcud istehsal sahələrinin fəaliyyətinin bərpa edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi məşğulluq problemlərinin həllində mühüm rol oynayıb. Diyarımızın yeraltı sərvətləri, insanların işgüzarlığı bu gün burada çox yaxşı bir mənzərə yaradıb. Bu insanlar və sərvətlər yeni peyda olmayıb, bütün bunlar yüz il bundan öncə də var idi. Hansı ki həmin vaxtlar Vətənimiz və onun ayrılmaz parçası Naxçıvan Sovetlərin ixtiyarında idi.
Əgər əvvəllər muxtar respublikada barmaqla sayılacaq qədər istehsal müəssisəsi var idisə, hazırda bu müəssisələrin sayı yüzlərlədir. Görülən işlər sayəsində muxtar respublikamızda istehsal edilən məhsullar təkcə daxili tələbatı ödəməklə qalmır, xaricə də ixrac olunur. Yeri gəlmişkən, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal edilir. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilir.
Bir məsələni xüsusi vurğulamağa ehtiyac duyuram: vaxtilə işsizlik ucbatından başqa yerlərə köç edən insanlar artıq ruzi-bərəkəti öz torpağında axtarır. Yeni ocaqların təməli atılır. Yurdumuzdakı inkişaf və sabitlik hər kəsi öz doğma elinə- obasına bağlayır. Bu gün hansı kəndə yolumuz düşürsə, oradakı gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri öz kəndində məskunlaşan insanların yaşayışından, xoş güzəranından soraq verir. Diyarımızın təkcə şəhər və rayon mərkəzləri deyil, ucqar dağ kəndləri də söhbət açdığımız yaxın keçmişdə xəyala belə, gəlməyən sürətli inkişaf yolu keçib, gözəl bir məkana çevrilib. Taxılçılığın, tütünçülüyün, meyvə-tərəvəzçiliyin, heyvandarlığın inkişafı istiqamətində qazanılan nailiyyətləri tez-tez həmsöhbət olduğumuz halal zəhmət adamlarının dilindən eşitdikcə torpağın ən sadiq dolanışıq yeri, ruzi-bərəkət ünvanı olduğunu bir daha dərk edirsən. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən fermerlər, torpaq mülkiyyətçiləri, emal müəssisələri daha yüksək nəticələr əldə etmək üçün səylə çalışırlar. Muxtar respublika sakinləri tikinti-quruculuq, abadlıq sahəsindəki işlərdə əllərindən gələn köməkliyi əsirgəmirlər. Bir sözlə, bu münbit torpağın, bərəkətli yurdun övladları bolluq həvəsi ilə çalışır, muxtar respublika iqtisadiyyatının yüksəlişinə töhfələr verir, halal zəhmətləri ilə özlərinin firavan həyatlarını, xoş güzəranlarını təmin edirlər. Aqrar sahədə çalışan insanlara göstərilən dövlət dəstəyi nəticəsində indi yüzlərlə sakin sahibkara çevrilib. Nə gözəl ki keçmişlə bu günün müqayisəsi sevindiricidir, qürurvericidir.
Təbii ki, şahidi olduğumuz bütün xoş mənzərələr heç də asanlıqla əmələ gəlməyib. Qədirbilən naxçıvanlılar ulu öndərin yurdumuza gəlişindən və Ali Məclisin Sədri seçildiyi gündən başlanan inkişaf dövrünü böyük minnətdarlıq hissi ilə gözlər önünə gətirirlər. Çünki həmin tarixdən təməli qoyulan dövlətçilik ənənələri dövlət-xalq, xalq-dövlət birliyi illərdir, öz bəhrəsini verməkdədir. Bu məsələdə zəhməti, əzmkar fəaliyyəti olan muxtar respublika rəhbərinin rolunu xüsusi vurğulamaq lazımdır. Müstəqil Azərbaycan dövlətinin siyasətinin uğurla həyata keçirilməsi, regionda böyük quruculuq proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi, müasir inkişafın təmin edilməsi Ali Məclis Sədrinin çoxillik dövlətçilik təcrübəsinin, böyük əməllə əsl sədaqətin vəhdəti olan yorulmaz fəaliyyətinin real nəticələridir.
Ramiyyə ƏKBƏROVA