15 Sentyabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Memarlıq və mühəndislik fakültəsinin dekanı, Elektronika və informasiya texnologiyaları kafedrasının professoru Cavanşir Zeynalovun “Robototexnikanın əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan dərs vəsaitinin universitetdə yeni texnoloji, innovativ, beynəlxalq əməkdaşlıq kimi digər sahələrə təsir edəcəyini qeyd edib. Bildirilib ki, dərs vəsaiti əsasında müvafiq elmlər, xüsusilə elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika elmləri səmərəli şəkildə öyrəniləcək. Rektor ölkə universitetləri arasında ilk dəfə nəşr olunan dərs vəsaitinin elmi və təcrübi əhəmiyyətini qeyd edərək müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Nəqliyyat mühəndisliyi və texniki fənlər kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev bildirib ki, 8 fəsil 336 səhifə həcmində olan dərs vəsaitində robotların yaranma tarixi, robototexnikanın əsasları, layihələndirmənin əsasları, robotların hazırlanması üçün alətlər, materiallar və avadanlıqlar, robotexniki konstruksiyaların elementləri, robotun idarə olunması, robotun naviqasiyası, təhsildə ekzotik robotlar haqqında elmi məlumat öz əsksini tapıb.
İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri, Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Əsgərli robototexnika elminin elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika eləcə də radio və elektrik mühəndisliyi kimi fənlərlə sıx bağlı olduğunu dilə gətirib.
Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Heydər Xəlilov qeyd edib ki, əhatəli şəkillərlə zəngin dərs vəsaitində avtonom və yarımavtonom robotların izahı verilməklə, idarəetmənin kabel, infraqırmızı pult, radio, bluetooth, Wi-Fi, mobil telefon vasitəsilə təşəkkül tapan formalarına nəzər salınıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının sektor müdiri Murad Babayev muxtar respublikada STEAM təhsil metodunun tətbiqindən danışıb. Vurğulanıb ki, qısa müddətdə tətbiqinə baxmayaraq, şagirdlər tərəfindən 100-dən çox STEAM və Robototexnika layihələri hazırlanıb və Texnosərgidə nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən yeni nəşr məktəblərdə STEAM dərslərinin yüksək səviyyədə tədrisinə öz müsbət təsirini göstərəcək.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyinin əməkdaşı Gülsüm Əsədova mexatronika və robototexnika sahələrindən danışıb. Sonda müəllif elmə, təhsilə göstərilən qayğıya görə dövlətimizə minnətdar olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR