Dünən “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə “Gənc nəslin tərbiyəsində, maariflənməsində və mətbuat sahəsində inkişafında “Şərq qapısı” qəzetinin rolu” mövzusunda tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq muxtar respublikamızda gənclərə göstərən diqqət və qayğıdan danışıb. Bildirib ki, fond gənclərin bilik və bacarıqlarının artırılması, onların intellektual inkişafının təmin edilməsi, eyni zamanda milli soykökə bağlı və yeni innovasiyaları yaxşı bilən gənc nəslin yetişdirilməsi, gənclərin könüllük fəaliyyətinə cəlbi istiqamətində bir çox layihələr həyata keçirir və bu istiqamətdə müvafiq təşkilatlarla birgə mühüm işlər görür.
Qeyd olunub ki, muxtar respublika rəhbərinin sərəncamına əsasən 100 illik yubileyi qeyd olunan “Şərq qapısı” qəzeti bir əsr müddətində cəmiyyətin maarifləndirilməsi, eyni zamanda dövlət-gənclər siyasətinin təbliği istiqamətində mühüm rol oynamışdır. Bu gün mətbu orqanın fəaliyyətində gənclərə xüsusi yer ayrılması muxtar respublikada gənclərə göstərilən diqqətin daha bir ifadəsidir. Gənclər Fondu bundan sonra da “Şərq qapısı” qəzeti ilə əməkdaşlığı davam etdirəcək, gənc jurnalistlərin yetişdirilməsi istiqamətində qəzetlə birgə bir çox tədbirlər və layihələr həyata keçirəcəyik. Gənclər Fondunun icraçı direktoru çıxışının sonunda 100 illik münasibətilə qəzetin kollektivini səmimi qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir. İllər ərzində aparılan uğurlu dövlət-gənclər siyasətinin, gənclərin milli ideologiya, milli təfəkkür, müstəqil Azərbaycançılıq ruhunda tərbiyələndirilməsinin nəticəsi idi ki, sentyabrın 27-də ildönümünü qeyd etdiyimiz Vətən müharibəsində tarixi Zəfər qazana bildik. Naxçıvanlı hərbçi gənclərimizin bu qələbədə müstəsna rolunun olması həm də muxtar respublikamızda aparılan gənclər siyasətinin bəhrəsi idi.
Mehriban Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır” fikrini xatırladaraq bildirib ki, bu gün istər Gənclər fondu, istərsə də muxtar respublika mətbuatı bu ideologiyanı əldə rəhbər tutaraq fəaliyyətini davam etdirir.
Gənclərin maariflənməsində, dünyagörüşünün formalaşmasında mətbuatın əhəmiyyətini vurğulayan baş redaktor “Şərq qapısı” qəzetinin nəşri tarixindən danışaraq qəzetin 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” adlı ilə vərəqə şəklində nəşr olunmasının təsadüf olmadığını qeyd edib. Bildirilib ki, qəzet nəşrinin müxtəlif dövrlərində gənclərin yeni tərəqqipərvər ruhla, milli düşüncə və təfəkkürlə mətbuatda etdiyi çıxışlar müstəqil Azərbaycanın inkişafı istiqamətində mühüm təbliğat rolunu oynamışdır. Bu gün də muxtar respublikada gənclər siyasətinini mətbuat vasitəsilə təbliği uğurla davam etdirilir. Gənc jurnalist kadrların təhsili, kamil, mütəşəkkil formada mütəxəssis kimi yetişməsi üçün kifayət qədər əlverişli şərait yaradılıb. Gənc jurnalist kadrların “Şərq qapısı”nda uğurlu yaradıcılıq fəaliyyəti üçün müasir çəraitin yaradılması, gənclərin qəzetlə fəal əməkdaşlığı buna bariz nümunədir. Qəzetdəki “Estafet” rubrikası sırf yaradıcılıq bacarığı olan gənclərimizi təşviq etmək üçün yaradılıb. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub.
Vurğulanıb ki, Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalaması muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısı olmaqla, həm də gənc jurnalistlərin fəaliyyətinə verilən böyük qiymətdir. Baş redaktor mətbuata göstərdiyi yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, muxtar respublikada gənclər bütün sahələrdə ön sıralarda təmsil olunur. Həmçinin kütləvi informasiya vasitələrində gənc qələm sahibləri yetişir. Bütün bunlar muxtar respublikamızda gənclərə göstərilən diqqətin bariz ifadəsi, eyni zamanda ulu öndər Heydər Əliyev ideyalarının diyarımızda uğurla davam etdirilməsinin nəticəsidir. Göstərilən dövlət qayöısı və yaradılan şəraitin nəticəsidir ki, muxtar respublika gəncləri diyarımızın dünyada tanıdılması, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində də gənclər fəallıq göstərirlər. Onlar mətbuat, televiziya, radio ilə əməkdaşlıq etməklə həm böyük praktik təcrübə əldə edir, həm də müasir Naxçıvanın inkişafına töhfələrini verirlər. Yüzillik yubileyinin dövlət səviyyəsində qeyd etdiyimiz “Şərq qapısı” qəzetinin gənc jurnalist əməkdaşları isə yaradıcı fəaliyyəti ilə inkişaf və tərəqqi edən müasir Naxçıvanımızın mətbuat salnaməsinin yaradılmasında xüsusi rola malikdir.
“Şərq qapısı” qəzetinin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərov, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının III kurs tələbəsi, “Şərq qapısı” qəzetinin əməkdaşı Məcid Əkbərov çxışlarında böyük tarixi inkişaf yolu qət edən “Şərq qapısı” qəzeti gənclərin sağlam mənəvi-fiziki tərbiyəsində, vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasındakı xidmətlərindən bəhs ediblər, qəzetin muxtar respublikamızda uğurla reallaşdırılan dövlət-gənclər siyasətinin təbliği kimi mühüm missiyanı uğurla həyata keçirməsindən danışıblar. Çıxış edənlər qazanılan nailiyyətlərdə gənclər üçün yaradılan şəraitin, onların göstərilən qayğının mühüm rolunu vurğulayaraq muxtar respublikamızda gənclər üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Televiziyasının hazırladığı “100 ilin Şərq qapısı” sənədli filmi izlənilib, Gənclər Fondu tərəfindən “Şərq qapısı” qəzetinə təşəkkürnamə, qəzetin fəal gənc əməkdaşlarına isə təşəkkürnamə və pul mükafatları təqdim olunub. “Şərq qapısı” ilə fəal əməkdaşlıq edən gənc jurnalistlər Arif Bayramov və Emil Səmədova qəzetin fəxri fərmanı və hədiyyələr təqdim edilib, digər fəal gənclər də mükafatlandırrılıb.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/32478-zhaendz-naeslin-taerbiyaesindae-maariflaenmaesindae-vae-maetbuat-sahaesindae-inkishaf-nda-shaerzh-zhap-s-zhaezetinin-rolu-moevzusunda-taedbir-kedzhirilib-fotolar.html#sigProGalleria3be175d185
Güntac ŞAHMƏMMƏDLİ