Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sentyabr ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının muxtar respublika daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli Qərarında dəyişiklik edilərək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə verilməsi nəzərdə tutulmuş subsidiyanın müddəti 2021-ci il sentyabrın1-dək uzadılmışdır.
Nazirlər Kabinetinin 2021-ci il 17 sentyabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”, “Naxçıvan Muxtar Respublikasında uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”, həmçinin “Naxçıvan Muxtar Respublikasında uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. Sonuncu Qaydalara əsasən uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi Naxçıvan Muxtar Respublikasında istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə Naxçıvan Muxtar Respublikasına idxal olunan mallara tətbiq edilir. Uyğunluq sertifikatı təsərrüfat subyektinin müraciəti əsasında yüksək riskli malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələrinə əsasən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir.
Bununla yanaşı, 2021-ci il 27 sentyabr tarixdə Nazirlər Kabineti “Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Qərar qəbul etmişdir.
Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” və “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara görə şəxslərin müşayiət olunan baqajları və şəxsi əşyaları piyada keçidlərində quraşdırılmış baxış-rentgen texnikasından, özləri isə metal detektorlar və digər texniki nəzarət vasitələrindən istifadə olunmaqla gömrük nəzarətindən keçirilir. Dövlət Sərhəd-Buraxılış Məntəqəsindən keçən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti həyata keçirildikdən sonra onları dövlət sərhədindən buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
Nazirlər Kabinetinin 2021-ci il 30 sentyabr tarixli Qərarı ilə “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının muxtar respublika daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında” Qərarda edilmiş dəyişikliyə əsasən un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi, un istehsalçılarına ödənilməli subsidiyanın məbləği və istehsalçısının marjası müəyyən edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.